O qədər qısqanıram ki, gələrəm tək yuxuna,
Gələrəm yarı xəyalən, yarı gerçək yuxuna.
Yağış olsam, qara hicran buludundan süzülüb
Hey yağardım gecədən ta səhərədək yuxuna.
Sarı qu quşlarının şəhbəri üstündə gəlib,
Qonaram qəmli, qərib, qorxulu, titrək yuxuna.
Nurum Allahı sevir, sənsə eşit mən deyəni,
Qoyma şeytansifət əğyarı mübarək yuxuna.
Yum gözün, ən son ümidnən uyusun sonsuz ümid,
Bəlkə bir körpə mələk gəldi sevincək yuxuna.