Haqverdiyevin əsərlərinin birində qaba, anlayışsız, cahil adama "ay kitabsız" deyə xitab edilir. Bu xitab uzun müddət "cahil"ə alternativ kimi işlənib dilimizdə, elə indi də bəzən işlədirik. Çox əla sözdür.. Kitabsız.. Şübhəsiz ki, kitabsız insan ən yoxsul insan, kitabsız cəmiyyət ən geridəqalmış cəmiyyətdir.
Kitab oxumayan cəmiyyətlərə baxın, orada balaca insanların kölgələri böyükdür, çoxluq o balaca insanlara kor-koranə itaət edir, balacalığının fərqinə varmadan, onları sorğulamayaraq boyun əyir.. Amma o cəmiyyət özünü ən mütərəqqi, ən elit cəmiyyət hesab edir, düşdüyü bataqlığın fərqinə varmadan..
Kitabsız cəmiyyət həmişə düşmən axtarışındadır, çünki varlıqları bundan asılıdır, özlərini sübut etmək üçün başqa vasitələri yoxdur.
Bu insan topluluğunun gündəmini də özü kimi kitabsız fərdlər çox bəsit, banal və bayağı davranışla dəyişə bilər. Çox kövrək olur bu cəmiyyətlər. Ani və tutarlı zərbədən yerlə bir olacaq qədər..
Kitabsız insan da həmçinin. Onlar həmişə hər şeyi bilirlər, bütün normativləri onların düşüncələri müəyyən edir. Fərqli fikir onların ən böyük düşmənidir.
Ən təhlükəli insan da kitabsız insandır. Unutmamaq lazımdır ki, əvvəldə bəhs edilən toplumlar bu insanlardan formalaşır. Kitabsız insandan mümkün olduğu qədər uzağa qaçın..
Onlarla təmas sizin sağlamlığınıza ziyandır