Müdriklər demiş, doğru yol heç vaxt düz yol deyil, kələ-kötürdür, çala-çuxurdur, ziqzaqlıdır.
Şeyx Bəhayi də eynən buna işarə edirdi: "Qaşın düzlüyü onun əyriliyindədir". Qayda belədir. Hamar yoldan doğru yol çıxmaz! Yolunuz şüşə kimidirsə, doğruluğundan şübhələnin.
Şair deyir:
Silindi səndən özgə hər nə varsa, qəlbi-lövhimdən
Sənin hicrində, ey Şəmim, düşüb zülmatə, zarəm mən.
...Şamı şəm edən adamdın sən, əziz Hacı!
İndi bildin niyə tüstün təpəndən çıxırdı? İndi bildin niyə canın yanırdı? İndi bildin niyə günü-gündən əriyirdin?
Çünki sən Allahın şəmiydin!
Xoş halına, bəradər!
Soruşsaydınız ki, Hacı can, sizdə ən ikrah doğuracaq mənzərə hansıdır? Çox yəqin, belə cavab verərdi:
"Mənəviyyat iddiasında olan adamların dünya dalınca qaçması!"