Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

608 syf.
9/10 puan verdi
·
23 günde okudu
Dinlə bağlı məlumatsızlığım səbəbilə oxumaqdan çəkinsəm də, nəhayət, oxumağa başladım. • Giriş hissədə yazıçı, Din və Tanrı ilə bağlı olan düşüncələrini necə formalaşdırması barədə yazıb. Bunu oxuyan zaman həqiqətən, daha öncə heç bilmədiyim terminlərlə qarşılaşdım, buna görə də, tez-tez dəftərə qeydlər və wikipedia'dan istifadə etdim (bunlar bir az zamanımı aldı). Və içimdə qorxu da yarandı ki, yəqin, kitabda sona qədər bilmədiyim terminlərdən istifadə olunub. Nəysə ki, belə deyilmiş. • Başlanğıcda. Kitabda dinlər yox, adından da məlum olduğu kimi, Tanrı, tanrı fikrinin yaranması, inkişafı, formalaşması, bir tanrının yeni bir tanrı ilə əvəz olunması, çox tanrıçılıq və həmçinin, müxtəlif bölgələrdə müxtəlif tanrılara ibadət edilməsi və s. barədə danışılır. Wilhelm Schmidt'in 1912-ci ildə yayımlanan “ Tanrı İdeyasının Mənşəyi” adlı kitabında qeyd etdiyinə görə, insanlar bir çox tanrıya ibadət etməməmişdən öncə, tək tanrıçılıq mövcud olmuşdur. Zaman keçdikcə isə insanlar müxtəlif tanrılara ibadət etməyə başlamışdır. Eyni zamanda ilk sivilizasiya mərkəzlərindən biri olan Mesopotamiyada yaranan Şümer, Akkad, Assur və Babil dövlətləri və Enuma-Eliş dastanından bəhs edilir. Hansı ki, bu dastanda üç tanrı müqəddəs bir palçıqdan peyda olur. Daha sonra bu tanrıların çoxalması, onların bir-biri ilə mübarizəsi, məşğuliyyətləri barədə danışılır. Ən sonda qalib gələn Günəş Tanrısı Marduk dünyamızı yaradır və mərkəzini və Babil edir. Sonra Kingu adlı bir tanrının qanının torpağa qarışmasından İlk İnsanı yaradır. Bu da onu göstərir ki, əslində, insanla tanrı arasında bir uçurum yoxdur, tanrısallıq insanda mövcuddur. Tək fərq tanrıların ölümsüz olmasıdır. Yazıçı daha sonra Kitab-i Müqəddəs'in ilk beş bölümü ilə bağlı fikirlər bildirir; İbrahim, Yaqub və Musa ilə bağlı yazılanlarla bağlı verilən məlumatları, onların hər üçünün də eyni mi, yoxsa fərqli-fərqli tanrılara mı ibadət etdiklərini müəyyən etməyə çalışır. Daha sonra həmin dövrdə Hindistandakı mövcud vəziyyətə, tanrı və insan münasibətlərinə qısa nəzər salır. Ki, burada görürük ki, bu münasibətlər daha inkişaf etmiş vəziyyətdədir. Mesopotamiya insanların tanrı ilə danışdıqları, tanrının insan sürətində insanlara görünməsi ilə bağlı olan fikirlərə Hindistanda rast gəlinmir. Son olaraq, Platonun ideaları, Aristotelin tanrı ilə bağlı olan fikirlər barədə məlumat verilir. • Tek Tanrı Sadəcə özünə ibadət edilməsi şərtilə, tanrı Yehova Musanın başçılığı ilə İsrailliləri Misirdən çıxarmış və yenidən Fələstin bölgəsinə yerləşmişlərdir. Ancaq İsraillilər pagan tanrılara ibadət edən əhalilər ilə sərhədləndiyi üçün, hər nə qədər Yehova'nın tək tanrıları olacağı sözünü versələr də, yenə müxtəlif tanrılara ibadət etməyə davam etmişlər. Ancaq bu tanrı ilə müqavilənin pozulması demək idi, onlar cəzalandırılacaqdırlar. Şimalda yaşayan on yəhudi qəbiləsi, İ. Ö. 722-ci ildə bölgəni Assurların işğalı nəticəsində assimilyasiyaya uğradı. Eyni zamanda