Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

432 syf.
8/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Mən niyə yaraşıqlı adamlara aşiq olmuram?
Bəlkə də, bu şərhim indiyə qədər yazdığım şərhlər arasında ən absurd başlığı daşıyan şərh olacaq. Amma olsun, hər halda söhbətə buradan giriş edirəmsə, bir bildiyim var. Mən hələ uşaqkən, müşahidələrimə əsasən - hansı ki, olduqca yaxından müşahidələr idi, - ətrafda mələk kimi görünən, ancaq içində sözün əsl mənasında bədheybət daşıyan insanların mövcudluğunun fərqinə varmışdım. Maraqlıdır ki, gördüyüm bu insanlar yaraşıqlı idilər və bu səbəbdən illər boyunca yaraşıqlı insanlara qarşı bəlli bir önyarğım yarandı. Çünki gördüyüm bu yaraşıqlı "bədheybət"lər məndə yetərincə travma yaratmışdı. Böyüdükcə tanışlarım arasında insana sadəcə görünüşünə görə duyğular bəsləyənlər oldu, mənsə davranışlarını müşahidə etmədiyim, səmimiyyətini görmədiyim insanlara qarşı xoşlantı belə duya bilmirdim, nəinki nələrsə hiss etmək. Ümumiyyətlə, kiminsə qüsursuzluğu mənə hər zaman qüsur kimi görünürdü, süni gəlirdi. Mənimlə oxşar qüsurlara sahib biri ilə yaxınlaşmağım daha olası idi, nəinki mükəmməl görünən biri. Mövzudan uzaqlaşmadan gələk bəhs etdiyim insanların xarakteristikasına. Bu tip insanların manipulyasiyasına şəxsən məruz qalmış biri olaraq, bəzi xüsusiyyətlərini sadalayım : • Önəm verdikləri əsas şey oyunun onların qaydalarına görə oynanmasıdır. Hər kəslə oyun yoldaşı olmurlar, xüsusi qrup və ya xüsusi insanlar üzərində hakimiyyət sahibi olmaqdan zövq alırlar. • Onların əsarətinə dözə bilməyib sərbəst iradənizlə hərəkət etdikdə bu, əsarətinizin daha da davamlı hal alması ilə nəticələnir. Məsələn, tutaq ki, cəzanız bir həftədir. Cəzanın bitməsinə 6 gün qalmış "axı mən niyə bu cəzaya məhkum olmalıyam?" tipli üsyan damarınız qabarır və nəticədə 1 gün sonra "qurtulacağınız" cəza 1 həftə daha uzanır. Amma əlbəttə ki, bu üsyan olmasa belə qurtulmayacaqdınız. Çünki əsarətdən qurtulduğunuz anda yenidən onlardan asılı olmağınız üçün səbəb yaradırlar, bunu məcburiyyətə çevirirlər. Onsuz da işin əsas manipulyativ tərəfi də budur. Nə ara, necə onların əsirinə çevrildiyinizi anlaya bilmirsiniz. • Verdikləri cəzalar sizə fiziki zərərdən çox, mənəvi zərər verir, gərginləşirsiniz, qorxu hissi yaranır və bəlkə də, ən dürüst insan olsanız belə, yalan danışmağı öyrənirsiniz. Onların təsirində qalma müddətinizlə artistlik qabiliyyətinizin artımı düz mütənasibdir. • Sizə bir insan kimi dəyər vermələrini gözləməyin. Olduqca narsistdirlər. Əgər sizə ara-sıra yaxşı davranırlarsa, bu, sadəcə olaraq oyunun bir parçasıdır, nahaq yerə ümidlənməyin. Sizinlə bağlı etdikləri bütün yaxşı şeylər, şübhəsiz ki, onların dediklərinə əməl edəcək halda olmağınız üçündür. • Bu insanlar ətrafda olduqca nəzakətli, sözünü bilən, həmçinin bəyənilən insan olurlar. Cəmiyyət onları çox sevir, ancaq cəmiyyətdəki halları sizin gördüklərinizin tam əksidir.  