Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

272 syf.
9/10 puan verdi
·
9 günde okudu
"Toplumun ahlaka aykırı saydığı kitaplar, topluma kendi ayıbını gösteren kitaplardır." İrlandiyalı yazar Oscar Wilde'ın bu əsəri kifayət qədər məşhur olsa da, mənim kitabın nə mövzusu, nə də hekayəsi barədə məlumatım yox idi. Yazarı tanımağın və kitabın yazıldığı dönəm haqqında məlumatlı olmağın əsəri düzgün anlamaqda xüsusi rolu olduğuna inanıram.Bu səbəbdən, əvvəlcə əsərin tarixi və hekayəsi haqqında qısaca məlumat verib, sonra isə düşüncələrimi bölüşəcəyəm. İlk dəfə 1890-cı ildə “Lippincott's Monthly Magazine" adlı jurnalda dərc edilən əsər, daha sonra kitab şəklində çap olunur. Yazarın tək romanıdır və bəzi mənbələrdə yazarın bu romanı antik Roma imperatoru Hadrianus və Antinousun arasındakı romantik münasibətdən ilhamlanaraq yazdığı qeyd olunur. Kitabın çapından sonra yazar həm cinsi orientasiyası səbəbindən, həm də kitabın əxlaqsızlığı təbliğ etməsi düşüncəsi ilə bir sıra təzyiqlərə məruz qalır. Bu olanlar dönəmin tanınmış yazarlarından olan Wilde-ın şöhrətinə kölgə salır və yazar bir neçə il sonra kasıb və yalnız halda həyata gözlərini yumur. Bir dilək dilədikdə onun gerçəkləşməsinin həyatımızda yaradacağı müsbət və mənfi təsirləri həqiqətən düşünürük mü? Dorianın sonunu gətirən ömür boyu gənc, təravətli, gözəl qalma arzusunu bəlkə də hər birimizin ömrümüzdə bir dəfə də olsa ağlımızdan keçirmişik. Kitabı oxuyub bitirdikdən sonra bu düşüncəni bir kənara qoyacağınızdan əminəm. Hadisələr əsasən, gənc, yaraşıqlı və özünəməxsus gözəlliyi ilə hər kəsi özünə heyran buraxan Dorian Gray, ona aşiq olmuş rəssam Basil Hallward və Hallwardın dostu, fikirləri ilə məni valeh edən aristokrat Lord Henry arasında cərəyan edir. Əsas personaj Dorianın daxili çaxnaşmaları, tez təsir altına düşməsi, zəif və ikili xarakteri, həzz, gözəllik və mükəmməllik axtarışı nə qədər mükəmmələ yaxın təsvir edilsə də, bir xarakter kimi Dorianı sevə bildiyimi və onunla xüsusi bir bağ qura bildiyimi deyə bilməyəcəyəm təəssüf ki. Doriana aşiq homoseksual xarakter kimi təsvir edilən rəssam Basil Halward sənətin gözəlliklə əlaqəsini izah edir, Dorianla sənətinə, rəsm əsərlərinə yeni bir canlılıq gəldiyini, Dorianın ona ilham olduğuna inanır. Fərqli fikirləri ilə oxucunu düşündürməyi bacaran Lord Henry bir qədər eqoist, bütün mövzularda radikal fikirləri olan bir aristokrat kimi təsvir edilir. Paylaşdığım alıntıların çoxu Henrynin fikirləri idi. Yazar Henry vasitəsilə gizəmli olmağın cazibəsi, sənət, inanclar, gözəllik anlayışı ilə bağlı bir sıra fikirlərini oxuculara çatdırır. "Peki ya sanat?" "Sanat bir illettir." "Aşk?" "Bir yanılsama." "Din?" "İnancın yerine geçen moda akımı." "Sen bir septiksin." "Asla! Septisizm inancın başlangıcıdır." "Nesin peki?" "Tanımlamak sınırlamaktır." Henrynin düşüncəsinə görə, hər birimiz bəzi günahlara (əgər günah deyə bir şey var isə) çəkilirik. Bu zaman ruhumuzun