Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

608 syf.
10/10 puan verdi
·
Beğendi
·
21 günde okudu
"U-lu Tanrım!"
Markus Zusak'ın 12 illik fasilədən sonra ərsəyə gətirdiyi "Kilden Köprü". Bu kitabı almağımın səbəbkarı olan @Ayan2003 , sən olmasan, bu kitab oxunmaz, hal-hazırda yazdığım bu rəy də olmazdı. Ən əsası da Dunbar ailəsini tanımış olmazdım, ki bu da önəmli bir itki olardı. Sənə çox-çox təşəkkür edir və ən qısa zamanda kitaba başlamağını diləyirəm. Bir müzakirəmiz olacaqdı, bilirsən, unutmuş deyiləm :D Zusak'ı əksəriyyətiniz "Kitab Oğrusu"ndan tanıyır (bundan əlavə 5 əsəri olmasına rəğmən). Bir çoxunuz "Kitab Oğrusu"nu oxumamış olsa belə, böyük ehtimalla, filmini izləyib. Və yeri gəlmişkən, qeyd edim ki, filmi kitaba nəzərən olduqca sönük alınmışdı, buna görə də filmi izləmiş olanlara kitabı oxumalarını şiddətlə tövsiyə edirəm. Fərqli məqamlarla qarşılaşacaqsınız. Gələk, "Kilden Köprü"yə. Yazıçının bu kitabını oxumadan öncə buradakı rəylərdən araşdırmışdım. Bəziləri kitabın dilinin qarışıq olduğunu, yarıda qoyduqlarını demişdilər. Bilmirəm, bəlkə də, eləydi. Nə də olsa, insanlar bir hekayəni anladarkən ardıcıllığın pozulmasına alışmayıblar. Bir çox insan paralel şəkildə davam edən hekayələrə adaptasiya ola bilmir. Zusak bunu nəzərə almalıydı. Monoton, bəsit bir kitab yazmalıydı. Olduqca sadə dildə həm də. Varisin, Rövşən Abdullaoğlunun kitabları kimi. Oxucunun beynini qətiyyən yormamalı idi. Bəli, bəli, tam da bu cür olmalı idi və bu səbəbdən Zusaka səslənirəm : "Lənət olası qələminlə lənət olası beyinlərimizi nə cürətlə sınağa çəkərsən ha, Zusak? Həm də bu monotonluqsevər insanları illərlə gözlətdikdən sonra!" Hər nəysə, yuxarıda dediklərimi ciddi qəbul etməyin. Çünki bu adam, sözün əsl mənasında, möhtəşəm yazır ! Hekayədən hekayəyə keçidlər, bir hekayədə digər hekayədəki detala toxunulması, eyni cümlənin bir neçə hadisəni fərqli şəkildə əks etdirməsi və daha çoxu. Tanrımmm! Kitabı oxuduqca tez-tez əvvəlki səhifələrə qayıdır, ara-sıra isə kitabın arxa vərəqindəki müəllifin şəklinə baxır və "Tək bir əsərim səninki qədər ustaca yazılmış olsaydı, həyatım boyunca başqa əsər yazmaz, Emily Bronte kimi bircə əsər yazmış biri olaraq ölməyə razı olardım" deyirdim. Bu yazını oxuyan və artıq peşman olmağa başlayan əziz insanlar, siz yenə də, bundan yuxarıdakıları da ciddi qəbul etməyin. Məndə yaratdığı heyranlığı sizdə yaratmaya bilər. Bu şərhi subyektiv olaraq yazıram, çünki artıq başqalarını düşünərək yazmaq istəmirəm. Bu kitabı sevirəm və əslində onu başqa kiminsə mənim qədər sevməyəcəyini düşünmək fikri məni qəmləndirmir, əksinə, kitabın mənim üçün daha da özəl qalmasına səbəb olur. Kitabın orijinal adı "Bridge of Clay"dir. Baş obrazın adının da Clay ( "gil", "gilli torpaq" anlamına gəlir ) olduğunu nəzərə alsaq, Zusak'ın bu ikianlamlı ad seçimi belə, necə bir kitab oxuyacağımız haqqında bizə nələrsə pıçıldayır. Məsələn, ağlayaraq gülümsəyən, gülümsəyərək ağlayan, öldürülən, amma ölməyən insanlar görəcəksiniz. Bir də düşüncəsi belə qəribə olarkən, bir gün bir-birilə evlənəcək olan insanlar tanıyacaqsınız. Və lənət olsun, kitabı oxumadan dediklərimi anlamayacaqsınız... Tamam, buraya qədər belə kitab haqqında doğru-düzgün təəssürat yaratmadığımı bilirəm. Ancaq ən azından sizə qəhrəmanlarımızı tanıda bilərəm. Öncəliklə, yol açın və Dunbar