Saat 22:24. Kitabı indicə bitirdim. Elə bilirəm kitabın icmalını və haqqındakı düşüncələrimi yazmasam Coşqun Kərimov səhər ofisə gəlib məni qəşəngcə danlayacaq. Onsuzda ikimizin də ofisi eyni mərtəbədə fərqli korpuslardadır. İndi də elə bilirəm, hardansa baxıb deyir ki, “Murad duxun da var yazma!”
Yekəbaş düşündüyüm vaxtlarda elə bilirdim ki, Azərbaycanda yazan, yaza bilən, oxuyan yoxdur. Özümüzə yaxşı şeylər layiq görməməyin özgüvən əskikliyi olduğunu psixoloq olaraq bilirəm. Ancaq cəmiyyət olaraq özünü qiymətləndirmə problemi yaşamağımız sizə də sirr deyil deyə düşünürəm.
Belə danışacaq ən axrıncı adamsane Murad. Kitab oxuma vərdişini Elxan Elatlının Qanbay Qasımlısı, Ələmdar Məlikovu ilə qazanmısan da. Əslində onlar həmin dövr üçün pis deyildi. Ancaq Müşfiq xandan oxuduğum bərbad bir kitabdan sonra yeni nəsil yerli ədəbiyyatı oxumağı kənara qoymuşdum. Üstəlik bir neçə il akademik kitablara daha çox vaxt ayırmaq məcburiyyətində idim. Kvanı da onlar arasında fasilə olsun, Azərbaycan dilim üçün ideal seçimdir deyə düşünürdüm. Təbii ki, öncədən oxucu rəyləri almasam kitabı oxumağım müəmmalıdır. Kitabda Coşqun Kennedinin Berlin əhvalatından misal çəkir. Açığı mən də kitabı Coşqun özünə görə oxumuşam.
Keçən payızda Çayzadə görüşünə qonaq kimi dəvət etmişdi Fatma Coşqun bəyi. Hiss elədizsə bəy kəlməsini burda yazdım yalnız. Onda bəy idi mənim üçün. Tanımırdım. Ancaq ondan sonra Coşqun oldu. Bu özünü yaxın hiss etmək deyil. Hələ də siz deyə müraciət edirəm. Sadəcə adam mənim üçün doğmalaşdı görüşdən sonra. Kitabı oxuyanda bu doğmalığın bir neçə səbəbini tapdım.
Oxşar həyat hekayələri və ən əsası inadkar bir Azərbaycan gənci. Düzdür o şəhərdə mən kənddə böyümüşəm. Onun Amerikaya getməsi mənim heç tanımadığım Bakıya psixoloq olaraq gəlməyimə bərabərdir bəlkə də. Yaxud tələbə vaxtı işlə bağlı verdiyim qərarım. Ancaq bütün deyinənlərə inad öz xəyallarını gerçəkləşdirmək üçün gecəsini gündüzə qatan bir insan görürəm. Bəzən müəllif mənə güzgü tuturmuş kimi hiss edirəm. Kitabda ən çox gördüyüm şey isə etdiklərimi görməzdən gəlməyim və onları uğur olaraq belə saymamağım oldu. Öncəki günün, həftənin və ayın hesabatına geri dönmə qərarı aldım. Bəlkə kimsə alnıma silah dirəsə “get işinlə məşğul ol” deyərdim. Ancaq bu saat elə bilirəm Coşqun kvandan keçib beynimdə oturub. Ayağımı hər əyri qoyduğum vaxt məni danlayacaq. Bu hiss özü bəlkə kvandır.
Məni Coşquna çəkən ikinci və önəmli səbəb isə yazmaq istəyimdir. Açığı çox danışan, dolu danışmağa çalışan, insanların həyatına toxunacaq nələrsə etməyə çalışmağım bunu inkişaf etdirməyimə səbəb olub bəlkə də. Amma çox gözəl hissdir yazmaq. Əvvəlki məktəbli inşalarına oxşayan bloglarımla da tanış ola bilərsiniz. Özümdə olan dəyişiklikləri görürəm. Ona görə də o blogları silmirəm. Düzəltmirəm də. Onlar ilk göz ağrımdır. Həvəskar Muradın iç dünyasıdır. Mən ordan başlamışam. Onları itirsəm başlanğıcımı da unuduram deyə qorxuram. Yazdığım 3 hekayəm var. Heç kimə göstərməmişəm. Kvandan sonra onları bitirib yayımlamaq məcburiyyətindəyəm. İlin sonuna qədər ilk hekayə sizinlə olacaq. Ön oxunuş istəyənlər bu bloguma şərh yaza bilər.
Tanıyanlar bilir, bir yerdə dinc duran deyiləm. Hər zaman hərəkətdəyəm. Dağa gedirəm, futbol oynayıram, baxıram. Görüşlərə gedirəm, təlim keçirəm, kitab oxuyuram, blog yazıram. Video çəkirəm. Telegramda kitab paylaşıram. İşdən əlavə layihələrdə işləyirəm. Bildiyim tək şey var. Məni var edən dəyərlərim üçün etdiklərimdir. Neçə vaxtdır blog yazmırdım. İndi burda sizə söz verirəm. Hər həftə bir blog oxuyacaqsınız məndən. Gərçi mailinizə baxmasaz votsapınıza göndərəcəm yenə. Ta ki, siz də dəyərləniz üzrə işlərə başlayana qədər. Kvan pozitiv bir virusdur. Bunu indi məmnuniyyətlə sizə də bulaşdırıram. İki dəfə “white chocolate moka” (İnşaAllah ki, bu mərətin adını düz yazmışam) əvəzinə su için amma kitabı alın oxuyun. Çox danışıb spoiler vermək istəmirəm. Bir az da özüm etməmiş sizə danışsam “Coşqun nə deyər” deyə düşünürəm. Ona görə indilik bitirirəm.