Hafıza-i beşer nisyan ile malüldür" yəni, insan hafizəsinin əskikliyi, onun unutqanlığıdır. Köklərimi unutmaqdan qorxuram. Uzaq keçmişimi, yeddi nəsil ötəyə gedib çıxan ağrımın səbəblərini, dədə babalarımın nəsihətlərini. Bu qarmaşa, bu dünya təlaşı içində, hər şeyin bu qədər asan, tez əldə olunan, qəmlərin bir anda nəşəylə əvəzləndiyi, gedən kimsələrin yerinin bəsit şəkildə sürətlə dolduğu çağda səni unutmaqdan qorxuram. Bənzər hadisələri bənzər tərzdə yaşamaqdan. Həndəsi silsilə həyatlardan. Manqurt beyinlərdən. Lənət olunmuşlardan olmağa qorxuram. Məni unutma, Rəbbim. Mən getsəm də, çağır məni. Yeni doğulmuş körpəyəm ilk ağlamağıyla sənə iman gətirən, böyüt məni hər doğma laylay azanla, hər büdrəyişimdə paxılın dilinə yox, sənin əlinə düşüm, dizim torpağına, alnım səcdənə dəysin, əziləndə dualarım "cannn" olsun. Hər "Allahu əkbər" deyiləndə anamın gülümsər üzünün məni tərk etməyəcəyini hiss edim.