Əcdadlarımızın ailə namusu anlayışı ilə müasirlərimizin ailə namusu anlayışı bu gün tamamilə bir-birinə ziddir. Mulkiyyət anlayışı formalaşana qədər toplumda ailə namusu deyilən bir anlayış yox idi. Ulu analarımız qız vaxtı bəkarətlərinin pozulmasına görə deyil, adlarının el arasında qısır çıxmasına görə narahat olurdular. Çünki kişilər evlənərkən bakirə deyil, ana olmaq bacarığını sübut etmiş qızlara üstünlük verirdilər. Bəkarət ailə qurmaq üçün vacib şərt yox, ciddi əngəl idi.
Bu əngəli aradan qaldırmaq üçün müxtəlif xalqlar müxtəlif yollara əl atırdılar. Məsələn, tibetli analar qızlarının bəkarətlərini pozdurub ərə vermək üçün yoldan keçənlərə yalvarırdılar. Malabarda, Filippində qız evi gəlin köçən qız ər evində rüsvay olmasın deyə, bəkarətlərini pozdurmaq üçün yad bir kişi kirayələyirdi.
Mülkiyyət anlayışı formalaşanda irsi kimlik deyə bioloji olduğu qədər də iqtisadi önəmi olan bir dəyər ortaya çıxdı və kişilər tikdikləri evlə, əkdikləri tarla ilə yanaşı evləndikləri qadınların da toxunulmazlığını istədilər və min illər ərzində formalaşmış ailə namusu anlayışı tam tərsinə çevrildi.
Bu gün də bizə dəyişilməz kimi görünən ənənələr, adətlər, dəyərlər var ki, uğrunda ölür, oldürürük. Hamısının da arxasında mənəvi örtüklə ört-basdır etməyə çalışdığımız iqtisadi maraqlar yatır. Kim bilir, yeni iqtisadi sistemdə yaşayan gələcək nəsillər bizim dəyərlər haqqında nələr yazacaqlar.