Yehova peyğəmbərlər vasitəsilə insanları özünə ibadət etdirməyə çalışırdı. Müəyyən bir nailiyyətlər əldə edilsə də, yenə də digər tanrılara ibadət mövcud idi. Ancaq zaman keçdikcə bu tanrı mitosları təkmilləşməyə başladı. İkinci İşayanın zamanında artıq insanlar ilk dəfə Yehovanın yaradılışdakı rolu ilə maraqlanmağa başladı və beləcə tək tanrıçılıq yarandı. Bununla bağlı Kitab-i Müqəddəs'də müxtəlif dəyişikliklər və yeniliklər aparıldı. Daha sonra, Yunanların bu bölgələri işğal etməsi ilə yəhudilər bilgi, fəlsəfi baxımından həyatlarına yeniliklər gətirdilər, eyni ilə yunanlar da. Ancaq yunanlara olan münasibətlərində problemlər yaşanmışdır. Roma işğalı zamanında isə romalılar yəhudilərlə normal münasibətdə olmuşdur. Son olaraq isə, müxtəlif məzhəblərin yaranması, yəhudi həyatı və s. barədə məlumatlar verilir. • Putperestlere Bir Işık Şimali Fələstində insanlar arasında bir anda tanınmağa başlayan İsa və Xristianlığın bir din olaraq formalaşması ilə bağlı məlumatlar verilir. İsa'nın həyatı ilə bağlı məlumat çox az verilir, əsasən ölümündən sonra yazılmış olan İncillərdə yazılan müxtəlif fikirlər barədə məlumat verilir. Əziz Pavlus və bəzi insanlar onun “Tanrının Oğlu” olduğunu, bəziləri tanrısal güclərə sahib bir insan olduğunu düşünürdü. İlk olaraq yəhudiliyin bir qolu olduğu bilinsə də, sonradan sinaqoqdan qovulduqları üçün insanlar tərəfindən pis qarşılanmışdır. “Tanrının Oğlu”, Yəhudi tanrısından fərqli bir “tanrı” düşüncəsi ilə bağlı bəzi filosof və yepiskopların bu barədə fikirlərindən bəhs olunur. Yəhudi tanrısı insanlar tərəfindən vəhşi, pis bir tanrı olaraq görüldüyü üçün, insanlar o tanrıya tapmaq istəmirdilər. Həmçinin, Hindistanda Budda'nın ölümündən sonra baş verənlər və bunun İsa ilə əlaqələndirilməsi barədə də danışılır. Bir çox yəhudi və paganlar xristianlığı qəbul edir, bunun əsas səbəbi yəhudilikdə mövcud olan Sünnət və Qanun'lar kimi şeylərin xristianlıqda olmaması idi. Nəhayət, 312-ci ildə Konstantinin xristianlığı qəbul etməsi ilə imperiyanın rəsmi dini olmuşdur. • Teslis: Hristiyan Tanrısı 320-ci illərdə müxtəlif fikir ayrılıqları mövcud idi. Bu fikir ayrılıqları əsas Arius, Aleksandros və Athanasius arasında olsa da, adi xalq arasında da mövcud idi. Bu üç şəxs yeni bir fikir yaratmışdır: Tanrı dünyanı heçlikdən (ex nihilo) yaratmışdır. İsa başlanğıcdan bəri Tanrının yanında idimi? Tanrı İsanı özdən (özü ilə eyni maddədən), yoxsa buna bənzər bir şeydən mi yaratmışdır? Bunun kimi suallar yaranırdı ki, əsas fikir ayrılıqları da bunlar idi. Həmçinin, Tanrıyı anlamaq kimi bir fikir də mövcud idi ki, bəziləri düşünürdü ki, biz tanrını tam olaraq anlaya bilmərik, biz sadəcə onun bizə özünü göstərdiyi (teslis nəzərdə tutulur) qədər anlaya bilərik. Bəs Teslis nədir? Bir çoxumuza tanış olan «“Ata”, “Oğul” və “Müqəddəs Ruh”» üçlüsüdür. Bu Kapadokiyalılar üçün çox önəmli bir şeydir. Çünki Qərb Xristianları bu teslisi sevmədikləri üçün ondan imtina etmək istədilər, Tanrını rasional olaraq qavramaq istəyirdilər, bu da sonralar XIX və XX əsrlərdə «Tanrının Ölümü»nə