Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

80 syf.
10/10 puan verdi
·
Beğendi
·
35 saatte okudu
"Əziz ata!"
Kafkanı oxuduqca insanı heyrət bürüyür. Bu gənc insanın yazdığı qaralamalarda narahatedici bir qaranlıq var. Bu qaranlığın mənbəyi hər adamda fərqli olur. Amma Kafkanın qorxusu hamımızın qəhrəman adlandırdığı varlıq - ata olub. Bir çoxumuz uşaqlıqdan bəri atalarımızın qurduğu ideallar çərçivəsində böyümüşük. Filmlərdən, həyatdakı şəxsiyyətlərdən özümüzə məqsəd seçib həmin insanlara oxşamağa çalışmışıq. Bu insanlar yaraşıqlı, fiziki gücü yetərincə olan, digərlərinə başçılıq edə bilən, yüksək vəzifələrdə işləyən, insanlardan hörmət görən bir şəxsiyyət olub. Hər birimiz özümüzü bu insanlara çevirməyə çalışmışıq, istəmişik ki, biz də onlar kimi həyatda hər şeyə çatmış olaq. Bir çoxumuz da öz atamıza oxşamağa çalışmışıq. Çox vaxt bu alınır, biz formalaşaraq öz atamıza bənzəyirik və atamızın yaşadığı həyatı biz də yaşayırıq. Atalar da öz oğullarının onlara bənzədiyini gördükcə sevinir, öz beyin ideologiyalarını kiməsə ötürə bildiklərinə görə özlərinə oxşayan oğullarını həmişə dəstəkləyirlər. Amma bəzi uşaqlar bu zənciri istəmədən qırırlar. Onların qəlbi kövrək olur. Qorxaq olurlar, zəif bədənləri atalarının istədiyi oxşamaya dözə bilmir. Bu insanlar tərəfindən "bədbəxt" hesab edilən uşaqlardan biri də Kafka olub. Atası Kafkanın özü kimi güclü bir şəxsiyyət olmadığı üçün həmişə əzib, alçaldıb, ona zəif şəxsiyyətinə görə təsəlli verməyib. Beləcə Kafka böyüyür və bir gün qərar verərək atasına məktub yazmağa başlayır. Bu məktubun atasından elədiklərinə görə intiqam almaq, yoxsa sadəcə bir etiraf olduğunu bilmirəm, lakin nəticə dəyişməz qalır. İlk öncə bizə elə gəlir ki, Kafka atasına nifrət edir, indi əlinə fürsət düşmüşkən bu nifrəti atasının üzünə çırpır. Amma kitabdakı sətirlər hərəkət etdikcə anlayırıq ki, üstündən uzun illər ötməsinə, ailədəki üstünlüyün Kafkaya keçməsinə baxmayaraq, o, hələ də atasından qorxur. Öz məktubunda hər atasına qəzəbləndikdə dayanır və bunun açıqlamasını verir, sanki qorxur ki, işlətdiyi söz atasını hirsləndirə bilər. Kafka bu məktubunda həm də özü ilə mübarizə aparır. Atasına hərdən haqq verir ki, özü, doğrudan da, günahkar olub və atasının onu alçaltmaqda ixtiyarı var. Lakin sonra yenidən fikrini dəyişərək günahı atasının yanlış tərbiyəsində görür. Beləcə, günah topu gah Kafkaya, gah da atasına atılır. Amma dəyişilməz son isə budur: Kafka özünün bu cür yetişməsinə heyifsilənir. Onun üçün sonda kimin günahkar olduğunu fərqi olmur.
Çevrilmə
Çevrilmə
əsərində Kafkanın çərçivəyə salınmış insan modelini atası onda yaratmaq istəyib, sonda isə alındıra bilməyib deyə sanki oğlundan inciyib. Kafkanın günahı özündə görməsinin səbəbi budur. Fikirləşir ki, yaxşı oğul ola bilməyib və bu dövrdə yaxşı oğul olmağı bacarmayanlar cəmiyyətdə də yaxşı personaj ola bilmirlər. Buna görə də həmişə insanlardan uzaq gəzib, atasının ona aşıladığı "sən ideal deyilsən" düşüncəsi onu tərk etməyib. Biz qıraqdan əsl günahkarın kim olduğunu hiss edə bilirik. Lakin ömrü psixi sarsıntılarla keçmiş Kafka bunlara atasının səbəb olduğunu, heç vaxt onun fikirlərinə hörmət etmədiyini bilsə də, içindəki uşaqlıq qorxusu onu atası ilə münasibətdə irəli getməyə qoymayıb. Əsl günahkar isə nə Kafka, nə də onun atasıdır, əsl günahkar bu cür atalar və bu cür oğullar yetişdirən yanlış qoyulmuş tərbiyə və dominantlıq sistemidir. Bu elə sistemdir ki, ataya həddindən artıq imkan verir və onu allahlaşdırır. Beləliklə, atalar heç cür özlərində günah axtarmır və digərlərini öz yoluna çəkməyə çalışır. Oğullarına da bunu təbliğ edirlər və öyrədirlər ki, ata həmişə düz yoldadır, söylədikləri həmişə doğrudur və onun fikirlərinə qarşı çıxmaq qəddarlıqdır. Hətta öz oğullarına heç zaman özləri kimi qalmalarına icazə vermirlər, uşaqlarını bacardıqca özlərinə oxşadırlar. Kimsə buna qarşı çıxırsa, demək, o pis övladdır, xeyirsizdir və heç kimə lazım deyil. Məhz bu sistemə görə oğullar iki yerə bölünür: atalarına oxşayanlar və natamam yaşayanlar. Beləliklə, bu oğullar böyüyür və heç düşünmədən bu sistemi qəbul edirlər, öz "yaxşı övlad" vəzifələrini layiqincə yerinə yetirdiklərini fikirləşərək cəmiyyət tərəfindən yaxşı hörmət görür və sevilirlər. Kafka kimi insanlar isə öz sınaqlarından kəsilərək atalarından zərbələr alır və həyatı qəmgin və sarsıntılarla keçirirlər. Frans Kafkanın "Atama məktub" əsəri illərdir davam edən və edəcək bu sistemin qaranlıq üzünün təzahürüdür. Lakin bu kitabı anlamayanlar olduqca bu belə də davam edəcək: yeni Kafkalar "yarımçıq" doğulacaq, "yarımçıq" yaşayacaq, "yarımçıq" öləcəklər.
Atama Məktub
Atama MəktubFranz Kafka · Qanun Nəşriyyatı · 202040,7bin okunma
·
118 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.