Gönderi

400 syf.
9/10 puan verdi
·
Beğendi
·
12 günde okudu
Charlotte və Emily'nin görüşü
"Uğultulu Tepeler"i bitirdikdən sonra hər zamankının əksinə, 1 saat dayanıb düşünmədim. Vaxtım yox idi və bitən kimi bu platformada bitdiyini qeyd edib işimə döndüm. Ancaq yenə də əsərin yaşatdığı duyğuları, həmçinin günlərdir qulağımda səslənən o dialoqları sizinlə paylaşmasam, Heathcliff'in vəziyyətinə düşəcəyimdən qorxuram. Brontelər ruhumu əsir aldılar və asan-asan geri vermək də istəmirlər. İndi isə ağlımdakı o səhnəni anlatmağa başlayıram. Səhnəni hər an görmürəm açıqca, amma səsləri durmadan eşidirəm, və sözün düzü, olduqca danışqanlarmış. Olduğu kimi danışacağım üçün spoi ola bilər, bunu nəzərə alıb oxuyun : Budur, qarşımda yamyaşıl bir çəmənlik var. İnsanlardan və onların gətirdiyi hay-küydən təcrid olunmuş, sağdakı ağacdan bir az kənarda axan çaydan gələn su şırıltısının və quşların oxuduğu nəğmələrin xaricində heç bir səsin eşidilmədiyi bir yerdir bura. Tam da Catherine ilə Heathcliff'in sevdiyi kimi. Ya da Jane Eyre mi desəm? Və burada St. John'un ruhunu da görürəm sanki, bu yer onun çox sevdiyi halda qoyub getdiyi vətəninə necə də bənzəyir, deyilmi? Sizə səs-küysüz demişdim, amma unudun bunu. Artıq iki qadının hərarətli danışığını eşidirəm. Emily ilə Charlotte öz əsərlərini qarşılaşdırmağa çalışır, deyəsən. Amma bu heç də sakit keçəcək bir müzakirəyə bənzəmir. "Jane Eyre"in yarısından bir az keçən kimi Emily Charlotte'un obrazlarıyla tənə etməyə başladı : - Ah, heç gülüşümü saxlaya bilmirəm, doğrusu. Amma Mr. Rochester'dəki bu sadəlik, bu bəsitlik haradan gəlir belə? Sən buna nifrət dolu, günahkar xaraktermi deyirsən? Bu adam ikiüzlüdür, asanca yalan danışır, amma yox... Ondakı nifrətin səbəbləri heç də dərin deyildir, onun ruhu Heathcliff'in ruhunun yarısı qədər belə yaralanmayıb. Bu adamın xarakteri Heathcliff qədər möhkəm və dərindən kök salmış olammaz. O qədər asanca sevinə və hiddətlənə bilir ki ! Hekayəsi də özü kimi bəsitdir zatən... Hələ Jane Eyre ! Mükəmməliyyət abidəsi ! Onu bu qədər saf yaratmağın nə üçündür, soruşa bilərəm? Yoxsa sevimli obrazına kin və özündənrazılığı yaraşdıra bilməyib, bunları Blanche İngrammın üstünə atıb da Rochesterin davranışına haqq qazandıraraq vicdanınımı rahatlatdın? Halbuki mənim Catherine'im də, Heathcliff'im də qüsurlarına rəğmən bənzərsizdilər. Heathcliff'ə hər haqq qazandırdıqca o daha nifrətəlayiq bir şey törədir, Catherine isə bütün o yanlış qərarlarıyla insanı usandırdıqca usandırır. O qədər qüsurludurlar ki, onların təxəyyül məhsulu olduğuna belə inanmaq çətindir. Sözün düzü, mən onlara qarşı oxucudan hər hansı bir sevgi gözləmirəm, ancaq onları anlasalar, bu mənə yetər də, artar. Sən isə... Nə yalan deyim, Charlotte, səndən daha dərin obrazlar gözlərdim. Charlotte qarşısındakının bu coşğusunu və iynələyici danışığını zərrə qədər önəmsəmədən, sakitcə gülümsədi və təmkinli bir şəkildə danışmağa başladı : - Doğrusu, Emily, mən də sənin əsərini ilk oxuyanda hər