Məsələ yaşamaqdadır, bir də… ölümdə. Hə, yaşayırdım, budur, ömür keçib gedir və mən onu heç cür yolundan saxlaya bilmirəm. Özümü niyə aldatdım axı? Öləcəyimi özümdən başqa hamı bilir. Məsələ həftələrdə, günlərdədir. Bəlkə də, elə bu saat öləcəm. Əvvəl işıqlı dünyadaydım, indi qaranlıqlar aləminə çəkiləcəm. Əvvəl burdaydım, indi orda olacam. Harda?” Canını bir soyuqluq bürüdü, nəfəsi kəsildi. Qulağına ancaq ürəyinin döyüntüsü gəldi.
Mən olmasam, guya nəsə baş verəcək? Heç nə olmayacaq. Baş gedəndən sonra, məkanın hara olacağı? Doğrudanmı, bu, ölümdür? Yox, istəmirəm…”
O, yerindən sıçrayıb şamı yandırmaq istədi. Titrəyən əlləriylə şamı axtardı, onu şamdan qarışıq yerə saldı, yenidən geri yatağa sərələndi. Gözlərini qaranlığa dikərək öz-özünə pıçıldayırdı: “Nə mənası… Onsuz da bu, ölümdür. Hə, ölüm. Bax, o biri otaqdakıların heç birini bilmir, bilmək də istəmirəm, heç vecinə də deyil onların… Oxuyub-oynayırlar özləri üçün. (O, bağlı qapının o üzündən davamlı olaraq hay-küy, mahnıların zorla ifa edilən nəqarətlərini eşidirdi). Vecimə də deyil. Amma onlar da öləcək. Axmaqlar. Məndən sonra əvvəl-axır onlar da öləcək. Amma dünya vecinə deyil, sevinirlər. Heyvanlar!” Hirsindən boğuldu. Əzab içindəydi, dözülməz haldaydı artıq. Ancaq bu dəhşətli qorxunu hamının həmişə yaşaması mümkün olan şey deyil. O, ayağa durdu.