Nə olar, gəl, məni özünlə apar,
Axı mən tənhayam uzaqda sənsiz.
Gəl, məni kədərin əlindən qopar,
Solur yarpaqlarım sazaqda sənsiz.
Mən bahar görmədim bu cavan yaşda,
Şaxtalı, boranlı qışa dönmüşəm.
Ən gözəl məhəbbət yaşanan çağda,
Həsrətdən ürəyi daşa dönmüşəm.
Ədalət budurmu fani cahanda,
Mən necə küsməyim açan səhərdən?
Hardasa sevgidən söz açılanda,
Küsürəm, gözlərim dolur qəhərdən...
Mən ki öz sevgimi gizləmədim ki,
Məgər görmürsənmi, bitirəm sənsiz?
Mən səni sevərkən istəmədim ki,
Ömrümü, günümü itirəm sənsiz!
Bir ümid bəslədim, dirəndim, dözdüm
Bəlkə bu günümü görərsən deyə.
Sənə məktubları şeirlə yazdım,
Bəlkə oxuyarsan, gələrsən deyə