Dünən kitabı bitirdikdən sonra incələmə haqqında düşünərkən, halımıza şükr etməli olduğumuzu nə yaxşı ki elə bir ölkədə doğulmamışam deyə sevinirdim ki açıq televizordan 11 yaşlı qızın ana olduğu xəbərini eşidərək, necə deyərlər beynim yandı...
Dəhşət içində qalmışdım və halına yandığım Nojoud kimi qızların məndən çox uzaqda, başqa bir cəmiyyətdə olması ilə təskinlik taparkən, məndən sadəcə bir neçə kilometrlər uzaqlıqda yaşayan daha bir Nojoud məni çox qorxuzdu...
Deməli ki bunun yaşadığın yerlə bir əlaqəsi yoxdur, tamamilə vicdan, insanlıq, dünyagörüşü ilə bağlıdır, ya da tam əksi, vicdansızlıq, insanlığa sığmamaq, dünyagörüşsüzlük....
Mən Əlhəmdülillah həm oğul, həm də qız anasıyam. Bir gün qızımın başına belə bir iş gəlsə çox yanardım, ya oğlum belə bir iş tutsa?... Düşüncəsi belə qorxuncdur, məncə hər ikisi...
Oğul anaları lütfən, övladınızı böyüdərkən diqqətli olun, bir kişidən əvvəl mərhəmətli, vicdanlı, sevgi dolu bir insan böyüdün...
Qız anaları lütfən, övladınızı böyüdərkən diqqətli olun, bir ana namizədindən əvvəl savadlı, dünyagörüşlü, öz sözünü deyə bilən, iradəli bir insan böyüdün...
Əsərə gəlincə 10 yaşlı bir qızın başına gələnlər elə onun öz dilindən danışılır. Axıcı və qısa müddətdə bitirə biləcəyiniz bir əsərdir. Oxuduqca təsirlənməmək və dəhşətə gəlməmək mümkün deyil. Özündə taleyüklü məsələləri ehtiva edir, hər kəsə mütləq oxumağı tövsiyə edirəm.