Bu rəy yalnız kitabı oxuyub bitirmişlər və oxumağa cəhd eləyib heç zaman bitirməyəcəkləri və ya bitirə bilməyəcəkləri qənaətində olanlar üçündür.
Əsəri təhlil edərkən ən maraqlı məqam yəqin ki, əsərdəki bütün mübarizələrlə Ernest və Evisin məhəbbəti arasındakı əlaqədir. Lakin bu əlaqəyə keçməzdən əvvəl bir məsələyə toxunmaq yaxşı olardı.
Fiziki cəhətdən təkbaşına gücsüz olan insan ədalətsiz, güclünün zəifi məhv etdiyi təbiətlə mübarizə edə bilmək üçün toplaşdı, mədəniyyət yarandı. Lakin kapitalizmin əsərdə bəhs olunan dövründə (real həyatda tamamilə eyni bir dövr olmayıb) mədəniyyət insanları kobud heyvanlar olmağa yenidən qaytarmışdır. Müəllifin materialist dialektikadan ilhamlandığı fikrinə(1) əsasən hər şey yaxşıya doğru getdiyindən burada bir uyuşmazlıq var və bir inqlab olacaq(2), kapitalizmin effektiv, qüvvətli maşını insanların xeyrinə işləməyə başlayacaq. Amma insan nə qədər inkişaf edirsə etsin, istehsal etdiyimiz maşınlar nə qədər güclənirsə güclənsin, insan (əsərdə buna çox misal var) ölüm qarşısında əlacsızdır. Və ölümlü insanın həyatını sonunda ölüm olmasına rəğmən yaşanıla biləcək bir hala salan yeganə şey Evis və Ernest arasındakı tək bir məhəbbət olduğu kimi ictimaiyyətin də ölümsüzləşməsinin, ya ən azından azadlıqsız bir halda ölüdən fərqsiz olmamasının yolu da (əksəriyyətin yaxşılığını istəyən və bunun üçün yeri gələndə adam öldürməyi belə gözə alan) ideologiyalar ətrafında birləşməsidir, belə ideologiyalara Evislə Ernestdəki kimi sonsuz məhəbbətdir(3). Və belə bir ideologiya ictimaiyyətin özünün özünə məhəbbəti kimi birgə yaşamağı mümkün qılacaq, habelə o - həmin ideologiya nə deyirsə, bir-birini sevən iki adamın evlənməsi kimi qəti şəkildə yerinə yetirilməli, yeri gəlsə, azadlıq üçün başqalarının azadlığını əllərindən almaq lazımdır.
Ernest ilə Evis arasındakı sevgi kimi həmin idologiya da ölümə mane ola bilməməsinə rəğmən öləcəklərin ölənə qədərki yaşayışını yaxşılaşdırır. Sosializmsiz də halı gündən-günə pisləşəcək olan fəhlələr üçün sosialist ideologiya uğrunda ölmək onsuz da əvvəl-axır öləcək Ernst üçün ölümünə mane ola bilməsə də yaşadığı vaxtda yaxşı yaşamağına səbəb olacaq Evis məhəbbətinə təslim olmaq kimidir. Və əsərin əsas ideyası, məncə, belədir: Sən bütün həyatın boyu bir ideologiyanın ütopiyasını həyata keçirmək üçün çalışacaqsan, bu ütopiyanın reallaşdığını gözünlə görməyəcəksən, ancaq başını aşağı salıb qul kimi hər şeyə göz yuman və ya başqalarının haqqını yeyən biri kimi yox, insan kimi yaşamış olacaqsan. Yəni ütopiya uğrunda çalışmaq ütopiyaya çatmaqdan daha mühümdür. Eynilə Ernestin həqiqətdə Evisin təsəvvür etdiyi kimi qocaq olmamasına(4) rəğmən onu belə görməyin Evis üçün daha məsləhətli olması kimi.
Ancaq bütün bu deyilənlər əsərin ədəbi dərinliyi olması şərti ödəndikdə müzakirə oluna bilər. Əgər əsərin dərinliyi yoxdursa, sadəcə anlıq siyasi, sosial vəziyyət haqda təhlil və bundan yola çıxaraq gələcəyə dair bir proqnoz ortaya qoymaq üçün yazılıbsa, onda bu yuxarıda yazılanlar sadəcə mənim fantaziyamdan ibarətdir və əsər haqda müzakirə sadəcə həmin əsərdəki təhlillərin doğru-yanlışlığı, gələcək haqda proqnozlarının doğru çıxıb-çıxmadığı barədə ola bilər. Hansı ki, Bulqakovun "İt ürəyi"ndə işarə elədiyi kimi nəzəriyyələr zehində durduğu kimi durmur real həyatda və yaxşılıq üçün görülənlər pisliklərə də səbəb ola bilir. Və hələ-hələ heç bir ABŞ vətəndaşı Kubaya qaçmaz. Yəni əsərdəki təhlillər və proqnozlar haqda detalların doğruluğu haqda hamının bir fikri var.(5)
1. "Nəyə görə siz geriyə dönə bilməzsiniz? Ona görə ki bu, mümkün olan şey deyil. Çayı dağ yuxarı axıtmaq mümkün olmadığı kimi, siz də ictimai inkişaf selini geriyə çevirməkdə acizsiniz."
2. "Qayda belədir: yırtıcı yırtıcını yeyir, siz də öz sələflərinizi içəri ötürdünüz. Ancaq, bəxtinizdən, daha yekə yırtıcılar var, siz indi onların səhər yeməyi olacaqsınız."
3. "Yalnız məhəbbət günahdan güclüdür, ölümdən güclüdür. Bu məqsədlə də sizin aranızdakı varlılara üz tuturam: siz də mənim kimi eləyin. Oğrunu evinizə gətirib, onunla qardaş kimi dolanın; yolunu azmış qadına evinizdə yer verin, onu bacı çağırın. O zaman San-Fransiskoda polisə və məhkəməyə ehtiyac qalmaz.
Həbsxanalar xəstəxanalara çevrilər və cinayətlə birlikdə cani də yox olub gedər."
4. "Biz indi bilirik ki, Evis Everqardın əri xatirələr müəllifinin etiraf etdiyi kimi o qədər də nəhəng sima olmamış və öz dövrünün hadisələrində bu cür fövqəladə rol oynamamışdır."
5. "Bu hadisə xristian erasının 2002-ci ilində baş vermişdi. Dəstənin üzvlərini hər üç həftədən bir növbə ilə asmış, meyitlərini də San-Fransiskonun fəhlə məhəlləsində tamaşa edilmək üçün qoymuşdular."
2002, asmaq və San-Fransiskoda fəhlə məhəlləsi.