Həyat yoldaşımın bu fikri ilə əsla razı deyildim. Mənə görə, insanın zahiri və daxili gözəlliyi həmişə vəhdətdə olur. Heç ola bilməz ki, Tanrı sevdiyi bəndəsinə bunlardan birini verərək digərini əsirgəsin. Əlbəttə, bir çoxlarının nəzərində qənirsiz gözəl sayılan elə qadınlar var ki, daxilən ifritədirlər. Amma, əslində, o qadınların zahiri heç də, sözün əsl mənasında, gözəl olmur. Onları bizə gözəl kimi göstərən içlərində yuva qurmuş şeytandır. İnsan simasını oxumağı bacaranlar elələrinin üzünə diqqətlə baxsalar, orada gizlənmiş şeytan cizgilərini mütləq görə bilərlər. O cizgilərin olduğu bir simaya isə gözəl demək naşılıqdan başqa bir şey deyil.
Həmin an düşündüm ki, görəsən, nəyə görə həmişə pulu olmayan puldan, qeyrəti olmayan qeyrətdən, kişiliyi olmayan kişilikdən danışır?
Bununla əskikliklərini , nöqsanlarını ört-basdır etmək istəyirlər? Kimin nəzərində? Ətraflarındakı insanların, yoxsa elə özlərinin?..