Bu villada, bu insanların arasında heç kəs Mələyi düşünmür. Heç kəs onun möcüzə olduğunu anlamır, heç kəs ondan o dünya, Allah, axirət, ulduzlar haqda öyrənmək istəmirdi. Bu təbəqənin insanları çoxdan Allahlarını vicdanları ilə bir qəbirdə basdırmışdı.
Axı biz sevgi ilə qidalanırıq, pul və hakimiyət ilə deyil. Bax ona görə onlar bizi heç vaxt anlamayacaq və sevməyəcək. Axı onlar bizə yox bizim azadlığımıza nifrət edir. Onlar bizim özümüzə yox, onlara olan sevgimizə nifrət edir.
İnsanlar artıq Allahdan qorxmur və müsəlmanlar artıq oxuduqları Fatihəni də anlamırdılar. Bu surədə "Allah yalnız səndən qorxur və yalnız sənə itaət edirik" ayəsi var. Amma bunu anlayan bir dənə də olsun müsəlman görməmişdim. Axı onlar Allahdan daha qüdrətli bildikləri polislərdən, məmurlardan qorxur və hər dəfə məscidin qapısının ağzını kəsib rüşvət istəyən mollabaşılara itaət edirdilər. Mənə yardımçı ola bilməyən, mələklərə və Allaha inanan, amma əsl mələyi gördüyümü eşidəndə qaqqıltı ilə gülən bu insandan mənə kömək dəyə bilməzdi.
Az-maz insanlar seçmək olurdu artıq. Amma mənim beynimdəki, içimdəki duman getdikcə daha da dərinləşir, qatılaşır və mən suallarımın içində boğulurdum. Axı kimdən? Bu zəmanədə kimdən kömək istəyəsən? Bu Azərbaycanda kimdən tələb edəsən hüquqlarını?