Siz onları müşahidə etdikcə bipolyar olduqlarını düşünə və dəhşətə gələ bilərsiniz. Hətta sizə qarşı davranışlarından dolayı özünüzdə qüsur axtarmağınız da istisna deyil. • Onlardan əsla qurtula bilməyəcəyinizi sizə xatırladarkən gözlərinizdəki çarəsizlikdən, sözün əsl mənasında, həzz alırlar. Ancaq sizi ayaqda saxlayan yeganə şey bu kabusdan bir gün qurtulmaqdır, elə deyilmi? Ya qaçıb iz itirərək, ya da... Öldürərək. Dediyim kimi, məcburiyyət yarandıqda dürüst olsanız belə, yalançıya çevriləcəksiniz, insan olsanız belə, qatilə dönəcəksiniz. Əgər ömür boyu ruhunuzun həbs edilməsi ilə barışsanız, alçaldılmağa və möhtac olmağa razı olsanız, bunlara ehtiyac qalmayacaq, təbii ki. Gördüyünüz kimi, bu qədər nüansdan sonra önyarğımın yaranması olduqca normaldır. Önyarğımın özü isə qeyri-normaldır. Söhbəti çox uzatmayım, dediklərimi kitabla əlaqələndirim, ən yaxşısı. Amma bir dəqiqə, kitabın tarixçəsini danışım öncə. Sizə maraqlı olmayacaq, yəqin ki, amma mən bu tarixçəni ara-sıra təkrarən oxumaq istəyirəm. Deməli, bu kitabla tanışlığım 2019-cu ildə Libraff'a ilk gedişimə təsadüf edir. O zaman iki kitabı oxumağı dəhşət dərəcədə arzulamışdım : biri Karen M. MakManus "Bizdən biri yalan danışır", biri isə bu kitab. İlk kitabı aylar sonra türkcə PDF olaraq tapıb oxudum, amma bu kitab PDF olaraq tapılmırdı ki, tapılmırdı. Tapılmadıqca içimdəki oxuma arzusu da daha çox artırdı. Kitabı alma şansım da olmurdu, çünki evdəkilər dərslərə adaptə olmağımı istəyirdilər, sifariş etməyimə icazə verməzdilər. Və nəhayət, bir gün dostumuz @Ayan2003 kitab alış-verişinə çıxanda bu kitabı da almağa qərar verdi. "Dostumun kitabı mənim kitabımdır" prinsipi ilə sevincimdən havalara uçacaq kimi idim. Həqiqətən də, bu prinsip özünü doğrultdu və budur, Ayan bu kitabı oxumadan artıq mən oxuyub bitirmişəm. Kitabın təməl sualından mövzusunu anlamaq o qədər də çətin olmur : "İdeal evlilik, yoxsa mükəmməl yalan?" Hadisələr Qreysin dilindən, indiki zaman və keçmiş zamanda - paralel şəkildə nəql edilir. Qreys danışdıqca ona mümkün qədər haqq qazandırmağa çalışırdım, amma tək bir məqam var idi ki, orada ilk dəfə Cekə qatıldım : "Məni yox, Millini seçməli idin, Qreys." Həqiqətən də, o seçimindən dolayı bir müddət "Qreysin başına nə gəlirsə, haqdır elə" deyə düşünüb durdum. Ümumiyyətlə, Qreyslə yalnız kitabın ikinci yarısında tam anlamda empatiya qura bildim, Ceklə tanışlıq ərəfələri, onun qərarları ilə həyatını başdan qurması və ilk yarıdakı başqa məqamlar məni qıcıqlandırırdı, hər nə qədər Qreys hamısının səbəbini açıqlasa da. Kitabın sonlarına doğru Qreysin dəyişimi heyrətamiz idi, amma həm də tanış hisslər idi. Yuxarıdakı nüanslardan da bəlli olduğu kimi, Cek kimi bir insanın əsarətində Qreysin aktrisaya dönməməsi mümkün