Sən hər gecə göylərdə gümüş ay kimi parla,
Mən şöləsi titrək çırağ olsam, nəyi pisdi?
Sən incə zərif duyğuların məskəni Cənnət,
Mən orda xəyalən qonağ olsam, nəyi pisdi?
Sən bir kitab ol, zövqü olanlar oxusunlar,
Mən rəngi saralmış varağ olsam, nəyi pisdi?
Sən nur ələyən hər yana büllur saray ikən,
Mən torpağa yatmış otağ olsam, nəyi pisdi?
Sən çay kimi ax, bəndləri sındır yolun üstə,
Mən sadə və səssiz bulağ olsam, nəyi pisdi?
Sən ruhunu azad elə zülmət qaralığdan,
Mən yarı qara , yarı ağ olsam, nəyi pisdi?
Sən zirvəyə yüksəl ki, əlin göylərə çatsın...
Mən də sənə hərdən dayağ olsam, nəyi pisdi?