Bu gün Celal Şengör və İlber Ortaylının ortaq çıxış etdiyi 1 saat yarımlıq videonu sıxılmadan izlədim.
Demək olar ki, bu 2 türk ziyalının bütün əsərlərini oxumuş, onlardan çox şeylər öyrənmişəm. Ən bəyəndiyim fikirlərindən biri isə burjuaziyanın cəmiyyətin siyasi, sosial, mədəni həyatında vacib rolu haqdadır. “Maarifçilik hərəkatı” belə tarixən onların layihəsidir. Çünkü burjua ixtisaslı işçi qüvvəsinə olan ehtiyacı ödəmək üçün kasıb insanları təhsilli, maarifçi şəxsiyyətlərə çevirməyə başladı. Sosial mövqeyindən asılı olmayaraq, hərəkatın arxasında duran əsas məqsəd də sırf ağlın bütləşdirilməsi idi. XX əsr Azərbaycanın elit təbəqəsinə- seçilmişlərə baxsaq görərik ki, çoxu cəmiyyətin elmi və mədəni savadlılığını artırmaq qayəsində olublar. (Həsən bəy Zərdabi, Ü.Hacıbəyov, M.Hacınski,N.Yusifbəyli, S.M.Əfəndiyev və s.) Onların fəaliyyətinin əsasında məhz bilik və mədəniyyətin xalqa ötürülməsi, yayılması dayanıb. Buna görə də elit təbəqənin toplumda yeri və rolu çox yüksəkdir. Onlar cəmiyyət daxilində imtiyazlı statusa malik, həlledici nəzarət gücünə sahib, ən yaxşı yerlədə oxuyan, bir çox dil bilən, toplumda sağlam yer tutan, ətrafı geniş, dünyaya çıxışı asan olan insanlardır. İnkişaf etmiş dövlətlərdə vətəndaş cəmiyyətlərinin elitanın məqsədlərinin milli məqsədlərə uyğunlaşdırılmasından necə faydalandığını aydın görmək olur. Həmin seçilmişlər xalqı ayaqda saxlayan, inkişafına və irəliləməsinə, dünyaya inteqrasiyasına yol açanlardır. Onların xalqdan uzaq qaçmaması önəmlidir.