Düşmüşdüm dünyaya bəxt arayırdım
Səni görməyimdən incimədin ki?
Sənsiz bu dünyada bir belə, yarım,
Ömür sürməyimdən incimədin ki?
Öpdüm,nəfəsimdə mehdən incidin,
Ləçək dodağımda şehdən incidin,
Qəlbimdə dillənən neydən incidin,
Səni sevməyimdən incimədin ki?
Bilmirəm, küsürsən mənim nəyimdən?
Bihuşam ərkindən,naz etməyindən,
Sənə ulduzlardan,dağ çiçəyindən
Çələng hörməyimdən incimədin ki?
Özüm də bilmirəm,gəzirəm nəyi,
Əlimin telinə müşkül yetməyi,
Sənə öz ömrümü qurban etməyi
Rəva bilməyimdən incimədin ki?
Əgər ölməliyəm, gəl məni öldür!
Deyib-gülməliyəm, qəlbimi güldür,
Bütün savaşların sonluğu sülhdür!
Qalib gəlməyimdən incimədin ki?...
Vahid Əziz