Bu millətin əli mələk qanına batıb, bu millətə bağışlanma olacaqmı, deyə düşünür və özümə yer tapa bilmirəm. Artıq neçə aydır ki, bu skamyadan ayrılmıram. Hara gedim, niyə gedim? Mən qatillərin arasındaymışam. Mələyin azadlığını istəyən, varlılara nifrət eləyən bu kasıblar özləri varlılardan qat-qat vəhşi imiş sən demə. Sən demə, məsələ nə pulda, nə hakimiyyətdə imiş. Sən demə, məsələ insanların içində imiş. Bu azərbaycan xalqının öz daxilində, öz mənəviyyatında imiş bütün çirk və saxtakarlıq. Mən necə də uzun illər hakimiyyəti günahlandırmışam, uzun illər erməniləri, ya rusları, ya amerikalıları günahlandırırmışam öz içimdə. Amma bircə dəfə də ətrafıma boylanıb xalqa, millətə baxmamışam. Bu ki, əsl qatil millət, qara millət, vəhşi və yırtıcı çaqqal sürüsü imiş? Mən necə də bunlar üçün qəfəs yox, ədalət istəyirmişəm? Bunlar ki, cəllada ölüm qışqıran, cəlladlar imiş.