Kral soruşdu ki, dövlət əlavə vəsaitləri haradan alır və borcları ödəmək üçün pulu haradan tapır. O, mənim ardı-arası kəsilməyən və çox baha başa gələn müharibələr haqqındakı sözlərimi dinləyərkən heyrətə düşmüşdü. O, yəqin etmişdi ki, ya biz özümüz çox dalaşqan xalqıq, ya da dövrəmizdəki qonşular pis adamlardır. O qeyd etdi ki, yəqin bizim generallar krallardan dövlətlidirlər. Kral soruşdu ki, bizim sahillərimizi donanmanın köməyi ilə qorumaqdan başqa nə işimiz ola bilər? Bizim - azad bir xalqın - sülh zamanında məvaciblə saxlanan müntəzəm orduya ehtiyacı olmasına o, xüsusilə təəccüb edirdi. Kral heyrətlə soruşdu ki, əgər siz özünüzü idarə edirsinizsə, onda sizin kimdən qorxunuz ola bilər və kiminlə müharibə etməlisiniz. Kral məndən soruşdu ki, məgər ev sahibi uşaqları və öz ev adamları ilə birlikdə evini, təsadüfən küçədən tutulmuş nadürüst adamlardan daha pismi qoruya bilər?
Ölkəmizin son yüz il içərisindəki tarixi haqqında verdiyim qısa məlumat kralı son dərəcə heyrətləndirdi. Söylədi ki, onun fikrinə görə, bu tarix acgözlük, riyakarlıq, xəyanət, amansızlıq, quduzluq, azğınlıq, nifrət, həsəd, kin və şöhrətpərəstlikdən doğan yığın-yığın sui-qəsdlər, şuluqluqlar, qətllər və dava-dalaşdan başqa bir şey deyildir.