yol açmışdır. Ancaq teslis, xristiyanlara tanrını insan zəkası ilə qavraya bilməyəcəyimizi xatırladırdı. Teslisi Latın Kilsəsinə tanımlayan isə Augustinus olmuşdur. O öz daxilində tanrını kəşf etdikdən sonra, hər birimizin öz daxilində teslisinin (bilgi, özünü sevmə və sevgi) olduğunu demişdir. Bununla yanaşı, Dionysios (fikirləri) barədə məlumat verilir. • Birlik: İslam'ın Tanrısı Nəhayət, bu bölmədə İslam dininin yaranması barədə danışılır. Amma İslamdan öncə ilə bağlı da məlumat verilir. Ərəbistan yarımadasında Məkkə ticari mərkəzlərdən biri idi. Ümumiyyətlə ərəblər köhnə pagan tanrıları kimi müxtəlif bütlərə ibadət edirdilər, amma onlar, bu bütlərin Yəhudi və Xristian tanrıları olduğunu düşünürdülər, yəni onların tanrısına ibadət etsələr də, bütlərə ehtiyac duyurdular. Burada “mürüvvet” adında bir ideologiya yaratmışdılar ki, bu da bir növ “kan davası” kimi bir şey idi, bunun sayəsində ədalətli bir bərabərlik yaratdıqlarını düşünürdülər. Və ən əsası da, 610-cu ildə Məhəmmədə vəhy gəldi, ilk öncə qorxuya düşsə də, sonradan onun ərəb xalqı üçün seçilmiş peyğəmbər olduğunu anladı. Beləliklə, ona vəhy olunanlar nəticəsində Quran yazıldı. Ancaq Qurandakı surələrdən anladığımız kimi, bu kitab, insanları tək tanrıya ibadət etmək üçün yox, insanların onun yaratdıqlarına görə, ona şükür etmələri üçün göndərilmişdir. İlk öncə, zənginlər istisna olmaqla, bir çox insan yeni dini qəbul etdi, amma bununla yanaşı bütlərə ibadət edənlər də var idi, buna görə də, Məhəmməd bütlərə ibadət etməyi qadağan etdi və indi xristianlar kimi “ateizm”lə günahlandırıldılar. Eyni zamanda, Quranda müsəlmanların əvvəlki dinlərlə olan yaxınlığı da vurğulanır. Məkkədə olan tayfalar səbəbilə Məhəmməd və 70 müsəlman ailələri ilə birlikdə Mədinəyə getdilər. Burada 3 yəhudi tayfası da yaşayırdı. Və bunlardan bəziləri Məhəmmədə düşmən olaraq baxsa da, bəziləri onunla dostluq etmişlərdir. Həmçinin, Məhəmməd onlardan peyğəmbərlərin xroniki ardıcıl sırasını, İbrahim və İsmail ilə bağlı olan hekayəni, həmçinin, yəhudilər və xristianlar arasındakı fərqləri öyrənmişdir. Ancaq Məhəmməd, 624-cü ildə Allahın dini bağımsızlığını elan etdi və yəhudi və xristianlardan fərqli olaraq, müsəlmanlara, Qüdsə yox, Məkkəyə dönərək (qiblə) ibadət etmələrini söylədi. 632-ci ildə Məhəmmədin ölümü və ilk dörd Xəlifədən sonra, artıq siyasal bir ortam yaranmağa başladı, bir müsəlman imperiyası yaranırdı. İslamda bir neçə məzhəb yaranmağa başlamışdı. Bunların da ən başlıcası, Şiə və Sünnü məzhəbləri idi. Daha sonra Oniki İmamlar dövrü var idi ki, burada da sonuncu İmam 939-cu ildə qaçıb gizləndiyi üçün onun bir gün geri qayıdacağına inandılar. Bu da bir “məsihçi” anlayışı idi. • Filozofların Tanrısı. Bu bölmədə adını ən çox eşitdiyimiz Schopenhauer, Nietzsche və s. kimi filosofların fikirləri barədə yox, erkən və klassik orta əsr müsəlman, yəhudi və sonlara yaxın xristian filosoflarının fikirləri barədə danışılır. Bunlara da Farabi, Ebu Ali İbni Sina, Saadya bin Yusuf, Ebu Hamid el-Gazali, İbni Rüşd, İbn Meymun və s. aiddir. Bildiyimiz