iki Catherine'in ürəyinin bu qədər asanca əldə edilməsini doğru görmədim. Onların heç biri sevdiklərinə mənim Jane Eyre'im kimi dərin bağlarla bağlanmadı, bağlanacaqlarını da düşünmürəm. Catherine Earnshaw'ın Heathcliff'i sevdiyinə sən özün inanırsanmı? Bu eqoist varlıq öz rahatlığı uğruna ruh əkizi adlandırdığı insandan ayrılmağı gözə aldı.. - Orda dur, Charlotte ! Catherine'in Heathcliff'ə sevgisini sorğulatmaram sənə. Bunu sənmi deyirsən? İnancları və öz doğruları uğruna sevdiyini cəhənnəmə tərk edən Jane Eyre'i sən yaratmadınmı? Üstəlik Mr. Rochester özünü ona izah etmiş, günahının olmadığını göstərmişkən... - Jane Eyre Rochester'i tərk etdi, ancaq bunu etməsə, mənim gözümdə duyğularıyla yaşayan, bunun uğruna qürurunu və özünə olan sayğısını dünyəvi hislər uğruna fəda etməkdən çəkinməyən miskin bir varlıqdan fərqi qalmazdı. Nə deyirsən de, Emily, mənim Jane'im güclü və öz ayaqları üzərində dura bilən bir qadındır, daha Catherine Earnshaw kimi maddiyyat uğruna sevgisindən vaz keçmir, ya da Catherine Linton kimi özü üçün yeni bir həyat qurmaqdansa qaynatasının təhqir və basqılarına dözməyi gözə almır. Mənim Jane Eyre'im sandığın kimi qüsursuz deyildir, ancaq onun açıqsözlülüyü, yerində davranışları və insanların hislərinə verdiyi önəmə baxılarsa, tam da mənim yaratmaq istədiyim qadın obrazıdır. Sən hislərinə əsir olmuş və başqa heç kimin duyğularını önəmsəməyən obrazlar yaradarkən, mən özünü ikinci plana qoya bilən və ən əsası da, sandığının əksinə, gerçək ola biləcək obrazlar yaratdım. - Sən görmək istədiklərini yaradırsan, mən gördüklərimi ! Sən var olmayan gerçəkliyi onlara örnək göstərərkən, mən onlara var olan gerçəkliyi olduğu kimi göstərir, onların buradakı yanlışları özlərinin seçməsini istəyirəm. Sanırsan ki, mən Catherine'lərimi tərifləyir, ya da onlara haqq qazandırıram? Əsla, Charlotte ! Zira Hareton Earnshaw mənim qəlbimdə daha məsum, daha pak və daha sevgiyəlayiqdir, nəinki Catherine'lər. Ya Edgar Linton? Onu kiçimsədiyimi sanmırsan hər halda? Təbiət etibarilə cəsarətsiz olsa da, onun mərhəmət duyğusuna və sədaqətinə qətiyyən şübhən olmasın. Ancaq Heathcliff'in yaşadığı duyğular, o duyğulardan törəyən nifrət və intiqam hissi o qədər az hallarda anlaşılır ki... Heç kim anlamır, hamı yarğılayır ! Heathcliff kimi bir insanı yarğılayaraq kimsə onu düzəldə bilməz ki. Ancaq onu anlasalar, onun kimi insanların yaranmasının qarşısını ala bilərlər. Doğrusu, mən də Mrs. Dean kimi, yazdıqca çox düşündüm, Heathcliff'ə bu cür davranılmasaydı, hər şey necə olardı deyə. Sanıram ki, bu qədər mürəkkəb insan olmaz, hər kəs kimi həyatın bəsit sevinclərindən öz payını alardı. Həm, Catherine Earnshaw da düşüncəsizlikləri və qərarsızlıqları ilə bizdən biri deyilmi, Charlotte? Unutma ki, o Edgar Lintonu öz rahatlığı qədər Heathcliff'in rahatlığı uğruna da seçmişdi ; həm fikrimcə, Catherine burada ağlına da söz haqqı vermişdi, Heathcliff'in sevgisinin ona əzabdan başqa heç nə vəd etmədiyini anlamış olsa gərək. - Səni