Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

224 syf.
·
Puan vermedi
·
3 saatte okudu
Kitabın üz qapağı, annotasiyası haqqında fikirlər əsərin bir parçası olaraq görünmür normalda, amma mən yazımı bu barədə olan fikirlərlə başlamaq istəyirəm. Çünki hər əsər bir xəyali dünyadırsa, üz qapağı və annotasiyası da bu dünyaya açılan qapıdır. (Annotasiya demişkən, dünya ədəbiyyatı sevən biri olaraq əsərin Koreya dilindən birbaşa tərcümə edilmiş olmasına çox sevindim) Əlqərəz, üz qapağı və kitabın haqqında olan məlumatı bəyəndim, çünki öz növbəsində həm əsərlə tanış edir, həm də spoiler vermir. Amma əsərin beynimdə canlandırdığı rəngi üz qapağında görmədim: boz-mavi rəng: bozun bulanlığı və mavinin melonxoliyası. Qırmızı şərfə gəldikdə isə əsərin başqa ölkələrdə olan nəşrlərində də qırmızı rənginə yer verilmişdi, bu nəşrin yer verməsi də gözəl detal oldu. Nəhayət, kitabın içinə keçid alırıq.  “Əssalamü əleyküm". Daha əvvəllər kitablar sayəsində xəyali olaraq Parisdə, Londonda, Istanbulda, Bostonda, Kazanda, Ütopiyada, hətta Seulda olmuşdum, amma Çonqcinə ilk dəfə idi ki, “gedirdim”. Əsas qəhrəmanımız, və ya təhkiyəçimiz olan Bari ailənin 7-ci qız övladıdır.(Özü də miyoqquqsuz, bizim üçün belə bir xörəyin varlığı önəmli olmasa da, Koreya mədəniyyətində biri dünyaya uşaq gətirərkən və ad günündə bu şorbanı yeməsi lazımdır) Əslində heyvanlarla danışmaq, ruh aləminə səyahət etmək kimi bacarıqlarının olduğunu biləndə heç də təəccüblü gəlmədi, nəticədə 7-ci idi və 7 bir çox ölkə mədəniyyəylərində (biri elə biz) möcüzəli rəqəm kimi göstərilir. Amma qəbul edək ki, 7-ci olması qız olduğu həqiqətini dəyişmir, xüsusilə qız xəbəri eşitməkdən bezmiş atanı heç sevindirmir. Bari dözmək mənasına gəlir, məhz elə mənasına görə nənəsi özünə bənzətdiyi nəvəsinə bu adı qoyur. Sona kimi qalan da Həqiqət, Yaxşılıq, Gözəllik, Lətafət, Fəzilət, Müdriklik yox, məhz elə Dözüm olur, digər adı ilə desək, Bari. Şahzadə Bari...  Burda nə əsərin məzmunundan, nə də obrazların təhlilindən danışmaq istəmirəm. Ən maraqlı gələn əsərin içindəki detallar, motivlər oldu. Mənə bəzən unutduqlarımı, bəzən isə unutmadıqlarımı xatırladan hissələr.  Maraqlı gələn motivlərdən biri ailə üzvlərinin yavaş-yavaş dağılması oldu. Və bu mənə Steinbeckin “Qəzəb salxımı"nı xatırlatdı, xüsusilə Minin çayı keçməsi; bənzər hadisə “Qəzəb salxımı”nda da var idi.  Başqa bir maraqlı motiv isə məhz ağ yol ilə gedilməsi idi. Sarı, ya da mavi yox, məhz ağ yox. Halbuki Zümrüd şəhərinə gedənlərə sarı yol ilə getmələri tövsiyyə edilmişdi. Amma Bari ağ yolla getməli və ruh çiçəyi olan bəyaz gülü almalı idi. Başqa bir hissədə isə Baridən ölüm səbəblərini öyrənmək istəyən insanlar var idi. Bu mənə nağılları xatırlatdı. Baş qəhrəmana suallar soruşulurdu, baş qəhrəman isə səyahəti boyu bu suallara cavab tapmalı idi. (Məsələn, Andersonun “Üçtelli şeytan”)   Rənglərdən danışmışkən, qırmızı rəngi də unutmaq olmaz: Qırmızı şərflə yanaşı, qırmızı gəmi də vardı. Semantik mənaları çoxdur, bir mənası da diqqəti təcəssüm etməsidir. “Şindlerin siyahısı"ndakı qırmızı paltolu qız kimi məsələn, ya da “Şokolad" filmindəki kimi sönük rəngləri olan qəsəbəyə gəlmiş qadın və balaca qız kimi.  