Gönderi

704 syf.
9/10 puan verdi
·
6 günde okudu
İvan Qonçarov - Oblomov İvan Qonçarovu "Adi əhvalat" əsərilə tanıyıb, çoxxx sevmişdim. "Oblomov" əsəri ilə uzun zamandan bəri tanış olsam da və kitab kitabxanamda bir neçə ildir ki, mövcud olmuş olsa da, kitabı oxumağa bir az tənbəllik edirdim. Bunun bir neçə səbəbi var idi. Lakin əsas səbəb kitabı oxuyan dostların əsər və qəhrəman haqda yanlış təəssürat yaratması idi. Əsərə başlamazdan öncə vecsiz, tüfeyli, alçaq, mənfur, pislik, şəxsiyyətsiz bir insanın həyatını oxuyacağımı zənn edirdim... Bir xeyli yanıldım. Əslində, Oblomov yanlış tərbiyənin, həddən artıq ərköyün böyüdülən, uşaqlıq duyğuları, enerjisi boğulan, heç bir əziyyət, çətinlik görməyən, hər işi onun əvəzinə görülən və üzərinə heç bir məsuliyyət qoyulmadan böyüdülən bütün uşaqların və Oblomovun valideynləri isə, onu bu qədər vecsizliyə sürükləyən bütün valideynlərin protoripidir. Hansı ki, cəmiyyətimizdə minlərlədir. Oblomov bütün həyatının belə keçəcəyinə inanmışdır. Hər şey rahat, əziyyətsiz, hazır gələcəkdi önünə. O sadəcə bunlardan zövq alacaqdı. Xəyallar - Cənnət, gerçəklik - Cəhənnəm! Oblomov ağadır, amma sizin bildiyiniz ağalardan deyil, üzüyumşaqdır, mərhəmətlidir, pulunun hesabını, hara, nə qədər, nə üçün xərcləndiyini bilmir. Ətrafını fırıldaqçılar sarıb. Hərə bir tərəfdən talayır... Bəs, Oblomov nə edir? Heç nə! Həyata pəncərə arxasından baxır! Bütün uşaqlıq arzuları, xəyalları, hədəfləri kağız üzərində, sadəcə xülya olaraq qalıb. Evdən çıxmaq, insanlarla ünsiyyət qurmaq, dünyada baş verənləri öyrənmək, müzakirə, müdaxilə etmək - bütün bunlar ona görə deyil! Hətta bütün bunların ona nə dəxli var ki?! Həyat axıb gedir, o isə sağalmaz bir xəstəliyə məhkum olub. Əsər, dil, mövzu, oxunaqlılığı baxımından həqiqətən möhtəşəmdir! İnsanı özünə çəkir, oxuduqca oxumaq istəyirsən, Oblomovmun taleyinə biganə qala bilmirsən. Əsərdə diqqət çəkən və rəğbət oyandıran Andrey İvanoviç, Olqa Serqeyevna kimi müsbət obrazlar var. Onlar Oblomovun dostudur, həyatında mühüm rol oynayır, ona dəstək olur, onu yatdığı bu dərin qış yuxusundan oyatmaq, ətalətdən, məqsədsizlikdən qurtarmaq istəyir. Bəs, Oblomovu bu vəziyyətdən kim, nə qurtara bilər? Sevgimi?! Dostluqmu?! Əsəri oxuduqca, bəzən Olqanın - sevdiyi qadının, bəzən Ştoltsın - uşaqlıq dostunun onu bu girdabdan qurtaracağına ümid edirik, həyəcanlanırıq, inanınırıq. Bəzən ümidsizliyə qapılırıq. Dostu Ştolts onun bu xəstəliyinin adını da tapıb hətta. Bu "oblomovçuluqdur"... Ştolts Oblomov üçün çoxxx çalışır, çabalayır. Onu hərəkətə gətirmək istəyir. Bunu bacarırmı?! Məsələ burasındadır ki, başqalarına ümid bəsləməklə, daima kiməsə arxalanmaqla sonuna qədər heç nəyə nail olmaq olmaz. Necə deyərlər: "Özgə atına minən, tez düşər". Belə ki, Oblomov özü - özünə kömək etmək istəmədikcə, kənar təsirlərin dəstəyi ona bir yerə qədər dayaq ola bilər! Əslində, hər birimizin içində bir "oblomov" var. Hər birimizin ruhi müvazinəti zaman-zaman pozulur. Belə zamanlarda biz də ruhdan düşüb ətalətə qapılırıq, dərin yuxuya dalıb heç nə düşünməmək istəyirik. Bu hal bəzən uzun çəkir, bəzən qısa... Lakin sonra yeni bir motivasiya ilə ayağa qalxır, qaldığımız yerdən mübarizəmizə davam edirik. Vay o günə ki, insan bütün həyatını bu ətalətdə keçirə... Faciə burda başlayır, həyat burda bitir! Oblomovun faciəsi, deyəsən, budur! Oyanmaq istəmir! Zaxar, Tarantyev, Anisya, Aqafya Matveyevna, əsərin mənfi və müsbət baxımdan diqqət çəkən digər surətləridir. Onların hər birinin də Oblomovun həyatında öz rolu var. Qonçarov, "Adi əhvalat"da olduğu kimi burda da unikal, yeni və təkrarolunmaz bir obraz yaradıb! Yaşadığı dövrə güzgü tutub... Bu güzgüdə hər kəs özünü görə, cəmiyyətdəki yerini müəyyən edə bilər. Oblomovun sonraki taleyi ilə maraqlanırsızsa, başına nələrin gəldiyini öyrənmək istəyirsizsə, siz də əsəri oxuyun, məncə... Mənə gəldikdə isə, Oblomovu müəyyən mənada anladım, bəzən halına acıdım, ona dəstək olmaq, dostuna və düşmənlərinə qarşı gözünü açmaq istədim, bəzən ətalətinə qarşı hədsiz hiddət duydum. Lakin hər şeyə rəğmən onu çox sevdim!
Oblomov
Oblomovİvan Gonçarov · Qanun Nəşriyyatı · 201439,8bin okunma
·
650 görüntüleme
İNCİ KÜPELİ KIZ okurunun profil resmi
Oblomov'u büyük məmnuniyyətlə oxudum. Kitaptan bir film çəksək yaxşı olar.
Şəhla Rşd okurunun profil resmi
Sevərək, zövq alaraq oxudum, hətta indi darıxıram da əsər üçün! Mən də düşündüm bunu, görəsən, filmi varmı deyə? Əgər yoxsa çəkilməsi gözəl olardı! 😊
Fexri Hacizade okurunun profil resmi
Uzun zamandir ki,oxumaq planimda olsa da heyf hele oxumamisam
Şəhla Rşd okurunun profil resmi
Oxuduğunuza peşman olmayacağınız əsər olacaq, əminliklə söyləyirəm.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.