kimi, qərbdə baş verən yeniliklərin əsas səbəbi şərq idi, yəni Şərqə Xaç Yürüşlərindən sonra qərb onlardan çoxlu şey öyrəndi. Amma buradan öyrəndim ki, əslində, şərq də elə qərb sayəsində müəyyən mövzularda inkişaf etmişdir. İlk müsəlman filosofları qədim yunanlılar sayəsində fikirlərini formalaşdırmışdır, həm yeni elm sahələrini onlardan öyrənmiş, həm də bunları özləri inkişaf etdirmişdir. Daha sonra isə bunlardan xristianlar yararlanmışdır. Maraqlı bir bölmə olsa da, bir az sıxıcı gəldi. • Mistiklerin Tanrısı. Bu bölmədə, digər bölməyə nəzərən daha çox çətinlik çəkdim, digər bölmə ilə təqribən eyni idi, tək fərq, burada mistiklərin fikirlərindən danışılırdı. Ən azından bu bölməni oxumaq üçün müəyyən bir bazaya sahib olsam, daha yaxşı anlayardım. Bununla yanaşı, bu bölmədə çətinlik çəkmə səbəblərim arasında bölmənin sıxıcılığı və məni tətmin etməməsinin olduğunu düşünürəm, çünki, bəzi hissələr olurdu ki, mənə çox maraqlı gəlirdi və aydın şəkildə anlayırdım. Oxuyacaq olanlara 5-ci, yəni İslam'ın Tanrısı bölməsini diqqəqlə oxumaların tövsiyə edirəm, ya da ən azından məzhəblərlə bağlı məlumat sahibi olmaq yararlı olar. • Reformculara Göre Bir Tanrı. Bu bölmədə XV-XVI əsrlərdə baş verən reformasiyalar, reformasiyaçılar və onların etdiklərindən danışılır. Bu zaman Avropa katolik və protestant olaraq iki yerə bölünmüş və bunların mübarizəsi başlamışdır; Səfəvi və Osmanlı, Babur İmperiyaları yaranmış, elə bu zaman da Şiə və Sünnilər arasında düşmənçilik yaranmışdır. Həmçinin, bu zamanlarda İspaniyada olan son müsəlman istehkamları da qərb xristianları tərəfindən tutulmuş, ardından anti-semitizmin avropada güclənməsi ilə yəhudilər İspaniyadan sürgün edilmiş, bəziləri isə məcbur olduqları üçün xristianlığı qəbul etmişdir. Bu yəhudilər üçün dəhşətli bir hadisə idi və elə bunun üçün də Kabbalacılıq yaranıb inkişaf etməyə başlamışdır. Bir növ Kitab-i Müqəddəs kimi bir kitab yazılmış, adı da “Zohar” olmuşdur. Ancaq burada yazılanlar Kitab-i Müqəddəs'dən tamamilə fərqlənirdi. Bu sürgün edilmiş yəhudilərin mənəvi yüksəlmə yaşamasına çox böyük kömək göstərmiş və digər ərazilərdə olan yəhudilər tərəfindən də mənimsənilmişdir. Avropada yaranan Qara Vəba (1348), Konstantinopolun tutulması (1453), Avignon əsarəti insanların Kilsəyə və Tanrıya olan inamlarını azaltmışdır. Xristianlar artıq İsaya daha çox inanırdılar. Martin Luther, Huldreich Zwingli və John Calvin kimi reformasiyaçılar da bir çox dəyişiklik yaratmışdı. Hətta Kalvinizm beynəlxalq bir din olaraq meydana gəlmişdir. XVI əsrin sonlarında artıq “ateizm” sözü istifadə edilməyə başlamışdır. Amma bu, bizim günümüzdəki bildiyimiz ateistlikdən fərqli bir mənaya gəlirdi. Bu, daha öncələr çoxu tərəfindən qarşı mövqe, düşmən tərəf üçün istifadə olunmuşdur. Lucien Febvre, öz kitabında qeyd etmişdir ki, həmin dövrdə Tanrının varlığını inkar etmək çox çətin bir hal idi, çünki din hər yerdə (təhsil, iş və s.) mövcud idi. Eyni zamanda, anqlikan teoloq Richard Hooker, öz əsərində iki cür ateist olduğunu vurğulamışdır: Tanrıya inanmayan