Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

128 syf.
10/10 puan verdi
·
Beğendi
·
18 saatte okudu
Kiçik Prins və kiçik insanlar haqda
Minillərdir yazılmış əsərlər arasında sadəcə biri var ki, o, kiçik bir planetdə, şüşə örtüyün altında saxlanmalı və hər şeydən qorunmalıdır. Bu zaman quzuya ağızlıq lazım gələcək. Axı, həyatda hər şey ola bilər. Uşaqlığımızı yada salaq. Qarışqaların sıra ilə düzülüb yük daşıması, ya da kiçik soxulcanın torpaqda itməsi bizə necə də maraqlı gəlirdi. Onları da öz səviyyəmizdə görürdük. Onların uğuru bizi də sevindirirdi. Bunların bir məntiqi yox idi, amma Kiçik Prinsin də dediyi kimi, yalnız uşaqlar nə axtardıqlarını bilirlər. Biz sevinc axtarırdıq, sanki bu sevinc istəyi bizə qocaldıqca yaşaya bilmədiyimiz xoşbəxtlik duyğusunun yerini verirdi. Lakin böyüdükcə maraq dairəmiz rənglərdən rəqəmlərə, xəyallardan materiyaya doğru yönəlir. Bitməyən rəqəmlərə baxmaq, yalnız əllərimizlə maddi varlıqlara toxunmaq bizi əsl duyğulardan uzaqlaşdırır və öz aludəçisinə çevirir. Getdikcə korlaşan qocalar isə kiçik qarışqalara baxdıqda dedikləri tək bir şey olur: "Belə boş-boş şeylərə baxmaqla vaxt itirə bilmərəm. Mən ciddi adamam və ciddi işlərim var" Halbuki bütün ciddi saydığımız işlər də hər biri xoşbəxtliyi xidmət etmir mi? Deməli, həyatın mənası xoşbəxtlikdir? Xeyr. Biz böyüdükcə xoşbəxtliyin mənasını da itiririk. Daha doğrusu, bağlı olduğumuz materiyanın mənasını get-gedə itiririk. Tülkü isə deyirdi: Sənin gülünü qiymətli edən ona verdiyin dəyərdir, beş min qızılgülün heç biri ona bənzəməz. Uşaqlar isə harda xoşbəxtlik axtardıqlarını bilirlər; onlar bütün ürəklərini yolda gördükləri qarışqalara verirlər, artıq həmin qarışqalar Yerdəki bütün qarışqalardan fərqlidir. Və onların öz yuvalarına yemək aparmağı başqa bütün qarışqaların işindən daha dəyərli və sevinclidir. Ekzüperinin Kiçik Prinslə tanışlığı bir çoxumuzu özümüzlə qarşı-qarşıya qoydu. Kiçik Prins öz təmiz bədəni ilə bizim nə qədər çirkləndiyimizi göstərdi. Onun muncuq kimi parlayan gözlərində qaralmış qəlblərimizi gördük. O bütün insan tiplərini bizə göstərərək fərqliliklərimizlə necə iyrənc göründüyümüzü göstərdi. Bütün kralların əslində heç kimə hökmlərinin keçmədiyini bilə-bilə yenə də hakimiyyət odu ilə yanmasını göstərdi. Kiçik Prins həm də bizə öyrətdi ki, öz planetində sadəcə saymaqla məşğul olan tacirlərdən heç cür fərqlənmirik. Bizə heç bir yararı olmayan maddiyatdan yapışdıq və onlara sitayiş etməyə başladıq. Halbuki, bəzən kiçik şeylər belə sayı-hesabı olmayan əşyalardan daha qiymətlidir, təki ona ürəyinizlə baxın. O həm də bizə özünü ilahlaşdıran şöhrətpərəst kimliyimizi də göstərdi. Həmçinin həyatda mənasızlıq içində batmış və gülüşünü itirmiş qaranlıq əyyaş tərəfimizə də güzgü tutdu. Sonra Yerə endi və insanlığın başqa bir tanrısı ilə tanış oldu: zaman. İnsanlar xoşbəxtlikdən daha çox zaman