deyildi. Kitabda Milli obrazını olduqca bəyəndim, Daun sindromlu olsa belə, əksər məqamlarda Qreysdən daha ağıllı davranırdı. Ester obrazı da xoşuma gəldi, amma açığı, yenə də tam şəkildə güvənə bilmədim. Və bir məqam daha : Cek öz adını seçərkən bu seçimini "Cek" adının kitablarda əksərən müsbət obrazlara xas olması ilə əlaqələndirirdi. Oxuduğum kitablar arasında bu kitabın, manyak baş obrazın adının Cek olduğu ikinci kitab olması xaricində problem yoxdur. Kitab maraqlı və axıcı idi, oxuyarkən sizi qətiyyən yormayacaq. Hətta əgər reading-slump dövründəsinizsə, tam da axtardığınız tipdə kitabdır. Son söz olaraq, deyə bilərəm ki, həyatınıza birini daxil edərkən zaman nüansına mütləq diqqət edin. Zaman və müxtəlif situasiyalar ən bariz şəkildə gizlədilmiş xarakterləri belə ortaya çıxarmağa qadirdir. "Yıldırım aşkı" deyib də 2-3 gün tanıdığınız biri ilə ailə həyatı qurmayın, xüsusən də ölkə potensial "Cek"lərlə dolu ikən. Sağ olun, kitabla qalın.
Bağlı Qapılar Arxasında
Bağlı Qapılar ArxasındaB. A. Paris · Teas Press Neşriyyatı · 2018445 okunma
··
715 görüntüleme
Tinuviel okurunun profil resmi
Əlinə sağlıq ! ✨
İnci Zadə okurunun profil resmi
Təşəkkürlər, diamant 🫂💜
Tinuviel okurunun profil resmi
Kitabı oxumaq üçün həm səbirsizlənirəm, həm də təsvir etdiyin insan, münasibət tipi ilə qarşılaşmaqdan qaçıram. Zaten məlum şəxsin dediyi kitab da, yaxşı bələd olduğum xarakterləri üzümə çırpır. Nə edirsiniz siz belə, istəmirəm😂😂
Tinuviel okurunun profil resmi
Bəzən deyirlər ya, əvvəldən başa düşməli idin filan. Bəzi maskalar çox güclü olur. Kənardan o qədər mükəmməl, ideal, qüsursuz görünür ki... Sənin də dediyin kimi, məhz belələrindən - qüsursuz görünəndən qaçmaq lazımdır. Çünki bu mümkün deyil. Qüsursuzluq təbiətə ziddir. Hər gücün zəif tərəfi mütləq olur, təbiətdə. Hər üstünlüyün də çatışmayan cəhəti. Bir insan, qüsursuzluğu yarada bilməz özündə. Sadəcə əks etdirə bilər. Aynanın digər tərəfinə də baxmaq lazım.
İnci Zadə okurunun profil resmi
Aha. Qüsursuzluğun bir növ qüsur olduğunu unutmamaq lazım. Əslində əksər şeylərdə belədir, sadəcə manyaklar üçün keçərli qayda deyil. Yadındadırsa, farmakologiya mühazirəsində müəllim bütün dərmanları mükəmməl əzbərləyə bilən, yaddaşı qeyri-adi bir şəkildə, çox güclü olan bir qızdan bəhs etmişdi. Sonra qızın psixi xəstəliyi meydana çıxdı, səhv etmirəmsə, dofamin səviyyəsi ilə əlaqədar problemi varmış. Sonunu eşidənə qədər qıza necə həsəd aparmışdıq, kaş bizdə də elə yaddaş olsa demişdik. Amma sonunu eşidəndə sözlərimizi də udmalı olduq. Mükəmməl görünən hər şey hər zaman mükəmməl olmur işte.
2 sonraki yanıtı göster
Tinuviel okurunun profil resmi
Oxuyan, anlayan insan üçün o qədər anlamı dərin, dolu bir yazıdır ki bu..
İnci Zadə okurunun profil resmi
Oxuyan və anlayanlar sağ olsun o zaman 🥂
1 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.