qardaşları böyükdən kiçiyə doğru tanıyın : Matthew, Rory, Henry, Clay və Tommy. Bu kitab dördüncü qardaşın, Clay'in hekayəsidir. Hər şey onun başına gəldi və dəyişən hər kəs oldu. Hekayəni bizə anladan isə Matthew'dur, ən böyük qardaş. Kitabın başında sizi bir zamanlar Claudia Kirkby olmuş Claudia Dunbar və iki qızı ilə qarşılayacaq. Və bir daktilo ilə. Rory haqqında nə deyə bilərəm ki? Adam poçt qutularını sevir. O qədər ki, içdiyi axşamlar onları yerindən qoparıb evə gətirir. Clay'lə də olduqca işdən (Hah, "içdən" sözünü səhv yazacağımı sandınız, hə?) söhbətləri var. Henry isə yanlış yerdə dünyaya gəlmiş, başqa bir ailədə olsa, hər halda dünyanın ən gəlirli şirkətini quracaq qədər irəli zəkaya sahib, hər vəziyyəti dəyərləndirib pul çıxara bilən qardaşdır. Yenə də bir Dunbar olmağı hər şeydən daha üstün gördüyünü bilirəm. Və Tommy... Tanrım, nədə olmasa da, bu uşaq heyvanlara ad verərkən nə etdiyini daima bilirdi. Və heyvanlar demişkən, bizim beş Dunbar qardaşın beş də ev heyvanı var : Hector adlı pişik, Rosy adlı köpək, Agamemnon adlı balıq, Telemachus adlı göyərçin və... Achilles adlı qatır. Möhtəşəmdir, elə deyil? Bir qatır! Madam Chilman "siz Dunbar qardaşlar inanılmazsınız" deyərkən necə də haqlıydı ahahah. Bütün bunlarla bərabər, Dunbar qardaşların keçmişində bir çoxunun Penelope deyə tanıdığı, ancaq bir çox adı olan bir qadın vardı. Sədaqətin rəmzi idi. Michael Dunbarla evlənəcəkdi. Michael Dunbarın keçmişində də bir qadın vardı. Penelope atasına ingiliscə İliada və Odysseia oxumağı öyrənərkən, Michael da o qadının tabloları ilə bərabər qaraja qapanacaqdı. Hər nə olursa olsun, nəticədə o beş qardaş dünyaya gələcəkdi. Və bir də Qatil. Qatil də zamanla Qətledilən'ə dönəcəkdi. Və Carey Novac? Dunbar qardaşların keçmişində Carey Novac adlı bir qız vardı. Qərarlı idi. İnadçı idi. Şəffaf gözləri vardı, göy üzünə baxanda yamyaşıl rəngə dönərdi. Üzündə on beş xırda çil vardı, boynunda isə on altı. Onu görəndə içinizdən hər zaman ona nəsə anlatmaq gələrdi. Carey Novac belə biri idi.  Və Carey Novac, Clay Dunbar'ı başqalarının görmədiyi bir gözlə görürdü. Clay'ə "O körpü səndən düzəldiləcək" demişdi. Bu hekayəyə o, cəsarət vermişdi. "Kingston Town kazanamaz." "Taşocağı İşçisi", David və Köleler, Stalinin Bıyığı, Yedi Bira, Beşincideki Matador, Phar Lap, Kupa Kızı... Və Pont du Gard. Danışacaq o qədər çox şey var ki. Aydınlaşdırılacaq o qədər çox məqam... Məhz buna görə bu kitabı oxumağa dəyər. Əlvida, Dunbar qardaşlar. Əlvida, Clay. Və hey Rory, sənin adına sevindim. Olduğun yerdə çoxdandır ki, olmağa layiq idin. Siz Dunbar qardaşlar gerçəkdən inanılmazsınız... Elə Markus Zusak da.
Kilden Köprü
Kilden KöprüMarkus Zusak · Martı Yayınları · 2018435 okunma
·
582 görüntüleme
Bu yorum görüntülenemiyor
Bu yorum görüntülenemiyor
Tinuviel okurunun profil resmi
Şərhi keyiflə oxudumm. Sən yazılarında səmimiyyətini, işdenliyini qarşı tərəfə tam əks etdirə bilirsən də ! Yox, vaz keçdim, əsəri PDF'dən yox, məhz elə nəşrdən oxuyacam. Bu əsər elə oxunmalıdı. Avqust sonunda görüşməmiz gərəkən məsələlər var🤩 Əllərinə sağlıq. Xoş oxumalar🌿
İnci Zadə okurunun profil resmi
Aaa içden sözünü Rory'cə yazmısan 🤩😂 Eh, o da olur tabi. O vaxta kimi mən bir partiya da oxuyaram ! Mən xoş oxudum bitirdim, növbə sizdədi dnndndf.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.