istəyirlər. Qatarlar getdikcə daha da sürətlənir, yeni həblər çıxır. Onda, həyatın mənası zamandır? Onlar yavaş hərəkət edən qatardan çölə baxaraq həyatı tanımaq istəmirlər. Amma uşaqlar nə axtardıqlarını bilirlər, onlar bu tanış dünyanı yenidən tanımaq istəyirlər. Qocalar üçün isə yalnız iki nöqtə var: başlanğıc və son. Məhz buna görə bir çox insan öləndə yenə heyifsilənərək gedir, axı onlar iki nöqtə arasındakı gözəlliyi görmədən gedirlər. İnsan xoşbəxtliyi zamanda da tapmır. Onlar gözəllik axtarır. Bəlkə, elə həyatın mənası gözəllikdir? Burada 5 min, daha uzaqlarda isə 10 min bir-birindən gözəl gül əkilir. Bu qızılgüllər bağçaya gözəllik verir. Sahibi onlara bağban tutur və onlar yenə də gözəlləşirlər. Amma bu insanlara bəs etmir, onlar bu gözəllikdə də xoşbəxt ola bilmirlər. Güllərin sayı artır, rəqəmlər artır, amma sevinc yenə gəlmir. Axı o gülləri heç kim əhliləşdirməmişdir. Kiçik Prins həm də bizə sevgini öyrətdi. Qızılgülünə və tülküsünə - dəyər verdiyi hər kəsə qeyri-ixtiyari sevgi göstərməyi. Lakin bu balaca oğlan insanların keçmişdən bəri gözdən qaçırdığı kiçik bir şeyin əslində nə qədər mənalı olduğunu göstərdi. Bu balaca şey ümid idi. Bəli, həyatın mənası - ümiddir. Həyat nə qədər çətin və ucsuz-bucaqsız olsa da, onun da harasındasa "bulaqlar" var. Məgər səhraları da gözəl edən bu deyilmi? Ümid elə bir mövhumdur ki, göydə kiçik bir ulduza bağlanarsan, amma o ulduz itdikdə təəssüflənməzsən, çünki göydə parıldayan bütün ulduzlar sənə onu xatırladar. Ümid elə bir qalxandır ki, dörd tikanın olsa belə, səni bütün yırtıcılardan qoruyar. Ümid elə bir hissdir ki, əgər ürəyini verdiyin şey saat 4-də gələcəksə, sən 3-dən sevincli olarsan, onun addımları sənə melodiya çalar, onunla yol yoldaşı olmuş küləklər səni isidər. Çünki, bir ümidin var: bu ümid - elə onun özüdür. O gəlməsə belə, sən sünbüllərə baxarsan və onu xatırlayarsan, bu sənə sevinc verər. Ümidini itirsən də, o səni heç vaxt itirməz, bəzən özünü bir-birinə oxşayan ulduzlarda göstərər, bəzən 5 min qızılgüldə, bəzən də sünbüllərin arasında. Kiçik Prins hər yeri ilə sizi ovsunlayan bir hekayətdir. Bizi özümüzlə tək buraxan bir nağıldır. Uşaqlar Kiçik Prinsi oxuyacaq, özünü tapacaq. Biz isə onu oxuyub boşa keçirdiyimiz uşaqlığımız haqda düşünəcəyik. Və yenidən o şəkilə baxacağıq. Görəsən bu, fili udmuş bir ilandır? Ya bu bir qaranlıqdır, onun içindəkilər isə bizlərik - kədər tərəfindən udulanlar? Amma qoca bizə cavab verir, xeyr, bu, sadəcə, ciddilikdir. Onda hər şeyi başa düşəcəyik. Başa düşəcəyik ki, əsas məsələ - həyatla mübarizə aparmaq yox, hər şeyə rəğmən ona baxıb gülümsəməkdir. Ümid edin ki, sönmüş vulkanınız bir daha alovlanmayacaq. Amma onu həmişə təmizləyin, axı, həyatda hər şey ola bilər.
Kiçik Prins
Kiçik PrinsAntoine de Saint-Exupéry · Qanun Nəşriyyatı · 2019234,6bin okunma
·
240 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.