Gönderi

"- Ömür nədir ? - Belə anlarda Aliyə görürdü ki, onun sual vermək tərzindən Həmidin xoşu gəlir. Ona görə də həvəslə davam edirdi. - Ömür - bir ruhun məhbəs həyatıdır. " Ömür bir ruhun məhbəs həyatıdır " , - Aliyə öz-özünə cavabı təkrar edib, - nəsə anlamadım, çox qəliz oldu, - deyərək, tələsik növbəti suala keçdi : - Bəs ruh nədir ? - Ruh elə bir yüksəklikdir ki, ordan düşən sağ qalmır. - Həmid bunu ayrıca bir təbəssümlə dedi. - Zaman nədir ? - Zaman - ömrün sonunadək hamımızın hər gün xərcləyə bildiyimiz yeganə və ən dəyərli sərvətdir. - Qocalmaq nədir ? - Sən onu qocalardan soruş . Mən ki qoca deyiləm ! - Həmid gülümsündü . - Eyy , Həmid əmi, yaxşı da, deyin lütfən, mənə sizin fikriniz maraqlıdır . - Aliyə yalandan ağlamsınaraq inad etdi . - Bu dünyaya gəlmək ilk növbədə qocalmağa və ölməyə məhkum edilmək deməkdir. - Həmid ciddiləşdi. - Qocalıq Tanrının insana lütfüdür. Yəni insan bioloji o qədər qocalmalı, o qədər yorulmalıdır ki, ölüm onun üçün adiləşsin, qorxulu olmasın. Amma bu məhkumluqdan məhrum olan lar da çoxdur. Bu dünyada hamı ölür, amma hamı qocalıb ölmür. Bu mənada qocalıq ömrün heç də hamıya nəsib olmayan mərhələsidir. - Sizcə , insan daha çox nə vaxt yaşayır - uşaqlığında, gəncliyində, ya qocalığında ? - Bir insanın nə vaxt doğulub, nə vaxt öldüyünü çoxları bilə bilər. Amma nə vaxt yaşadığını yalnız onun özü bilər. - Yaşamaq nədir sizcə, Həmid əmi ? - Yaşamaq özü də bir yaradıcılıqdır. Hərədə bir cür alınan yaradıcılıq. - Bizləri görüşdürən bu dünya nədir bəs ? - Əslində, bu dünya görüş yox, ayrılıqlar yeridir. - Cavab verib , sonra astadan, öz-özünə əlavə etdi Həmid. - Biz bu dünyanı dərdlərimizdən tanıdıq, mutluluqlarımızdan sevdik, laqeydliyimizdən unutduq. - Ayrılıq nədir ? - Aliyə Həmidi fikrə getməyə qoymadı. - Ayrılıq çox pisdir. Bəzən ayrılığın qorxusu özündən daha dəhşətlidir. Ən pis ayrılıq sevdiyin insanlardan, bir də sevdiyin torpaqdan ayrılıqdır. Çox maraqlıdır ki, bəzən bizi bir-birimizə ayrılıqlar bağlayır. İstəmədən baş verən həqiqi ayrılıq insanları bir-birinə, insanı torpağa daha çox bağla yan həyat hadisəsidir. - Bağışlamaq nədir ? - Bağışlamaq yüksək keyfiyyətdir. Həmid yenə gülümsündü. - Fikir vermisənsə, bütün dinlər Allahı onun banisi adlandırır. Bu məntiqlə «Allah bağışlayandırsa, insan lar niyə bağışlamasınlar bir-birlərini ?» sualı yaranır. İnsan bağışlamağı bacarmalıdır . Amma , məncə , əgər bağışlama ğa həddən artıq meyllisənsə , ətrafındakılardan günahkar lar yaradacaqsan . Bağışlamaq o halda təhlükəli olmur ki, ətrafındakı istənilən adamı istədiyin vaxt silib ata biləcək qədər gücün var . İnsan həmişə bağışlamamalıdır. Axı o, Allah deyil. Bax bu dünyada şərin çox vaxt qalib gəlməsinin əsas səbəbi də xeyirin onu bağışlamasıdır... Bəzən Aliyə eşitdiyi cavaba ilişib qalırdı. Tam anlama dığı üçün onu beynində təkrarlayır, dərk etməyə çalışırdı. Amma tez də özünü cəmləyir, ürəyində «Yadımda saxlayıb gələn dəfə izahını istəyərəm», - deyib, tələsik növbəti sualı verirdi ki, söhbət qırılmasın : - Yaxşılıq nədir ? - Sənsən yaxşılıq, - Həmid Aliyəni cırnatmaq istədi. - Eyy, Həmid əmi, yaxşı də. Bax indi dişləyəcəm sizi ! Deyin ! - Yaxşılıq ən ali insan əməlidir. - Amma siz keçən dəfə demişdiniz ki, adamlara yaxşılıq eləsən, səni saymayacaqlar, pislik eləsən , zəhlələri gedəcək, heç nə eləməsən, borclu çıxardacaqlar. - Aliyə təbəssümlə üz - gözünü bürüşdürüb, başını yırğalayaraq öz hərəkətləri ilə indicə Həmidin səhvini tutduğunu nümayiş etdirdi. - Hə , demişdim. - Həmid pəncərəni bağlayıb kresloya əyləşdi. Amma seçim qarşısında qalanda, əlbəttə ki, yaxşılıq etmək lazımdır. - İnsan pislik edəndə nə olur ? - Heç nə. İnsan hər pislik edəndə insanlığını danmış olur. - Bəs günah nədir ? - Günah yaxşı əməl deyil. İnsan mümkün qədər günah işlər tutmamağa çalışmalıdır. Amma, məncə, günah da bir yaradıcılıqdır. Bütün günahların içində ani, həm də nəsə müqəddəs bir yaradıcılıq var, məncə. Ona görə də insan günahsız yaşaya bilmir çox vaxt. Yox, onu da demirəm ki, sən bilərəkdən gedib nəsə günah etməlisən ! Həmid şəhadət barmağını havada Aliyəyə tərəf silkələdi . - Sadəcə , bunlar mənim fikirlərimdir, səndən başqa da soruşan olsa, eyni cavabı verərəm. - Ən ağır cəza nədir ? - güldü Aliyə. - İnsanın içində çəkdiyi cəzadır ən ağır cəza. Canını yandıran yəni. Ən ağır cəza içdə çəkilir. - Can nədir ? - Can çox şirin şeydir , əgər kimsə acıtmasa.