Gönderi

533 syf.
8/10 puan verdi
·
12 günde okudu
- S p o i l e r -
Kitabı bağladıqdan sonra dərin bir nəfəs aldım, içindəki hər şeyi yaşayıb tamamlamış kimi. Oxuduğum ən ağır kitablardan idi. Yazılma üslubuna, texnikasına görə yox, obrazların zehnindən keçənlərə görə oxumaqda çətinlik çəkdim. Bəzi düşüncələrinə sonunadək qatıldım, bəziləri isə sadəcə olaraq mədəmi qaldırdı. Bu da yeraltı ədəbiyyatının gücüdür, yəqin ki. Əsəri "A Clockwork Orange"-yə çox oxşatdım, elə Hakan Günday da reference verir. Əsas fərq burada obrazlar hər şeyin fərqindədirlər, hətta normaldan daha çox. Obrazların hər biri haqda səhifələrcə analiz etmək, fikir yürütmək olar. Əvvəlcə özünü heç bir -izm sonluğuna aid etməyən nihilist təsiri bağışlayırlar. Kitabın əvvəlində Kinyas və Kayranı ayırd edə bilmirdim, tamamilə bütünləşmişdilər sanki, eyni gəlirdilər. Sonlarda isə artıq beynimdə müəyyən fərqlərlə cizgilər yaranıb yekunlaşırdı. İnsan təbiətinin gizlədə bilmədiyi bütün vəhşiliyi ortaya qoymaqlarından bu qədər iyrənmək təbiətimizlə bağlı həqiqətlərdən qorxmağımızla bağlıdır. Bəzi insanlar əxlaq kimi məfhumların müəyyən iplərlə çəpərləndiyini və bu iplərin əslində nə qədər incə ola bildiklərini gördükdən sonra ona qarşı etinasızlıq bəsləyir, bu, əsasən, düşüncədə baş verir. Məsələn, birdən beyninizə gələn axmaq və kriminal düşüncələriniz, həyata keçirməyəcəyinizi bildiyiniz halda mövcud əxlaqi dəyərlərin o tərəfinə keçmədiyiniz olub? Yoxsa düşüncələriniz də hər zaman məsum qala bilər? Bəs onları hərəkətə çevirən insanları sizdən ayıran nədir? Axı siz də axır-əvvəl etməsəniz də, ağlınızdan keçirmisiniz, bu sizi heç olmasa yarı-kriminal kimi hesab etməyimizə niyə əngəl olsun? Bəzi maraqlı gələn hissələrə keçək. Məsələn, Hakan Gündayın özünü əsərə daxil etməsi, möhtəşəm detal idi. Hətta sonda Kayranın ona yazılanları göndərməsi və olanların əslində bioqrafiya olma ehtimalı oxucunu həyəcanlandırır. Bəzən obraz kitab oxumağın mənasızlığından danışır və siz onun dediklərini kitabdan oxuyursunuz. Yenə çox maraqlı detallardan biridir, məncə, oxucu olaraq özümü hücuma məruz qalmış kimi və qəribə hiss etdim. Xüsusi qeyd etmək istədiyim məqamlardan biri isə, bənzətmələrin "on point" olmasıdır. Arada görəsən haradan ağlına gəlib deyə təəccüblənməmək əldə deyildi, metafor qabiliyyəti yüksək bir yazarı oxuyurdum. Əvvəl oxuyarkən mənfi düşüncələrlə başlasam da, bitirərkən Hakan Gündayın qələmini bir daha oxumaq istədim.
Kinyas ve Kayra
Kinyas ve KayraHakan Günday · Doğan Kitap · 202227,1bin okunma
·
180 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.