Nağılları xatırladan digər məqam isə dirilik suyu idi. Bu suyu isə aparmaq olmaz. Bəlkə də Əbdül babanın dediyi kimi həyat suyu elə göz yaşlarımız imiş, bizə insan olduğumuzu, hisslərimizin, qəlbimizin varlığını xatırladan göz yaşlarımız. Axı “göz yaşı dünyası sirli aləmdir". Əbdül baba demişkən, adı oxuyanda təəccübləndim, çünki ağlıma gəlməzdi ki, qardaşımın adını hansısa Koreya ədəbiyyatına məxsus romanda görərəm. Əbdül baba obrazı isə düzünü desəm, Carl Jungun arxetip nəzəriyyəsini – qoca arxetipini xatırlatdı: Sakit təbiətli, daima səbir göstərən, bəyaz rəngini xatırladan, suallara təmkinlə cavab verən ağsaqqal. Və ən sevdiyim motiv isə ramazan süfrəsi ilə bağlı səhnələr idi. Ramazanın insanları, xüsusilə ailə üzvlərini yaxınlaşdırdığını düşünürəm. Sevindim ki,heç də bütün müsəlmanların terrorçu olmamağı ilə bağlı hissələr var idi.  Kitabın sonunu sevdim, çünkü bu sadəcə kitabın sonu idi, qəhrəmanların gələcəyini təsəvvür etmək isə öz öhdəmizə düşür. Bir də sevdiyim fikirləri bölüşmək istəyirəm: Elektrik işıqları çoxalıb pul gəldikcə insanlıq ölür. Insanlığın ölməsini söyləyənlər çox oldu, əslində bu fikirdə də qəribə, yad nəsə yox idi. Əksinə fikrin doğma olması isə həyatımızda hər an qarşılaşdığımız hadisə olması ilə əlaqədar idi. Axı heç də bütün insanlar müharibə görməyib, yaşamayıb, amma işıq pulunun çekini çoxumuz görmüşük. Müharibə demişkən, İnsanlar atəşfəşanlığa tamaşa edirmiş kimi müharibə səhnələrinə baxırdılar; Müharibədə qələbə qazanan yoxdur. Dünyada ədalət həmişə birtərəflidir. Kimi cümlələr var idi. Xüsusilə ilk cümlə o qədər doğru idi ki. Sadəcə müharibəni yaşamış insanlar onun dəhşətlərini (mübaliğə etmirəm) bilir, görür, hiss edir. Müharibə görməmiş biri üçün baxdığı filmdəki, verilişdəki silah səsi sadəcə əvvəllər  eşitmədiyi səsdir. Amma müharibələr olur, ailələr dağılır, evlər yox olur, məzarlar çoxalır. (Nəysə, keçim növbəti fikrə, yoxsa bu melonxoliya əhval-ruhiyyəmi mavi rəngə boyayacaq. Son paylaşmaq istədiyim fikir isə “Nifrət məhz insanın yaratdığı cəhənnəmdir”dir. Bu fikir “Cəhənnəm başqalarıdır" (Sartre) fikrini xatırlatdı. Biz insanlar sanki ölümlər yoxmuşcasına insanlara nifrət edərək öz cəhənnəmimizi yaradırıq. Başqalarına duyduğumuz nifrət bizim cəhənnəmimizə çevrilir. Kitabda da deyildiyi kimi cəhənnəm bu dünyadadır.  Amma unutmuruq, hekayənin sonunda Əli də, Bari də ağlayırdı; deməli dirilik suyuna çatmaq üçün insan olmaq, empatiya qurmaq nələrisə dəyişdirə bilər. Ən azı bir fərd kimi özümüz üçün. Yaşayarıq, görərik.
Prenses Bari
Prenses BariHwang Sok-Yong · Doğan Kitap · 2017307 okunma
·
291 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.