Naturalist cərəyanın önə çıxan fransız yazıçısı Emil Zolyanın 26 yaşında qələmə aldığı roman. Bu kitabı da oxumağa qərar verməmişdən qabaq ətrafımdakı insanların oxuyub oxumadığı ilə maraqlandım. Təəssüf ki, qışın ən sərt şaxtası qədər insanın iliyinə işləyən bu roman da oxucular arasında çox tanınmamaqdadır. Romandakı təsvirlər, obrazların psixoloji gərginlikləri, yazıçının tərəf tutmadan hər bir obrazın içini oxucuya açması və ədəbi bənzətmələr mənə bir oxucu olaraq xoş təsir bağışladı və romanı çox axıcı bir mütaliə ilə tamamladım. Roman heyvani şəhvət səbəbindən törədilən bir qətl və bu qətlin insanın ruhunu, psixologiyasını darmadağın etməsi üzərində qurulub. Kitabın arxa qapağında xülasə verildiyi üçün yazacaqlarımı spoiler olaraq dəyərləndirmirəm. Romanın baş qəhrəmanı Tereza uşaqlıqdan xalasının himayəsinə verilən bir qızdır. Xalası Raken və oğlu xəstə Kamillə yaşamağa başlayan Tereza onların süst, bayağı və monoton həyat tərzi ilə böyüməyə başlayır. Onun həyatında heç bir həyəcan və məna yoxdur. Xalasının istəyi ilə xalası oğlu Kamillə evləndirilməsinə bir qul kimi tabe olur. Hər şey Kamillin uzaq qohumu olan Loranın onlara gəlməsi ilə başlayır. Qadın düşkünü olan , heyvani şəhvət hisləri gözlərindən bəlli olan Loran Kamillə müqayisədə həm yaraşıqlı, həm də fiziki cəhətdən güclüdür. Terezanın neçə illərdir basdırmış olduğu duyğular Loranla qarşılaşdıqdan sonra baş qaldırır və ona qarşısı alınmaz bir istək duymağa başlayır. Boz olan həyatının bir anda daha da rənglənməyə başladığını hiss edir. Gizli görüşməyə başlayan aşiqlərin arasındakı tək maneə Kamilldir. Tereza və Loran Kamilli aradan götürdükdən sonra xoşbəxt və rəngarəng bir həyat yaşayacaqalarını zənn edirlər...bu xəyallarında belədir..ya gerçəkdə olacaqlar onların planı ilə üst-üst düşəcəkmi?...
Emil Zolyanın çox sərt ədəbi üslubu var. Yazıçı heçnədən çəkinmədən yazmaq istədiklərini yazıb, həm də qınanılmaqdan qorxmadan. Zolyanın yaşadığı dövr üçün çox səs küy salan bu roman tənqid atəşlərinə tutulsa da bu heç vaxt yazıçını yaradıcılıqdan soyutmayıb. Zolyanın elə bir qələmi var ki, o danışdıqca sanki obrazlarla bir masa arxasında oturur, birlikdə yaşayır və onlarla nəfəs alırsınız..Bu romanı oxuyanda nifrəti, ölümü, peşmançılığı, vicdan əzabını, bağışlanma istəyini, gecə kabuslarını çox dərindən hiss edəcəyinizə əminəm. Öz həyatında və düşüncələrində gizli əxlaqsızlar nümayiş etdirən insanların əxlaqsızlıq nümunəsi olaraq saydıqları bu tip romanlardan uzaq durması məsləhətdir.
Başqa bir romandan sitat gətirərək təhlili bitirmək istəyirəm:
" Ən çılğın ehtiras belə bir gün soyuyur. "