Baş qəhrəmanımız Mark məhəbbətin 3 il yaşadığını deyir, bunun səbəbi isə onun sevgisinin 3 ildən artıq çəkməməsidir. Gözəlliyinə aşiq olaraq evləndiyi Anna ilə 3 il sonra boşanırlar, o başqa bir qadına -Alisaya vurulur. Onu da qeyd edim ki, Alisa evlidir və Markla gizli görüşür. Mark Alisanı nə qədər sevsə də əmindir ki, 3 il sonra ona olan məhəbbəti də bitəcək və həmişə bu qorxu ilə yaşayır.
Çox əzab-əziyyətlərdən sonra Alisa ilə qovuşurlar. İlk evliliyində isə Anna ilə heç bir çətinliyə düçar olmadan evlənən Mark belə bir qənaətə gəlir : "Mən əsas şeyi bildim- xoşbəxt olmaq üçün dəhşətli bədbəxtçilik vəziyyətini yaşayıb keçməlisən. Əgər dərd məktəbini keçməsən, xoşbəxtlik möhkəm ola bilməz." Əvvəl insanlar bir birini ehtirasla, sonra incə və dostcasına sevirlər, və nəhayət, bir-birinə darıxdırıcı olurlar- romanın əvvəlində bu fikirdə olan Mark sonda əmin olur ki, bu dayaz sevgilərə aiddir, həqiqi məhəbbət üçün nəinki üç il, bir ömür bəs etməz.