Zarafat bir yana, Raul Razorbak qalaq-qalaq kitab oxumuşdu. Məni də mütaliəyə o həvəsləndirmiş, onun təbirincə desək, "cansıxıcı olmayan" yazıçılarla tanış etmişdi: Rable, Edqar Allen Po, Luis Kerroll, Herbert Uells, Jül Vern, Ayzek Azimov, Frank Herbert, Filip K. Dik.
- "Cansıxıcı olmayan" yazıçı çox azdır, – Raul izah edirdi. - Yazıçıların əksəriyyəti elə bilir ki, nə qədər anlaşılmaz, dolaşıq cümlələrlə yazsalar, bir o qədər ağılı görünəcəklər. Ona görə də bir cümləni iyirmi sətir uzadırlar. Sonra ədəbi mükafatlara layiq görülürlər, sonra isə insanlar onların kitablarını qonaq otağına bəzək kimi alırlar, qonaqlarını inandırmaq istəyirlər ki, biz kitab oxumağa qadirik. Kitab da kitab ola. Hətta içində heç nə baş verməyən kitablar vərəqləmişəm. Qətiyyən heç nə. Birisi gəlir, gözəl bir qadın görür, ona girişməyə başlayır. Qadın ona deyir ki, onunla yatıb-yatmayacağını hələ dəqiq bilmir. Səkkiz yüz səhifədən sonra, nəhayət, qərara gəlir və qətiyyətlə yox deyir.
- Bir kitabda heç nə baş vermirsə, onu niyə yazırlar? - ondan soruşdum..