- Yenə gülümsündü Həmid. - Bəs... Bəs ağıl nədir ? - Ağıl yeganə sərvətdir ki , onu itirdiyindən insanın xəbəri olmur. - Gülümsünməyində davam edirdi Həmid. - İnsanın böyüklüyü daha çox nədən bilinir ? - Kiçikliyindən. Hər kəsin böyüklüyü yeri gələndə kiçilə bildiyi qədərdir. - Yəni sizin kimi. Yaşından-başından asılı olmayaraq hamını dinləyə bilirsiniz. - Aliyə bic-bic qımışıb tez növbəti sualını verdi ki, Həmid fürsətdən istifadə edib söhbəti da yandırmasın : - İnsan nə vaxt təslim olmalıdır ? - Olmalıdır, ya olmamalıdır ? Həmid qızın sualını dəqiqləşdirməsini istədi. - Olmalıdır. - Aliyə təkrar etdi. - Haqsız olanda təslim olmalıdır insan. Amma, məncə, təslim olmağa bəhanə axtarmaqdansa, ayaqda qalmağa səbəb tapmaq lazımdır həmişə. - Daha çox hansı insanlar təhlükəli olurlar ? - Laqeyd insanlar. Çünki onlar üçün heç nəyin fərqi olmur. - Bəs hansı insanlar daha çox təkəbbürlü olurlar ? - Hər an yaltaqlıq etməyə hazır olan insanlar. - Yaltaqlar kimlərdir ? - Ləyaqətsiz insanlar. Yaltaqlar ləyaqətsiz insanlardır. - Bəs ləyaqət nədir ? - Ləyaqət sənin başqaları qarşısında əskilmənə imkan verməyən dəyərlər sistemidir. Bir insan, məsələn, sənətkar olmaya bilər. Alim, yazıçı, şair də olmaya bilər. Amma ləyaqətli olmalıdır. Ləyaqət həm də sənin başqalarını əskiltmənə imkan verməyən üstünlüyündür. Yəni başqalarının ləyaqəti ilə oynayırsansa, demək, özününkünü itirmisən. Bu tövsiyəmi unutma. - Bu fikri bir dəfə Əsmərə də demişdi Həmid. Amma ona kinayə ilə demişdi. - Unutmaram. - Aliyə qımışdı. - İnanclı insanlar kimlərdir əslində ? - Xeyirxah insanlar. Başqalarına dəyər verən insanlar. - Ateist kimdir bəs ? - Ateist də Allah bəndəsidir. - Yenə Həmidin üzündə təbəssüm peyda olmuşdu. - Dəlilər kimlərdir ? - Dəlilər ağıldan azad olan insanlardır. Dəlilər içlərindəki uşağı tam azad buraxan insanlardır. Dəlilər... Sənsən dəli ! - Həmid Aliyəyə baxıb gülürdü. Aliyə də gülərək, dəli kimi başını sağa-sola hərlədib saçlarını üzünə dağıtdı. Sonra tez ciddiləşdi : - Ailə nədir ? - Hə, bu, çox ciddi məsələdir. Dünyanın ilk, ən ali institutu ailədir. Amma təəssüf ki, çox vaxt özü özünü dağıdır. - İkinci cümləni Həmid astadan , qaşları düyünlənmiş halda, öz-özünə dedi sanki. - Ədalət nədir bəs ? Yox, lazım deyil ! - Aliyə gülüb Həmidi cavab verməyə qoymadı. - Bilirəm, deyəcəksiniz ki, ədalət, dünyanın bir sözdən ibarət olan ən böyük nağılıdır, Adəmlə Həvva dünyanın ən xoşbəxt və arxalı yetimləri olublar, daha nələr, nələr ... Bunları demisiniz artıq . Kitab nədir bəs , Həmid əmi ? - Kitab bəşəriyyətin ən dadlı, xeyirli təamıdır. - Həmid təbəssümlə cavab verdi. - Lap mərci şorbası kimi ? - Aliyə zarafat elədi. - Lap mərci şorbası kimi. - Həmid də zarafat elədi. - Elmdən, kitabdan söz düşəndə nə deyirik ? - bu dəfə Həmid sual verdi. Aliyə sağ əlinin şəhadət barmağını havada yellədə yellədə gülərək , Həmidlə birlikdə təkrar etməyə başladı : - Ətrafdakılar nə qədər tərifləyib, çox savadlısan desələr də, bilgilərinə tam güvənməyəcəksən. Çünki bu tərif ətrafdakıların savadsızlığının, mütaliəsizliyinin nəticəsi də ola bilər... Söhbətin bu yerində Aliyənin telefonu zəng çalmışdı. Qızcığaz həyəcanla : - "Anamdır ! - deyib, stuldan dik qalxmışdı. - İndicə qapını döyəcək !"
Sayfa 86 - Qanun NəşriyyatıKitabı okudu
··
943 görüntüleme
Tinuviel okurunun profil resmi
Bu uzun "alıntını" onsuz heç kim oxumayacaq. Dursun, arada özüm təkrar baxacam...
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.