Bir şəxs və 24 fərqli şəxsiyyət. Qeyri-adi və inanılmaz göründüyü qədər, həm də realdır. Çoxsaylı şəxsiyyət psixi diaqnozu qoyulan Uilyam Stenli Milliqanın (Billi) çətin, keşməkeşli, bir o qədər də əzablı və mən deyərdim ki, bir az da acınacaqlı hekayəsindən bəhs edən kitabda, Billinin uşaqlığından başlayaraq onun həyatı haqqında bir çox faktlar qələmə alınıb. Üzləşdiyi çətinliklər, ittihamlar, aldığı travmalar, ona qarşı edilən bir çox "pisliklər" və daha bir çox dözülməsi mümkün olmayan, hətta, hər insanın öhdəsindən gələ bilməyəcəyi vəziyyətlərlə üzləşməsi - Milliqanın həyatının nə dərəcədə dözülməz olduğunu anlamağa kömək edəcək. Hər biri digərindən, öz xüsusiyyətləri ilə kəskin dərəcədə fərqlənən 24 fərqli adam (onlar özlərini belə adlandırıblar). Bu fərqlərə yaş, fərdi xüsusiyyətlər, dini və etnik mənsubiyyət, həyat və düşüncə tərzi, həmçinin, müxtəlif maraq, bacarıq və qabiliyyətlər və təbii ki, bir çox sadalamadığım göstəricilər aiddir. (əgər yazsam yəqin ki, kitabın yarısını yazmalı olaram :) )Təkcə 24 "şəxsiyyətin" bir cisimdə birləşməsinin insanda oyatdığı maraq belə, bu kitabı oxumağa həvəs yaradır. Məzmun və yazı üslubu cəhətdən möhtəşəm və bir o qədər də axıcıdır. Qeyd etməliyəm ki, kitab real faktlar əsasında, həmçinin, Billi və onunla əlaqəsi olan 62 nəfərdən götürülən müsahibələr sayəsində ərsəyə gəlmişdir. Burada yazılanlar kitabdan daha çox, oxuyarkən, film kimi gözünüzdə canlanacaq real hadisələri əks etdirən bir həyat hekayəsidir. Nə qədər nevroloji xəstəlikdən əziyyət çəksə də, digər insanlardan böyük ölçüdə fərqlənsə də və hətta cəmiyyət üçün təhlükə belə yaratsa, nəticə etibarilə "İNSANDIR". Bəli, burada sadəcə Milliqanın həyat hekayəsi deyil, həm də bir çox insana, insanlıq dərsi verəcək mövzulardan bəhs edilib. Düşünürəm ki, hər bir şəxs cəmiyyət içində hörmət görməyə layiqdir. Ən azından hər kəsə bu şans ən az bir dəfə verilməlidir ki, özünü isbat etsin. Beləcə, həqiqətən mədəni bir cəmiyyətdə yaşadığımızın fərqinə vara bilərik !
Oxumağa dəyəcək və tövsiyyə etdiyim bir kitabdır.