Hansı dil və ölkə çox inkişaf edibsə, özündən az inkişaf etmiş ölkənin dilini mütləq öz təsiri altına alır. Bunu biz Çar Rusiyası, SSRİ dövründə görmüşük. Hələ də rus sözlərini gündəlik dilimizdən silib ata bilmirik. Gündəlik danışıq dilimizə fikir versək, istifadə etdiyimiz sözlərin rahat 30-35 faizi rusca olur.
Türk dilinə gəldikdə isə, Azərbaycan və türk dilləri qohum, hətta eyni dillərdir. Bunun üçün də türk dilinin Azərbaycan dilinə təsirinin böyük olmasının ilk səbəbi budur.
“Trendyol”da özünə idman kostyumu sifariş verən adam bir neçə cəhddən sonra ona avtomatik olaraq “eşofman” deyəcək, çünki o sifariş verərkən heç yerdə “idman kostyumu” sözünə rast gəlmir.
Daha ev təmirçiləri də “şpaklyovka” demirlər, “alçı” sözünü işlədirlər, çünki bu sənəti atıq rus masterlərdən yox, türk ustalardan öyrənirlər.
Yəni deməyim odur ki, dilin təmiz olmağını, lüğət tərkibini yazarlardan, dilçi alimlərdən çox adi insanlar müəyyən edir. Əgər adamlar “idman kostyumu” demək yerinə “eşofman” sözünü işlətməyi tərcih edirlərsə, sən neyləyə bilərsən, heç nə.