Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

236 syf.
10/10 puan verdi
·
57 günde okudu
Bəzən distopik əsərlərin rolunu küçümsəyirlər, distopik ədəbiyyatın faydalı olmadığı barədə fikirlər irəli sürürlər. Amma unutmamaq lazımdır ki, distopiyalar tamamilə reallaşa biləndirlər. Həyat distopiyalara doğru hərəkət edir və ola bilər intelegensiya və mədəni təbəqənin qarşısında distopiyalardan qaçmaq, daha az "mükəmməl", daha çox azad cəmiyyətə qayıtmaq üçün arzular və xəyallardan ibarət olacaq yeni yüzillik yaranacaq.(Berdyayev) Bəhs edəcəyimiz roman "Cəsur Yeni Dünya"dır. 20-ci əsrin ən konseptual antiutopiyası sayılan əsərdə müəllif bir sıra problemlərə, həmçinin cəmiyyət və insan hüquqları məsələsinə toxunub. İnsanlar istənilən sayda və şəkildə istehsal olunur, gələcəkdə nələr edəcək, nə düşünəcək, nəyi bəyənəcək, nəyə qarşı güclü olacaq, bir sözlə, insanı təşkil edən bütün ünsürlər, hiss və duyğular, insanı insan edən amillər doğuşdan ayarlanır. Müəllif insanların belə formalaşdığı cəmiyyətdə azadlıq anlayışını bu cümlələrdə verir: " Azadlıq xoşbəxt olmaq haqqını istəməkdir. Bizim cəmiyyətdə buna ehtiyac yoxdur. Çünki hamı xoşbəxtdir.." Həqiqətən də, insanlara bir an belə kədərli olmasın deyə, xoşbəxtliyi qalıcı etmək üçün "soma" adlanan dərmanlar verilir. Bu dərmanı qəbul edənlər kədərdən, qüssədən uzaq olur. Bu cəmiyyətdə ailə bağları deyilən şey yoxdur, sanki fəlsəfə, incəsənət kimi anlayışlar heç mövcud olmayıb. Bunlara azadlığı, xoşbəxtliyi aradan qaldıran amillər kimi baxılır. Məsələn, düşünürlər ki, ailə azadlığı əldən alır, asılı hala salır. Maraqlıdır ki, demokratik əsaslara malikmiş kimi görünən bu cəmiyyət müasirlik, texnologiya, birbaşa demokratiya adı altında sırınan totalitarizmi təbliğ edərək insan cəmiyyətini mexanikiləşdirib, öz istəyinə uyğun şəkilə salıb. Romanda gələcəyin totalitarizmindən işarələri görə bilərik. Yeni totalitarizm əcdadların despotizmi kimi olmalı deyil. Kütləvi həbslər, süni aclıqlar və müharibələr, məhdudiyyətlər artıq qeyri-effektivdir. Fiziki-psixoloji reallıqların dərki və insana qarşı tətbiqi əhəmiyyət qazanır. Odur ki, bugünkü totalitar sistemlər hələ də çox primitiv dərəcədədir.   Romanın hər bir cümləsini bir pikselə bənzətmək olar. Oxuduqca gələcəyin fotosu bir az da aydınlanır. Bu elə bir böyük fotodur ki, pikselləri artırdıqca yeni-yeni fotoların da var olduğunun fərqinə varırsan. Gələcəyin dünyasını görməyin asan yolu “Cəsur Yeni Dünya” romanıdır.    
Cəsur Yeni Dünya
Cəsur Yeni DünyaAldous Huxley · Başla Kitab Nəşriyyatı · 201460,1bin okunma
·
81 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.