kiçik bir qrup və Tanrı yoxmuş kimi yaşayan çox sayda insan. Nikolay Kopernikin Günəşin kainatın mərkəzində olmasını deməsi, daha sonra 1613-cü ildə Qaliley Qalileonun yaratdığı teleskop ilə Kopernikin nəzəriyyəsinin doğruluğunu müəyyən etməsi katolik və protestantlar üçün problem idi. Bu problemin səbəbi Günəşin mərkəzdə olması deyildi, Kitab-i Müqəddəs'də yazılanlarla bunların arasında ziddiyyətlərin mövcud olması idi. Daha sonra isə elmin daha da inkişafı ilə artıq insanlar özlərinə bir dayaq tapdılar və Tanrını inkar etmək artıq geniş bir hal aldı. • Aydınlanma XVI əsrin sona çatması ilə Qərb, texnoloji inkişaf mərhələsinə keçdi, sənayeləşmə Avropanı digər bölgə ölkələrindən irəliyə apardı, elmin inkişafı ilə yeni-yeni sahələr meydana gəlir ki, bunlar bir-biri ilə sıx bağlı olur. İnsanlar, artıq keçmiş adət-ənənələrinə bağlı qalmaq yerinə, əvvəlki biliklərini artırmağa can atırdılar. Çoxalan bilgi nəticəsində, xristianlar, həqiqətlə bağlı ənənəvi fikirlərini yeni dövrə uyğunlaşdırma ehtiyacı duyurdular; Teslis və Diriliş doktrinaları insanları daha çox narahat etməyə başlamışdı. Blaise Pascal, Rene Descartes, Isaac Newton'un din və tanrı ilə bağlı fikirlərindən bəhs olunur, eyni zamanda XVIII əsrdə xristianlar, əldə edilən yeni elmi məlumatları xristianlıqla uyğunlaşdırmağa başladı, artıq Teslis və İsanın tanrısal olması ilə bağlı mənfi fikirlər səsləndirilməyə başladı. John Milton (‘Kayıp Cennet’ kitabı), Voltaire; Avropa yəhudilərindən Baruch Spinoza, Moses Mendelssohn kitabları və fikirləri ilə bağlı danışlır. “Ürək dini” adlandırılan bir dindarlıq inkişaf etməyə başladı. Buna görə, insanlar Tanrını zehinlərində axtarmaq yerinə, ürəklərində axtarmalıdırlar, bu da dinə bir duyğusallıq gətirdi. Daha sonra 1649-cu ildə Kral I Charles'ın edamından sonra inqilabçı məzhəblər - Quakerlar, Levellerlar, Renterlar yaranmışdır. Bunlar da əsas olaraq, İsa, günah və s. üstündə dayanmışdırlar. Daha sonra 1730-cu illərdə Jonathan Edwards'ın “Böyük Oyanış” dini dalğası barədə məlumat verilir. 1666-cı ildə Sabetay Sevinin özünü Yəhudi Məsih adlandırmışdır və bütün dünya yəhudilərinə bu hadisə məlum olmuşdur, sonda türklər tərəfindən həbsə atılsa da, sonradan islamı qəbul etməsi ilə azad edildi. Bunu çox pis qarşılayanlar da olsa, eyni zamanda bunun məsihlik vəzifəsi olduğunu və müsəlmanda olsa, gizlicə sinaqoqda ibadət etdiyini düşünənlər oldu ki, bu səbəbdən Türkiyədə yaşayan bir qrup yəhudi İslamı qəbul edib, gizlicə yəhudi ibadətlərini etməyə davam etmişlər. Jacob Frank adlı birisi də dirilən Tanrı olduğunu demişdir. Daha sonra, İslam dünyasında, Ərəbistanda bsş verən bir reformasiya hərəkatı ilə bağlı məlumat verilir. Avropada isə artıq bir neçə insan qürurla özlərinə “ateist” deməyə başlayırlar və bunların sayı da zaman keçdikcə çoxalır. • Tanrı Öldü mü? Artıq XIX və XX əsrin əvvəllərinə çatdıq. Bölmənin ilk on səhifəsi barədə danışmayacağam, çünki sıxıcı gəldi. Sonrakı səhifələrdə isə daha maraqlı idi, Hegel, Schopenhauer, Søren Kierkegaard, Lüdwig Andreas Feuerbach, Karl