Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

208 syf.
10/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
"Möhtəşəm" sözünün kitaba çevrilmiş halı
Bütün insanlığın kitabını seçsək, "Hamlet"i ilk 3 kitabın içinə şübhəsiz qoyaram. Və yaxud da 3 müəllifdən biri mütləq Şekspirdir. Bəs bütün insanlığın simvolu olan Hamlet kimdir? Əsərin mövzusu haqda çox danışmağa dəyməz. Sadəcə 3 açar söz bizə bəs edər: Orta əsrlər, krallar və intiqam. Beyninizdə ilk yaranan fikir "Hamlet"in mövzusudur. Hamlet Danimarka prinsidir və haqqı olan taxta əmisi keçmişdir. Kitab Hamletin kədərdən qəzəbə dönən həyat hekayəsindən bəhs edir. Yazı stilinə gəlsək, əsər dramatik növdə yazılıb. Bu isə oxuma sürətini xeyli asanlaşdırır. Qəliz cümlələrdən uzaq, sadəcə danışıqdan ibarət olan "Hamlet" var qarşımızda. Düzdür, mənzum dram şəklində olmasına baxmayaraq, ortada qafiyə olmadığına görə kitab sizə faciəni ən dolğun şəkildə çatdırmır. Təbii ki, bu bir tərcümədir, burada qafiyə gözləmək olmazdı. Bir tərəfdən baxsaq, əsərin şeir kimi olması oxuma keyfiyyətini aşağı salardı, çünki 200 səhifə şeir bizi öz girdabında batırar bilərdi. Ona görə bu əsərdə qafiyənin olmamasını heç cür irad saymıram. Qaldı əsərin sonuna, daha faciəvi şəkildə yazıla bilərdi. Kitabın axrı bir az ədəbiyyatdan uzaq yazılıb sanki, belə hadisələr çox nadir halda digər sənət nümunələrində baş verir. Əsərə 9 bal verməyimin səbəbi də bu oldu. Bilmirik ki, Hamlet qazandı, ya məğlub oldu? Kitabın sonu da sual şəklində bizə qalır, Şekspirin istədiyi kimi. Bəli, dediyim kimi, özünü insan sayan hər bir şəxsin ən azı bir dəfə mütləq oxumalı olduğu kitabdan danışırıq. Bəs necə oldu ki, Hamlet adlı önəmsiz bir prins bütün insanlığa yararlı oldu? Kitabın içərisindəki fəlsəfə mənim "həzz verici" saydığım fəlsəfə tipidir. Əsər fəlsəfi düşüncələrdən çox fəlsəfi suallardan ibarətdir. Və Şekspir Hamleti bir filosof kimi yox, adi bir insan kimi yaradıb və insanlığa vacib olan sualları Hametin dili ilə bizə çatdırır. Gündəlik həyatın - olumun, ölümün, sevginin, nifrətin fəlsəfəsi hər bir insana lazımlı fikirlərdir ki, birdən-birə əsərdə bu suallarla qarşılaşdıqda və düşündükdə bizə həqiqətən nəsə öyrədir. Hamletin olum və ölüm haqdakı kiçik sualı tarix boyu filosofların olmaq və ölmək haqda elmi-fəlsəfi tədqiqatlarından daha dəyərlidir. Çünki Şekspir bizə həyatın mənasını öyrətməkdənsə, ilk öncə ən lazımlı şeyi - özümüzə sual verməyi öyrədir. Və soruşuruq: "Olum, ya ölüm?". Bu sual Hamleti düşündürür, "Hamlet"i oxuyanlarla birlikdə bütün dünya düşünür. Bu effekti bu mövzuda yazılmış heç bir traktat yarada bilməzdi. Bəs intiqam? Nədir intiqam? Nifrət, kədər, ya qətl? Mənalı, ya tamamilə axmaq? Şekspir heç vaxt öz verdiyi sualın cavabını vermir. O yalnız bizi düşündürür: "Nədir sevgi?", "Nədir əxlaq, nədir vicdan, nədir həyat?". Və öz 200 səhifəlik əsərinə bütün dünyanı sığışdırmağı bacarır və o böyük dünyada həyatımız boyu bu suallara cavab tapmağımızı istəyir. Əsl dahi insanlarsa bir gün bu suallara cavab tapacaq. Dahi demişkən, nədir dahi və dəli? Ağıllı olmaq, ya axmağa çevrilmək? Bir insanın dəliliyi digər insanın dahiliyi ola bilərmi? Və yaxud da özümüzü niyə ağıllı hesab edirik? Bəlkə, elə dəlilərdir dahilər? Bu suallar kitab boyu arxamızca gəlir. Dəlilik və dahilik kimi aralarında sonsuz dərəcədə məsafə olan iki fərqli anlayışın arasında çox incə bir sərhəd var, hansı ki, insanlar üçün həmin sərhəd hər şeydən qorxuncdur. Və Şekspir öz dəhasını ortaya qoyaraq bizi həmin təhlükəli sərhəddə gəzdirir və yenə soruşur: "Olum, ya ölüm? Hansı daha şərəflidir?" Sadəcə tək söz: Möhtəşəm. Hamlet personajına qayıtsaq, hər bir insanın eyniləşdiyi bir personaj olur. Tanıdığım personajlardan heç biri mənə bu qədər yaxın olmamışdı və çox güman ki, heç vaxtda olmayacaq. Əgər bu kitabı hələ oxumamısınzsa, sonrakı kitabınız bu olsun. Həyatınızda sadəcə bir kitab oxumaq istəsəniz, bu mənə görə şübhəsiz "Hamlet" olmalıdır. Və Şekspir yenidən soruşur: "Olum, ya ölüm?". Mənsə cavab verirəm: "Bir gün mütləq cavab tapacağam, ya da heç vaxt tapmayacağam. Çünki bu sual dünyada asan olduğu qədər də qəliz olan tək sualdır."
Hamlet
HamletWilliam Shakespeare · Qanun Nəşriyyatı · 045,3bin okunma
·
131 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.