Adətən, kitabların görünüşünə önəm verməsəm də, bu kitabın üzü və adı mənim diqqətimi çox çəkmişdi. Almazdan əvvəl müəllif haqqında bir qədər araştırma etdim və nə qədər təsirli bir həyatı olduğunu gördüm. "Belə təsirli həyatı olan bir şəxs, mütləq ki, kitabında da bunu hiss etdirəcək" deyə düşünüb almışdım kitabı. Yanılmadım da.
Kitab bir qədər avtobioqrafik xarakter daşıyır. Baş rol obrazımız müharibənin ortasında ona verilən vacib əmri yerinə yetirmək yerinə müharibənin ən kritik anında olduğu yeri tərk edir (Ferdinand Celine real həyatda özü də müharibə zamanında tez-tez oranı tərk etməyi və ya qaçmağı düşünüb. Yaralandıqdan sonra həkimlik və yazarlıqla məşğul olub və bunu kitabda da göstərib). Müharibənin olmadığı bir yerə getmək, düşüncələrindən qaçmaq və xoşbəxtliyi tapmaq üçün daimi bir axtarışa çıxır. Ferdinandın müharibə haqqında düşüncələri, davranışları, sevdiyi qadınlarla olan dialoqları, getdiyi yerlərdə insanların ona qarşı düşüncələri, bir sözlə, mükəmməl göstərilib. Əsas da, Lola obrazı ilə Ferdinand arasında olan dialoqları kitabı oxuduğum müddət ərzində əvvəlki səhifələrə qayıdıb dəfələrlə oxumuşdum.
Çox az tanınan və mağazalarda çox az qarşıma çıxan bir kitabdır. Müharibə mövzusunda kitablara, fəlsəfəyə, psixoloji düşüncələrə marağınız varsa, şiddətlə tövsiyə edirəm.
"Ruhumu başımdan atıp kurtulmayı denemek istiyorum..."