Marx Nietzsche, Freud və s. filozofların tanrı ilə bağlı olan fikirləri barədə məlumat verilir. Bunlar barədə daha çox məlumat verilsəydi, daha yaxşı olardı, - deyə düşünürəm. Eyni zamanda, artıq İslam (eyni zamanda Yəhudilər) Qərbin inkişafının fərqinə varır və bununla mübarizə aparmağa çalışır, amma sözsüz ki, Qərbə çata bilməyəcəyinin də fərqində idi. Və elə buna görə də, “yenilikçilər” ortaya çıxır, bunlar (Atatürk, İran şahı Rza Xan və s.), bir çox yeniliklər gətirir. Bu da bir növ artıq dinin arxa plana keçməsi və dövlətin “qərbləşdirilməsi” deməkdir ki, bu da sırf qərblə olan uçurumun ölçüsünü azaltmaq üçün idi. Eyni zamanda, yəhudilərə də nəzər salsaq, bu dövrdə Avropada anti-semitizmin güclənməsi ilə, bir sıra yəhudi bununla mübarizə aparmağa çalışmışdır, amma təəssüf ki, bunun qarşısını almayacaqlarını bilirdilər. Rusiya və Şərqi Avropada baş verən ilk yəhudi zülmlərindən sonra, yəhudilərin bir qismi Fələstinə qayıtdılar və burada İsrail dövləti qurmaq barədə düşündülər, həmçinin sionizm də yaranmışdır. Bölmənin son səhifələri, Almaniyada Auschwitz'də baş verən yəhudi qətliamları barədədir. Gestapo bir uşağı asma qərarı verdikdən və dar ağacından asılıdığı zaman, məhkumlardan birisi “Tanrı haradadır?”, - deyə soruşmuş, daha sonra Nobel Mükafatı verilən Elie Wesiel isə [iç səsi] “O, bu dar ağacından asılıdır”, - demişdir. • Tanrı'nın Bir Geleceği Var mı? Bu bölmə artıq XX əsrin II yarısından bəhs edir. Auschwitz'də yəhudilərin öldürülməsi və insanlığı yox edə biləcək silahların yaradılması, bu yeni düzən əvvəlkindən daha qorxunc görünür. Artıq ateistlərin sayı da çoxalıb. Ateist olmayanlar isə, ya yeni bir tanrı düşüncəsi yaratmağa, ya da mövcud olan tanrının üstündə bir tanrı yararmağa cəhd edirdilər. Tanrının olmaması insanların yararınadır, tanrısız həyat insanlar üçün azadlıq deməkdir. Yenə bu bölmədə də, filosofların fikirləri ilə bağlı məlumat verilir. Məsələn, adını bir neçə dəfə eşitdiyim Əli Şəriəti barədə məlumat əldə etdim; o, qərbləşdirmənin müsəlmanları mədəniyyət köklərinə yadlaşdırdığını düşünmüşdür və şah rejiminə qarşı idi. — Kitabı oxuyub bitirdiyimə görə çox sevinirəm, çünki 2020-cu ildə azərbaycan dilində almışdım, amma oxumamışdım, həm çətinlik çəkərəm, həm də bir az bəhanə edirdim, deyəsən. Kitabı oxumazdan öncə bu mövzu ilə bağlı (məsələn, dini kitablar, mifoloji kitablar və s.) səthi də olsa, məlumatım olsaydı, kitabdakıları daha yaxşı qavraya bilərdim, deyə düşünürəm. Amma ümumən, artıq bu mövzu ilə bağlı müəyyən bir məlumatım oldu.
Tanrı'nın Tarihi
Tanrı'nın TarihiKaren Armstrong · Pegasus Yayınları · 20171,650 okunma
·
2.767 görüntüleme
Türkanə Zeynalova okurunun profil resmi
Omg😂kitabı oxumağıma gərək qalmadı artıq))
Nurlan okurunun profil resmi
608 səhifəlik kitabı, sözsüz ki, bu kiçik incələməyə yerləşdirə bilmərəm. Qeyd etmədiyim çox şey var. :D
Nurlan okurunun profil resmi
Hər bölmə barədə qısaca mənə maraqlı gələnlər və ümumi yazmaq istədim, amma çox uzun olub, deyəsən. :D
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.