Bütün böyük sevgilərin sonucunun ayrılıq olmasına əminəm. Və eləcə də özlüyümdə belə bir əminlik yaratmışam ki, bütün böyük sevgilərin ömrü yeddi andan ibarət olur.
Birinci anda hiss edirsən ki, daha əvvəlki deyilsən, tamam başqalaşmısan.İçinə qəribə, fərqli hislər dolub.
İkinci an qovuşma anıdır.Sevgi dolu görüşlər başlayır.Sevgi badəsini udum-udum içirsiniz. Hədsiz xoşbəxtsiniz.
Üçüncü anda qorxun reallaşır.Bir ürəkdə birləşmiş iki sevəni bir-birindən qoparmaq üçün özündə min cür səbəb gəzdirən ayrılıq bu səbəblərdən hansısa birini ortaya atır.
Dördüncü an daha qismətinin göz yaşları, hədsiz kədər, qəm-qüssə olmasını təsdiqləyən andır. Ətraf adamlarla dolu olduğu halda tənhalaşırsan.
Beşinci anda onsuz yaşamağının qeyri-mümkünlüyü etiraf edə biləcəyin ən ali həqiqətə çevrilir. Hələ də ümidlisən ki, hicranın ardınca vüsal gələcək, yenidən qovuşacaqsınız.
Altıncı an gedəni qaytarmağın mümkünsüzlüyünün bir təsdiq anına çevrilir.
Yeddinci, sonuncu anda isə artıq ayrılığın ikinci mərhələsini - əbədi ayrılığı yaşamağa başlayırsan. Sənə hakim kəsilən sıxıntıdan qopmaq, əzabdan qurtulmaq üçün yalnız və yalnız onun xatirələrindən qurtulmağı arzulayırsan.