gözəl anlayıram, Emily. Ancaq mənim hekayəmdə gerçəklik tapmamağını anlamış deyiləm. Sən öz əsərində duyğuları ön plana çəkmisən, mənsə insani dəyərləri və azad qadın olmağı. Burada bu qədər qeyri-adi nə var ki? Catherine'lərə qarşı isə heç dözümüm yoxdur, doğrusu. Sənin Catherine Linton'un Hareton'u insan yerinə belə qoymurdu; sözün düzü, bu məqamlar məni çox incitdi və sanıram ki, mən Hareton kimi asanca bağışlaya bilməzdim Catherine'i. Ancaq sən Hareton'u da bütün digər obrazların kimi duyğularını dinləyən biri kimi yaratmısan, məsələn, Heathcliff'ə bu qədər bağlıykən ona olan bağlılığının səbəblərini bir an belə sorğulamır. Fikrimcə, Hareton mükəmməl bir şəkildə nə uğruna döyüşdüyünü bilmədən son damla qanı qalana kimi savaşan əsgərlərdən olardı. Onda bu xarakteri sezdim sanki. Linton'la Catherine arasında münasibətə gəlincə, bu o qədər dayaz bir bağ idi ki, Linton'un bütün o səbrinə rəğmən, Catherine'in ərköyünlüyü bu bağı haradasa qoparacaqdı. Ha, bir də İsabella var əlbət. Heç cür anlaya bilmədiyim o obraz. Heathcliff'lə onun arasında keçənlər çox da arxa planda qalmadımı, səncə? - Amma Charlotte, sən də bilirsən ki, hekayə məhdud çərçivədə danışılarsa, bir çox hadisə pərdə arxasında qalır. Əlbəttə, mən bunları və başqa detalları yazaraq əsəri olduqca genişlədə bilərdim, lakin mən oxucumun böyük ehtimalla qarışmış olan ağlını daha da qarışdırmaq istəməzdim. Yalnız, mənim də səni bağışlamayacağım tək bir şey var, o da St. John'u Hindistanda öldürmən olacaq. St. John kimi güclü bir xarakteri yaradarkən, Mr. Rochester kimi xarakteri Jane'in sevgisinə layiq görmənə təəccüblənirəm, doğrusu. - Demək, Jane'i Rochester'ə layiq görməyəcək qədər önəmsəyirmişsən, Emily? - Əlbəttə, önəmsəyirəm ! Jane'i sevməmək mümkünmü? Sadəcə bir çoxumuzun olmayacağı qədər dürüst və güclü oluşudur canımı sıxan. Bunu çıxsaq, onunla qürur duyduğum zamanlar az deyildir. Nəbadə səni qısqandığımı düşünəsən, Charlotte, belə düşünsən, məni olduqca incitmiş olarsan. Zira yenə əsər yazmalı olsam, yenə o günahkar obrazlarımı yaradar, onları buna sövq edən səbəblərlə bərabər tanımağa çalışardım. - Madam ki, bu etirafını eşitdim (Jane'ə verdiyin dəyəri nəzərdə tuturam), o zaman təəccüblənməyini normal qarşıladığımı da bil, istərdim. Bax, St. John Rochester'dən daha dərin obraz idi, haqlısan. Ancaq Rochester də elə sənin obrazların kimi həyatın girdabına düşmüş, və yenə sənin obrazların kimi istəmədən günahkar bir yola sapmış insandır. Mənsə onu bu bataqlıqdan qurtarmaq istədim, Jane'imi onun harayına yetirdim. St. John'a gəlincə isə, o, güclü xarakterdir, ancaq ona bu güc özlüyündən yox, ilahi sevgidən gəlir. Yəni bu sevgi olmasa, o da bəsit bir insandan fərqsiz qalardı əlbət, necə ki Heathcliff'i dərindən saran nifrət olmasa, Hareton kimi sıradan bir insan olacağı kimi. - Heç belə düşünməmişdim. Olduqca doğrusan bu mövzuda. Zatən mən də hər zaman sənin yaratdığın obrazları dəstəkləmişəmdir. (Gülmə, Charlotte, ciddiyəm. Bu mövzuya bu cür