Oxu, tar, oxu, tar!..
Səsindən ən lətif, şeirlər dinləyim.
Oxu, tar, bir qadar!..
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu, tar!
Səni kim unutar?
Ey geniş kütlənin acısı, şərbəti –
Alovlu sənəti!
Oxu, tar! Mən səndə
İstənən havanı çala da bilərəm.
Mən səndən bugünün zövqünü
Ala da bilərəm.
Sən bu gün silahsan əlimdə,
Səni mən hansı bir hədəfə
İstəsəm, çevirə bilərəm,
Qəlblərdə gizlənən keçmişi
Bir yeni nəğmənin əlilə
Devirə bilərəm!