Bu ildən özümə kiçik bir hədəf qoymuşdum: elmi-psixoloji kitabları daha çox oxumaq. Sevindirici haldır ki, bunu yavaş-yavaş həyata keçirə bilirəm. Oxuduğum kitablardan biri də Viktor Emil Frankl “İnsanın məna axtarışı” kitabıdır.
Bu kitabı oxumağa qərar verməyimin əsas səbəbi müəllifin həyatında yaşadığı ağır sınaqlar və bütün bunlara baxmayaraq necə mübarizə aparması idi. O, həyatında baş verən böyük çətinliklərə baxmayaraq minlərlə insanı intihardan xilas etmiş, onlara yaşamağın və həyatın mənasını tapmağın mümkün olduğunu göstərmişdir. Elə buna görə də düşündüm ki, niyə bu dəyərli psixoloqun kitabları ilə tanış olmayım?
Beləliklə, onun ilk kitabı ilə tanış oldum. Və yaxşı ki, oxudum.
Hər bir insan müəyyən bir yaşa çatdıqda özünə bu sualları verir: Mən niyə yaşayıram? Həyatımın mənası nədir? Həyat yaşamağa dəyərmi?
Bu kitabı oxuduqca insan sanki bu suallara cavab tapmağa başlayır və artıq əvvəlki kimi düşünmür. İnsan həyatdan və ya başqalarından nəsə gözləmək əvəzinə, həyatının mənasını özü tapmağa çalışır və bunun üçün yaşamağa, bir növ yenidən canlanmağa başlayır.
Müəllif həyatın mənasını axtarmağın vacibliyini öz həyat təcrübəsi və Auşvitz düşərgəsində yaşadığı ağır hadisələr üzərindən izah edir. Bu fikri ifadə etmək üçün isə o, tez-tez bu məşhur sitata müraciət edir:
"Yaşamaq üçün bir səbəbi olan insan istənilən “necə”yə dözə bilər."