Gönderi

448 syf.
·
Not rated
·
Liked
·
Read in 52 days
BECOMING Mənim üçün oxuması uzun amma zövqlü vaxt aparan kitab oldu. Bioqrafiya, memuar oxumaq çox tərzim olmasa da, bəzi şəxsiyyətlərə, xüsusən də qadınlara ayıracağım bu vaxtın layiqli olduğunu düşünürəm. Sadəcə kiçik bir xatırlatma ilə başlamaq istəyirəm ki, bioqrafiya heç də fəlsəfi əsər deyil, nə də ki, ədəbiyyatda yenilik yaratma iddiasında olaraq yazılmır. Adətən uğur hekayələri və motivasiya xarakterini daşıyır. Kitab xronoloji ardıcıllıqla üç hissədən ibarətdir. #Becomingme ilə ilə başlayan ilk hissədə biz Michelle`in uşaqlığı ilə tanış oluruq. Ailəsi ilə birlikdə bir çox Afrikan-Amerikanlar kimi Cənubi Çikaqoda yaşayan Michelle həmin dövrdə məruz qaldıqları irqi və cinsi ayrı-seçkilikləri qələmə alır. Təhsilini `Princeton` və `Harvard Law School`da alarkən tələbələrin əksəriyyətinin ağ dərili və kişi olduğunu, daim azlığı təmsil etdiyini vurğulayır. Hətta yataqxanada otaq yoldaşının anasının sırf o qara dərili olduğu üçün qızının otağının dəyişdirməsini də qeyd edir. Maraqlısı budur ki, Michelle`in ailəsi onu və qardaşı Craig`i belə diskriminasiyaya qarşı nifrət yox, sevgi və empatiya hissi ilə böyüdüblər. Odur ki, davamlı olaraq ailəsindən danışır, atasının işdən yorğun gəldikdə belə vaxt ayırıb onlara caz və incəsənətdən danışması, anasının ona kiçik yaşlardan oxumağı öyrədib ictimai kitabxanaya yazdırması. Barackın əksinə Michelle sevgi dolu bir ailədə böyüdüyü üçün onların evlilikdən gözləntiləri fərqli idi. Kitabın məhz ikinci hissəsi Barack Obama ilə tanışlığı ilə başlayır və #Becomingus adlanır. Artıq Michelle 25 yaşındadır və bir hüquq firmasında çalışır. Lakin Barackla tanış olduqdan, onu dərindən tanıdıqdan sonra özünü sorğulamağa başlayır və o qənaətə gəlir ki, istəmədən yaxud yanlış seçilən peşə bizi xoşbəxtlikdən uzaq salır və o hüquqa nifrət etdiyini anlayaraq başqa axtarışlara çıxır. Kitabın üçüncü hissəsi isə #Becomingmore adlanır və bəlli olduğu üzrə birinci xanım, `angry black woman` bu kimi minlərlə ittihama məruz qaldığı dövr başlayır. Michelle kitabı həqiqətən çox detallı yazmış olsa da çatdırmaq istədiyi mesajları məncə uğurla oxucuya ötürə bilib. Bunlardan biri, analıq(valideynlik) ilə kariyeranı birlikdə balansda saxlamaqdır. Bütün məşğuliyyətlərinə rəğmən bütün ailənin şam yeməyinə birgə oturmaq adəti buna gözəl misal ola bilər. Eyni zamanda yaxın rəfiqəsini və çox sevdiyi atasını itirdikdə həyatın israf üçün çox qısa olduğunu dəfələrlə vurğulaması məncə mesajı yerinə çatdırır. Mənə görə həyat yoldaşının ona bəxş etdiyi `birinci xanım` statusundan da əvvəl o güclü bir qadın, uğurlu bir ana, daha yaxşı bir gələcək üçün çalışan bir vətəndaş idi. Yazını özünün də qeyd etdiyi bir fikirlə tamamlamaq istəyirəm: nə sizin irqiniz, nə də cinsiniz sizi qalib olmaqdan, yaxud məğlubiyyətə düçar olmaqdan sığortalamır. Xoş mütaliələr!
Becoming
BecomingMichelle Obama · Crown · 2018167 okunma
·
125 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.