Gönderi

160 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 8 days
Spoiler "Ümid edirəm ki, sizə kömək əlimi uzatsam, bunu sırtıqlıq hesab etməzsiniz." Kamü, bu nə girişlərdir belə? Hər şey yaxşıdır? Çox güman ki, bu kitabdan sonra Alber Kamü haqda doyunca danışa bilərəm, halbuki, hələ "Taun" məni gözləyir. Bilmirəm, hardan başlayıb, hansı istiqamətdə hərəkət edib, harda bitirim. Başlayaq yazı stilindən. Kitaba ilk başlayanda " Bu nədir belə?" deyə sual vermək olar. Burda kim var, kim danışır, bu necə hadisələrdir? Yəni oradakı ab-havanı sözlə təsvir edə bilmirəm, ancaq kitabı oxuyanlar başa düşər. Hətta bəzən kitabı bağlayıb oxumamaq fikrinə belə düşmüşdüm. Lakin 20-30 səhifə sonra söhbətin nədən getdiyini başa düşürük. Qısaca ümumiləşdirsəm, keçmiş vəkil Klamans öz həyat hekayəsini yanındakı dostuna danışır. Həmin dostun adını və səsini axıra kimi eşitmirik. İlk başlarda Klamans öz şəxsiyyətini hər xırdalığına kimi bizə açır. Bu hissələr daha sadə yazılıb, anlamaq o qədər də çətin olmur. Kulminasiya hissəsi isə gənc qadının özünü suya atması idi. Ondan sonra Klamans həyata daha gözucu və tənqidi yanaşır. Kamü hadisələr arasındakı sərhədi çox incə qoyduğundan bəzən oxucu da sual yaranır: "Axı, bayaq Klamans özündən danışırdı, biz nə vaxt tənqid hissəsinə keçdik?" Əsərin vurucu nöqtəsi olan intihar səhnəsi çox qısa və zəif göstərilib, buna görə də oxucu əsərin hansı hissəsini çöküş, yoxsa həyat hekayəsi olduğunu başa düşmür. Bu mövzu bir çox yazıçılar tərəfindən daha təsiredici yazıla bilərdi, oxucunun sentimental hissləri ilə oynayaraq. Kitabı oxumamışdan əvvəlki təəssüratım başqa cür idi: "Baş qəhrəman intihardan dəhşətli dərəcədə təsirlənəcək və hər an dünyaya nifrət edəcək; "Cinayət və Cəza" əsərindəki Raşkolnikov kimi". Lakin Kamü bu əsəri daha realistcəsinə, daha tənqidedici yaradıb. Əsərin ən xoşuma gələn hissələri isə Kamünün özünəməxsus satirası idi. Din və başqa mövzulardakı fikirlərdə Kamü öz etirazlarını kinayə şəklində bildirir. Bu da əsəri daha vurucu və dahiyanə edir. Tərcümədə bu satiraların olduğu kimi saxlanması diqqətəlayiqdir, çünki digər dildəki sətiraltı mənaları başqa bir dilə çevirdikdə həmin mənalar itir, lakin bu tərcümədə bir çoxu olduğu kimi saxlanılıb. Əsərin dili sonrakı səhifələrdə sadə olmağına baxmayaraq mən tez yorulurdum. Çünki birdən-birə bu qədə qədər fəlsəfə və tənqidi həzm etmək o qədər də asan deyil. Kitabı belə gec bitirməyim də bunla əlaqədardır. Əsərdə müəyyən ardıcıllıqda düzülmüş heç bir hadisə yoxdur, bu da əsəri daha da çətinləşdirir. İntihar səhnəsinə qayıdası olsaq, əsər haqqında tək mənfi fikrim intiharın bu qədər lazımsız göstərilməsi idi. Lakin fikirləşdikdə başa düşürük ki, kimsə qarşımızda özünü çaya atsa, bu kiməsə dəhşətli dərəcədə təsir etmir. Çox zaman unudulur, amma onun izlərini ömür boyu daşıyırıq. Klamansda da bunu görürük. O öz çöküşünü