Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

544 syf.
9/10 puan verdi
·
22 günde okudu
Qulaq Arxipelaqı
Nəhayət bu əsəri bitirdim. Uzun müddət yol yoldaşım oldu... Bəzən dəhşətə düşürdü, bəzən göz yaşına boğdu, sarsıtdı, bəzən də ədalətsizliyə qarşı içimdə dəhşətli üsyan etmə arzusu qopartdı. Əsərlə birlikdə mən də bitdim sanki. O qədər ağır abu - havası var idi ki, oxuduqlarımı təsəvvür etməkdə belə çətinlik çəkdim. Sovet imperiyasının caynağında 71 ilə yaxın bir müddətdə yaşayan, əzilən, tarixi, dili unutdurulmağa, yox edilməyə çalışılan, neçə-neçə dəyərli, vətənpərvər, işıqlı şəxsiyyətləri məhv edilməyə, Vətən xaini adı altında məhkum olub sürgün həyatı yaşamağa məcbur edilən bir xalq kimi burda yazılanları oxumaq çox ağır gəldi, çox təəssüfləndirdi. İnsanın insanlıqdan çıxmasını, hansı səviyyəyə qədər qəddarlaşa, barbarlaşa biləcəyinin real tarixidi bu əsər. Hər kəliməsi, hər cümləsi hərfiyyən doğrudur! İdeal bir quruluş quracağını sanan, bu yolda bütün səmimiyyətilə mübarizə aparanlar ilk qurbanı oldu uğruna mübarizə apardıqları bu saxta quruluşun. Oxuduqlarımı beynim, ağlım, qəlbim, ruhum anlamaqda, qavramaqda çətinlik çəkərkən, bütün bu dəhşətləri, vəhşətləri real olaraq yaşayan insanlar necə psixloji, mənəvi, fiziki zərbələr alıblar, görəsən?! Necə dözə biliblər bunca təhqirlərə, alçaldılmalara, ağrılara, əzablara, işgəncələrə?! İnsanlıq tarixində insanın öz soy-kökünə genosidin ən bariz nümunəsi idi bu quruluş. Əsərin müəllifi Aleksandr Soljenitsındır. Müəllif 1941.ci ildə II Dünya Müharibəsinə qatılır. 1945.ci ildə Stalinə sui-qəsddə günahlandırılaraq həbs olunur və kapitan rütbəsindən məhrum olunur. Əvvəlcə, Moskva, sonra ixtisaslaşmış Marfino həbsxanasında dustaq edilir. Daha sonra isə Qazaxıstanın siyasi dustaqlar üçün nəzərdə tutulmuş həbs düşərgəsinə göndərilir. Burada mədəsində xərçəng aşkar edilir. 1953.cü il həbsdən azad olduqdan sonra müalicə alaraq sağalır. Müəllifin sovet totalitar rejimi haqda ən geniş əsəri - epopeyası "QULAQ arxipelaqı" (ГУЛАГ - Гла́вное управле́ние лагере́й; Baş Düşərgə İdarəsi) əsərinin I cildi 1973.cü ildə Fransada çap olunub. Soljenitsın əsərdə həbs düşərgələrində gördüklərini, yaşadıqlarını, bu düşərgələrinin sakinləri olmuş insanlarla söhbətlərindən eşitdiklərini ən incə təfərrüatına qədər faktlarla qələmə almışdır. Sarsıdıcıdır, deyilmi? Bunları yaşamaq, dözmək, o cəhənnəmdən sağ qurtulmaq və bunları qələmə alaraq yenidən - yenidən yaşayacaq qədər güclü bir xarakter və psixologiya... Onların yerinə qoyuram özümü, o insanların haqsız yerə yaşadıqları əzabları düşünürəm zaman-zaman, mən dözə bilərdimmi bütün dəhşətlərə?! İnanın, cavabı yoxdur! Rəsmi mənbələrə görə bu düşərgələrdə təxminən 10 milyona qədər, qeyri-rəsmi mənbələrə görə isə daha çox insan günahsız yerə məhv edilmişdir. Bu düşərgələrdə Nasist Almaniyası düşərgələrindəki kimi qaz sobaları yox idi bəlkə, lakin aclıq, susuzluq, səfalət, təhqir, işgəncə, qışda insanın iliklərinə qədər işləyən şaxta, yayda dözülməz dərəcədə yandırıcı isti, yazmağa belə utandığım daha necə mənəvi-fiziki işgəncələr vardı. Bütün bunlar sadəcə hakimiyyət xofu idi. Xain xoflu olar misali, məhz bu idi insanların həbsinə, məhvinə səbəb. Soljenitsın əslində əsərlərilə sosialist quruluşunun puçluğunu, saxtakarlığını, vecsizliyini də gözlər önünə sərmiş oldu. Nobel mükafatına layiq görülən Soljenitsın, hakimiyyət basqıları səbəbilə mükafatı da ala bilmir, vətəndaşlıqdan məhrum edilərək ölkədən öncə Almaniyaya, sonra ABŞ.a sürgün edilir. Dəyərli, yazıçı 2008.ci ildə vəfat etmiş, özündən sonra insanlığın böyük utanc tarixinin itməsinə, unudulmasına mane olacaq qədər dəyərli əsərlər miras qoymuşdur. Özünün də dediyi kimi: "Bu kitabı mənim deyəcəklərim haqda danışmağa ömürləri yetməyənlərə həsr edirəm". Kim bilir, hər birinin yazmaq şansı olsaydı daha nələr yazılardı, daha nələr çıxardı ortaya!
Qulaq Arxipelaqı
Qulaq ArxipelaqıAleksandr Soljenitsin · Qanun Nəşriyyatı · 2017109 okunma
·
390 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.