Hər bir ağrını hiss etməmək olar. Mark Avreli deyib ki, “ağrı - ağrı haqqında canlı bir təsəvvürdür. Bu təsəvvürü dəyişmək üçün iradənə güc ver, onu kənara at, şikayət eləmə ağrı öz-özünə yox olar". Bu, doğru fikirdir. Filosof və ya sadəcə təfəkkürlü, zəkalı bir adam məhz bununla fərqlənir ki, iztiraba həqarətlə baxır. O, həmişə razıdır və heç bir şeyə heyrət etmir.
"Ah, nə üçün insan ölməz deyil! - deyə o düşünürdü, - Əgər hər şey torpağa gömülməyə məhkum isə və nəhayət, Yer kürəsinin qabığı ilə bərabər soyuyacaqsa, sonra da milyonlarla il mənasız və məqsədsiz bir halda günəşin ətrafına dolanacaqsa - əcəba, beyin mərkəzləri və qırışıqları, görmə, danışma qabiliyyəti, xüsusi hisslər, düha nə üçünmüş?
Həbsxanada ümumi bədbəxtliklə bir-birinə bağlı olan adamlar bir yerə toplanarkən özlərini yüngül hiss etdikləri kimi, həyatda da analizə və ümumiləşdirməyə nail olan adamlar bir yerə toplanıb, vaxtlarını məğrur və azad ideya mübadiləsi ilə keçirdikdə, tələdə olduğunu hiss etmirsən. Ağıl bu mənada əvəzedilməz bir zövqdür.