danışdıqca heç zaman intihar məsələsinə toxunmur. Ancaq çöküşü oxuduqca intiharın necə böyük bir təsiri olduğunu başa düşürük. Digər yazıçıların intiharı başqa cür necə göstərdikləri haqda danışmağa dəyməz, bunu bayaq qeyd etdim. Alber Kamüyə isə sadəcə heyran qalmaq olar. Həyat hadisələrində insanlara heç cür təsir etmədən, realist bir əsəri 10/10-luq yaratmaq çox çətindir. Çünki bəyəndiyimiz bir çox əsərə baxsaq görərik ki, onlar bizə sadəcə təsir edib. Bu kitab Klamansın hüznverici çöküşü deyil, Kamünün real və vurucu tənqidlərlə dolu fəlsəfəsidir. Ona görə bu kitabı çox güclü saymaq olar, bir neçə dəfə oxunmağa dəyər. Baş qəhrəmana gəlsək, Klamans şöhrətpərəst bir insandır. Onu şöhrət qidalandırır. Klamansa insanlardan çox, onların hörməti lazımdır. Həyatını istədiyi kimi, istədiyi ilə yaşayır, bir sözlə, heç bir şey vecinə deyil. Ona görə həyat sadəcə həzz almaq üçün var. Oxuduqca ona qarşı nifrətimiz daha da artır. Lakin sonra birdən dayanır və ətrafına baxır. "Bunlar nədir belə?", "Niyə onlar mənim ətrafımdadır və nəyə lazımdırlar?" Məhz bu suallar onu özlüyündən ayıraraq başqa dünyaya atır. Eynilə bu hadisələr də sözlə izah olunacaq şeylər deyil. Getdikcə Klamans ətrafındakı bakteriyaları ataraq saflıq qazanmaq istəyir. Lakin hər saflığa yaxınlaşanda başa düşür ki, onu cəmiyyətdə bir fərd halına gətirən də bu bakteriyalardır. Buna görə də hər dəfə nəyisə başa düşəndə daha da çöküşə enir, həyat, ölüm, din onun üçün mənasızlaşır. Klamansın həm teist, həm də ateistlərə olan tənqidlərindən başa düşürük ki, heç biri ideal deyil, həyat ümumilikdə mənasızdır və bunlar haqda baş yormağa dəyməz. Sadəcə, möhtəşəm! Kamünün belə bir əsəri ərsəyə çıxarması onun nə qədər güclü yazıçı olduğunu göstərir. Əsər haqda bu qədər. Ümumiləşdirsək, oxuduğum ən güclü və həqiqətən mənə təsir etmiş əsərlərdən biri oldu. Həyat haqda düşüncələrimi daha da təkmilləşdirdi. Bir dəfə yox, həyatın hər mərhələsində oxunmalı əsərdir. Bu incelemenin o qədər də güclü olduğunu düşünmürəm, çünki digər əsərlərdə hadisələri daha yaxşı analiz edib ictimailəşdirə bilirdim. Lakin bu kitab haqda heç bir iradım yoxdur, içindəki hadisələr isə o qədər qəlizdir ki, onları yalnız kitabı oxuduqda anlamaq olar, mənim oradakı əsas məğzi sizə çatdırmağım qeyri-mümkündür. Alber Kamü isə çox güman ki bir müddət mənim ən bəyəndiyim yazıçı olaraq qalacaq. (P.s: Klamansın həmsöhbəti mənə elə Klamansın özü kimi göründü. Eyni peşəyə sahibdirlər. Həmin dost, sanki, Klamansın olmaq istədiyi, yaxud da ola bilmədiyi bir şəxsiyyətdir. Və sanki Klamans paralel dünyadakı öz fövqəl-insanına nəyin düz nəyin səhv olduğunu başa salmaq istəyir ki, o da bu səhvləri etməsin."
Çöküş
ÇöküşAlbert Camus · Qanun Nəşriyyatı · 201915.3k okunma
··
185 views
Gul.sln okurunun profil resmi
İncələmə möhtəşəmdi çox xoşuma gəldi
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.