• Mənə məktub göndərib, zəng edərək uzaqdan,
    Soruşursan hər zaman:
    "Söylə görüm necəsən?
    Xəstəmisən, sağmısan?.."
    Sevgilim, özün düşün, sən məndən uzaqmısan?
    Gözlərinin rənginə baxa-baxa hər axşam
    Mən yuxuya dalmışam.
    Bil ki, könül həmdəmin nə yorğun, nə xəstədir,
    Şəklin başım üstədir.

    Mən səni bir görüşdə təsadüfi sevmədim,
    Təsadüfi tərk edim.
    Uzaq eldə olmağın etmir məni nigaran,
    Gözdən uzaq olduqca qəlbə yaxınlaşırsan.
    Günəş qərbə keçəndə azalarmı atəşi?
    Ey qəlbimin günəşi!
    Könlüm nə hicran duyur, nə ayrılıq hiss edir,
    Şəklin başım üstədir.

    Mən səni unutmaram, məktub yazsan, yazmasan.
    Axı hər vaxt, hər zaman
    Mən səni düşünmüşəm, sən də məni anmısan.
    Ağır gündə, çətində arxamda dayanmısan.
    Bu həyat yollarını birgə vurmuşuq başa.
    Yaşayacağıq qoşa.
    Mən heç kədərlənmirəm, ömür keçir, gün keçir...
    Şəklin başım üstədir.

    - "Şəklin başım üstədir" şeiri
  • Azərbaycan

    Müəllif: Balaş Azəroğlu

    Əziz Azərbaycan, ey gözəl diyar, 
    Anamın mehriban qucağı sənsən. 
    Könül tərlan’ının uçub qonduğu, 
    Onun çox sevdiyi budağı sənsən.

    Sənsən düşündüyüm sənsən andığım, 
    Mən bu dünyada arxalandığım. 
    Yetər alışdığım, yetər yandığım, 
    Şirin qəlbimin sorağı sənsən.

    Qoy açsın könlümü sözlərim mənim, 
    Səndən nəcat umur gözlərim mənim. 
    Hələ əyilməyib dizlərim mənim, 
    Çünkü o dizlərin dayağı sənsən. 
    Desəmdə vurğunam divanə sanma, 
    Mən ki, öz oğlunam biganə sanma. 
    Bir şəmsiz, atəşsiz, pərvanə sanma, 
    Yandığım odların ocağı sənsən.

    Qoy bilsin ey vətən bu alçaq yağı, 
    Solmaz baxçamızın yaşıl yarpağı. 
    Sən Babək yurdusan, Azər torpağı, 
    Aslanlar oylağı, Yatağı sənsən