Puan vermedi·247 syf.··Beğendi
· Varis Dirie - “Səhra çiçəyi” (“Desert flower”) - Somaliyalı model Varis Diriein avtobioqrafiyası
“Qitələrdən keçən, dünyanı qarış-qarış dolaşan insan taleləri və ağrılarından bəhs edən bir əsər... Varis Dirie bir dəfə qurban olub, lakin bir daha heç vaxt olmayacaq. O öz gözəlliyindən və cəsarətindən istifadə edərək və həyatdan öyrəndiklərindən nəticə çıxararaq hər şeyi öz yoluna qoymaq üçün hələ də mübarizə aparır.”
Bu fikirlər “Sunday Express”in “Səhra çiçəyi” haqqında şərhləridir.
İlk növbədə, qeyd etməliyəm ki, Varis Dirie ona böyük şöhrət gətirən bu romanı yazmaq üçün nə təxəyyülünə güc verib, nə də başqalarının həyat hekayələrindən ilhamlanıb. “Səhra çiçəyi” müəllifin öz yaşadıqlarını olduğu kimi əks elətdirən romandır. Bu elə bir əsərdir ki, oxuyub bitirdikdən sonra uzun müddət təsirindən uzaqlaşa bilməyəcəksiniz.
Romanda əsas mövzu müəllifin işıqlandırmağa çalışdığı Afrikada “qız sünnəti”dir. Əslində, əsərə sadəcə bəsit roman kimi yanaşmaq doğru deyil. Çünki bestsellerə çevrilmiş “Səhra çiçəyi” qızcığazlara Afrikanın bu adətindən qurtulmağa və buna qarşı mübarizə aparmağa yol göstərib. Qadın sünnəti və qadınların bu səbəbdən ölümə məhkum edilməsi bəşəriyyətin günahının göz önünə sərilməsidir.
Gerçək həyat hekayəsi olan roman müəllifin xatirələrinə və real hadisələrə əsaslanır. Əsər Varisin səhrada qaçması ilə başlayır. Bəs nədir onu bu qədər təşvişə salan və ailəsindən uzaqlaşa bilmək üçün qaçmağa məcbur edən?
Reallıq budur ki, bu qaçış onun çətin, amma bir o qədər də böyük əhəmiyyət kəsb edən və həyatını 360 dərəcə dəyişən mərhələyə addım atmasına səbəb olur. Bundan sonra, Varis, təbii ki, çətinliklərlə qarşılaşır, lakin gəldiyi yerə geri dönməyi heç vaxt düşünmür. Çünki başa düşür ki, nə qədər qarışıq və əzablı olsa da, onun gələcəyi qabaqdadır, geri dönüşü isə bütün həyatını alt-üst edəcək.
Təsvir edilən hər hadisənin detalına qədər reallığı əks etdirməsi, müəllifin xatirələrinə əsaslanması əsəri daha da oxunaqlı edir. Kitabda hər bir şey həqiqətə dayanır: Varisin həyatının bütün mərhələləri, uşaqlıqdan gəncliyinə qədər olan dövrü, ailəsi haqqında geniş məlumat, bacı və qardaşları ilə Somalidə qızmar günəş altında keçirdiyi günlər, oynadığı oyunlar, maraqlı keçən hər səhəri, bütün bunları geridə qoyub naməlum yerlərə, özünün də tanımadığı yeni mühitlərə düşməyi, yeni tanışlıqları, bəzi sınaqlardan keçməyi, həyatının ən uğurlu mərhələlərinə addım atması, münasibətləri və bu kimi bir çox əhəmiyyətli hadisələrin hər biri real təsvirlərdir.
Qadın azadlığı, qadın hüquqlarının müdafiəsi, qız uşaqlarının dəhşətli, cahil bir ənənə qurbanına çevrilməsi, insan hisslərinin tərənnümü, Varisin anasına olan sonsuz məhəbbəti, ağrı, acı, kədərin təsvirini nəzərə alsaq, emosional təsirə və dəhşətə düşməmək mümkün deyil. Çox bəyəndim bu əsəri. Nə qədər ağır olsa da, oxumağı dönə-dönə tövsiyə etdiklərimdəndir.
Hər kəsə xoş mütaliələr!
“ᴅᴀɪᴍ ᴅᴜᴀ ᴇᴅɪʀəᴍ ᴋɪ, ɢüɴ ɢəʟsɪɴ, ʜᴇç ʙɪʀ ǫᴀᴅıɴ ʙᴇʟə ᴀğʀı çəᴋᴍəsɪɴ ᴠə ʙᴜ çᴏx ᴋᴇçᴍɪşᴅə ǫᴀʟᴍış ʙɪʀ əɴəɴə ᴏʟsᴜɴ. ᴅᴇsɪɴʟəʀ ᴋɪ, “ᴇşɪᴛᴍɪsɪɴɪᴢ, ǫᴀᴅıɴ süɴɴəᴛɪ sᴏᴍᴀʟɪᴅə ǫᴀɴᴜɴʟᴀ ǫᴀᴅᴀğᴀɴ ᴇᴅɪʟɪʙ?” ᴅüɴʏᴀᴅᴀᴋı ʙüᴛüɴ ǫᴀᴅıɴʟᴀʀ öᴢʟəʀɪɴɪ ᴛəʜʟüᴋəsɪᴢ ʜɪss ᴇᴅəɴəᴅəᴋ, ᴛəᴋ sᴏᴍᴀʟɪᴅə ʏᴏx, ᴇʟə ʙᴀşǫᴀ öʟᴋəʟəʀᴅə ᴅə... ᴏ ɢüɴ ɴᴇᴄə xᴏş ʙɪʀ ɢüɴ ᴏʟᴀʀ! ᴠə ᴍəɴ ᴠᴀʀ ɢüᴄüᴍʟə ʙᴜɴᴀ ɴᴀɪʟ ᴏʟᴍᴀğᴀ çᴀʟışıʀᴀᴍ. İɴşᴀʟʟᴀʜ, ᴀʟʟᴀʜıɴ ᴋöᴍəʏɪ ɪʟə ᴏ ɢüɴ ᴛᴇᴢ çᴀᴛᴀʀ”.