girməyim səni bu cür uzunca danışmağa vadar etməyi sevdiyim üçündür). Hiss olunur ki, aramızda qan bağından da güclü bir şey var, o qədər güclü ki, fərqli mövzuları ələ almağımıza rəğmən, oraya Bronte havası qata bilirik. Ancaq sanıram ki, artıq evə getməsək, qayıdış yolunda yağış havasına yaxalanma ehtimalımız daha çox artacaqdır, həm Anne də bizim yolumuzu gözləməkdədir. - Heç fərqində deyiləm, bu buludlar nə ara bizi dinləməyə başladı? Və yaxşı ki, xatırlatdın, geciksək, Anne narahat qalacaqdır. Doğrusu, onun yazdığı romanı da burada birlikdə müzakirə etməyi çox istərdim. Heyif ki, bu gün gəlmək istəmədi. Amma indi tez yığışsaq, yolboyu bitən bənövşələrdən dərib ona apara bilərik ! Gəl, Emily... İki bacı, əl-ələ tutaraq yaşıllıqlar arasında uzaqlaşarkən arada yerdən əyilib çiçək dərir, bir-birilərinin saçına ilişdirir və getdikcə daha sürətlə əsməyə başlayan küləklə yarışırdılar. Charlotte'un təmkinli davranmasına qarşılıq Emily daha şıltaq, daha həyat dolu və daha çılğındır. Emily'nin Charlotte'dan əvvəl öldüyünə heç inanasım gəlmir, bu səhnəyə baxdıqca. Və onlar uzaqlaşdıqca daha öncə bulanıq şəkildə görünən qaraltılar aydın bir hala gəlməyə başlayır. Bacıların ardınca Heathcliff'lə Catherine'nin ruhu addımlamaqdadır, Heathcliff'in qaşları çatıq deyil, Catherine isə olduqca dinc görünür. Onlardan bir az uzaqda da Jane Eyre Mr. Rochester'in salamat qoluna girmiş halda, çay boyunca gəzməkdədir. Joseph St. John'la dərdləşmək istəyir, ancaq St. John'un onunla danışmaq istədiyini sanmıram. Hindley və Mrs. Dean uşaqlıq illərində oynadıqları oyunu oynamağa çalışırlar, ancaq oynamaqdan çox gülürlər, təbii ki. Hareton'la Catherine isə "Dinle, Küçük Adam" əsərini oxumaqdadırlar, elə mənim də bu andan etibarən oxuyacağım kimi... Brontelər ruhumu əsir aldı, amma bu durumdan məmnunam. Əgər bu yazını oxumadan, sonuna gəldinizsə və yekun rəyimi bilmək istəyirsinizsə - "Uğultulu Tepeler"i oxuyun. Oxusanız, əlbət ki, sevəcəksiniz. Sağ olun, kitabla qalın...
Uğultulu Tepeler
Uğultulu TepelerEmily Brontë · Can Yayınları · 201842,5bin okunma
·
233 görüntüleme
Bu yorum görüntülenemiyor
Tinuviel okurunun profil resmi
Bir neçə abzası gözəyarı oxuduğumu etiraf etməliyəm, çünki spoiler almaq istəmirdim. Amma bacıların dialoqu çox xoş olub. Charlotte'nin dinc, sakit danışığı da, Emily'nin uca tonla, coşğulu danışığı da necəsə qulağımda idi... Fərqli, özünəməxsus rəyin üçün çox təşəkkürlər. Zövq aldım💜
İnci Zadə okurunun profil resmi
Əmin ol ki, 3 gündür, hələ əsər bitmədən, bacıların səsi qulağımdadı. Obrazlar gəlir, gedir, dayanmadan danışırlar. Axırda şizofren olacam, ruhum İnciyə və Brontelərə parçalanacaq, heç nə :d
3 sonraki yanıtı göster
Tinuviel okurunun profil resmi
Və deməyimə ehtiyac var mı bilmirəm amma təbii ki, bu əsəri oxuyacam🌚
İnci Zadə okurunun profil resmi
Oxu və sonra yenə bu şərhə qayıt. Tam oxumamağını anlayıram və amma bir tərəfim də tam oxumanı istəyir😂
5 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.