Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

761 syf.
8/10 puan verdi
·
7 günde okudu
Qılınc və Qələm
Həcmi böyük olan əsərlərə qarşı qorxu olur çox vaxt, oxumağa çəkinir, cəsarət etmirik uzun zaman. Ya sona qədər oxumağa səbrim çatmazsa, ya yarımçıq qoyaramsa... Özüm üçün deyirəm, ən nifrət etdiyim şeylərdən biridir kitabı yarımçıq oxumaq. Bu günə qədər cəmi bircə əsəri yarım qoymuşam, tamamlamağı da düşünmürəm, bunun da müəyyən səbəbləri var. Belə ki, "Qılınc və qələm" əsəri ilə bağlı da belə bir qorxum var idi uzun illərdən bəri. Həcminin geniş olması, üstəlik, tarixi roman olması qorxumu bir az da artırırdı. Uzun xronoligoyalar, rəqəmlər gözümü qorxudurdu. Nəhayət, pandemiyanın kitabsevərlər üçün yaratdığı avantajdan istifadə edərək ev günlərinin çoxluğunu nəzərə alaraq oxumağa qərar verdim. Kitabı oxuya bilməmə səbəblərindən biri də çox qalın və ağır olduğundan işə gedərkən özümlə daşıya bilməməyim idi, çünki dünyamızın normal olduğu zamanlarda təəssüf ki, evdə çox az olduğum üçün kitab oxumağa da zamanım qalmırdı, ancaq avtobusda, metroda yollarda oxuya bilirdim... Kəsə-qarabağı, axır ki, bir cəsarət oxumağa qərar verdim. Əvvəlcədən deyim ki, heç də qorxduğum kimi olmadı. Çox rahat oxunan, sadə, axıcı dili, hekayəsi ilə insanı içinə çəkib tarixin qatlarında səyahət etdirən, ötüb getmiş ulu tariximizin tozlu səhifələrini vərəqlədən gözəl bir əsər oxudum. Əgər siz də cəsarət edib oxumağa başlasanız, bu duyğunu yaşayacaqsız. Hətta əsəri oxumağa bu qədər gecikdiyim üçün təəssüflənirəm də... Əsərin mövzusuna gəlincə, dahi Azərbaycan şairi Nizaminin yaşadığı dövrü, yaşadığı şəhər Gəncəni, həmin dövrdəki tarixi prosesləri mövzu alan əsər, Azərbaycanda baş verən siyasi-iqtisadi, mədəni dəyişikləri, Atabəylər, Eldənizlər kimi hakim sülalələri, onların qurulması, dağılması, hökmdar və xalq münasibəti, ədalətli hökmdar, ədalətsiz hökmdarın idarəetməsi altında əzilən sadə xalq kütlələrinin ağır həyatı və məişətini təsvir edir. Şərq xalqların əzən, cəhalətə sürükləyən, hətta məhv edən dini-fanatizmi, hökmdarların yarıtmaz siyasəti səbəbindən viran qalan məmləkəti, məhv olan həyatları, mənsəbpərəstliyi, qadın düşkünlüyünün məhv etdiyi hökmdarları, həmin dövrdə baş verən üsyanları, müharibələri və s. ürək ağrısı ilə, acı bir təəssüflə və ən əsası real tarixi hadisələr fonunda çatdıraraq, əslində bir ibrət dərsi də verməyə çalışır.. Eyni zamanda, əsərdə həmin dövrün görkəmli şəxsiyyətləri, sənətkarları, sərkərdələri, hökmdarları və şairlərinin prototipini də yaradır. Əsərin mərkəzi obrazı dahi Azərbaycan şairi Nizami Gəncəvi olsa da, Məhsəti Gəncəvi, Əfzələddin Xəqani, Atabəy Şəmsəddin Eldəniz, Qızıl Arslan, Fəxrəddin, Hüsaməddin, Qətibə xatun (məlaikə), Əbül Üla Gəncəvi, Toğrul və s. kimi görkəmli tarixi şəxsiyyətlərin həyatına işıq tutmuş, onların real xarakteristik xüsusiyyətlərini də dolğun vermişdir. Doğrudur, bu təsvirlərə yazıçı öz təxəyyülü də əlavə edib, ancaq əsas cizgilər reallığını qoruyur. Yazıçı qılınc (Fəxrəddin) və qələmi (Nizami) həm simvolik olaraq, həm də real mənası ilə qarşı qarşıya gətirir. Bir məmləkətin inkişafı üçün sadəcə qılınca arxalanmağı cəhalət hesab edir, qələmin gücü ilə birləşməyən qılıncın gec ya tez pas tutmağa məhkum olduğunu tarixi hadisələr fonunda dönə-dönə göstərir. Əsərin maraqlı cəhətlərindən biri də, Şərqin məşhur Azərbaycan şəhərlərinin real təsvirləri ilə verilməsidir. Bir də Cəbubi Azərbaycan həsrətini də dilə gətirən yazıçı, Şimalı ilə, Cənubu ilə bütöv bir Azərbaycan görmək arzusunu dilləndirir tez-tez. Əsərlə bağlı təəccübümə səbəb olan məqamlardan biri də bu oldu ki, sovet dövrü kimi dəhşətli bir dövrdə, Stalin represiyalarının tüğyan etdiyi, imperiya daxilindəki xalqları öz tarixindən, soy-kökündən uzaqlaşdırmağı hədəfləyən siyasi əqidənin hökm sürdüyü bir zamanda müəllif hər səhifəsilə tarix (Azərbaycan) qoxan belə bir əsəri yazmağa necə cəsarət edib?! Düşünürəm ki, Mircəfər Bağırovla olan dostluğu belə qurtara bilməzdi onu Stalin represiyasından... Yoxsa, səhv edirəm?!. Tarix oxumağı sevənlər üçün xüsusilə maraqlı bir əsər olduğunu düşünürəm. Odur ki, hec qalmadan hər kəsə oxumağı tövsiyə edirəm.
Qılınc Ve Qelem
Qılınc Ve QelemMəmməd Səid Ordubadi · 2005196 okunma
·
207 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.