hər bir zərrəsi, iradəmiz avtomatik şəkildə həmin fəaliyyət yanlış belə olsa, onu etmək üçün hərəkətə keçir. Özgür iradəsi əlindən alınmış fərd bunu edərkən hətta xüsusi zövq duyur. Yazar bunun psixoloji səbəbləri barədə düşünməyi oxucuya buraxır, amma mənim hər birimizin içində olduğuna inandığım bu təhlükəli tərəfimizin insan həyatını necə dəyişdiyini, insanı gətirə biləcəyi son nöqtəni Dorianın yaşamı vasitəsilə oxucuya göstərir və seçimi ona buraxır. Bəs necə etməliyik? Həmin hissləri basdırmaq yoxsa qəbul edib dəyişməyə çalışmaq daha doğrudur? Henry burada basdırdığımız duyğuların zamanla ruhumuzu əsir aldığı, nə qədər gizlətməyə çalışsaq da , həmin tərəflərimizin yenidən üzə çıxdığını deyirdi. Yazarın cavabı hər birinizə aydındır məncə. Yazarın fəlsəfi yanaşmaları, sorğulamaları, müxtəlif mövzulardakı fikirləri ilə daha da zənginləşən kitab hekayəsinin orijinallığı və mövzusu etibarilə də diqqəti özünə çəkməyi bacarır. İnsan ruhunun ən qaranlıq tərəfləri, arzularımız və ehtiraslarımız gün üzünə çıxır. Hadisələr Dorian üzərindən təsvir edilsə də, hər birimizin yazarın deyişi ilə “ruhumuzu şeytana sata biləcəyimizi" və bunun mütləq bir bədəli olduğunu oxucuya çatdırır. Əsərə adını verən, Basilin şah əsəri sayılan Dorianın portreti əsərdə onun ruhunun aynasını , bəlkə də vicdanını təmsil edirdi. Dorianın gəncliyi və ilahi gözəlliyi onun məsumiyyətindən xəbər versə də, gizlədilmiş tablodakı Dorianın üzü, gözləri və dodaqları isə tam əksini deyirdi. “Bir hüznün resmi gibi, kalbi olmayan bir yüz.” Yazarının “bir ruhun hekayəsi” olaraq adlandığı “Dorian Gray'in portresi” fərdin məsumiyyətdən günahkarlığa, gözəllikdən çirkinliyə, yaxşı olmaqdan pis olmağa doğru keçidini göstərir. Xarakterlərin timsalında yazar bizi estetika, psixologiya, fəlsəfə kimi mövzularda fikirləri ilə tanış edir, müxtəlif cərəyanlara münasibət bildirir. Wilde həmçinin din adamları, İngiltərənin aristokrat cəmiyyətini, siyasətçiləri bəzən sətiraltı, bəzən də açıq şəkildə tənqid edir. Əsəri yazıldığı dönəmi nəzərə alsaq, bir sıra toplumlarda dilə gətirilməsi, yazılması hələ də tabu olaraq qalan bu tip mövzulara toxunmaq, ciddi tənqidlər etmək o dönəm üçün kifayət qədər cəsarət tələb edirdi.Əsərin yayımlanmasından sonra əxlaqsızlığı təbliğ etməsi iddiaları ilə yazar azadlıqdan məhrum edilir və romanın bəzi hissələri yazarın özü tərəfindən sansürlənir. Mənim oxuduğum İş Bankası Kültür yayınlarından olan kitab da sansürlənmiş versiyadır. Oxuduqdan sonra kitabın ilk halının( sansürlənməmiş) versiyanın da bir neçə yayınevi tərəfindən nəşr edildiyini öyrəndim. Bir neçə il sonra bəlkə yenidən həmin versiyanı da oxuyaram. Bir neçə razılaşmadığım fikirlə qarşılaşsam da ( xüsusən də qadınlarla bağlı, həmçinin xarici görünüş, günah işləmək və s. ilə bağlı), ümumilikdə zövq alaraq və hiss edərək oxudum. Kitabın mənə nələrsə qatdığını düşünürəm və oxumağı tövsiyə edirəm. Kitablarla qalın :)
Dorian Gray'in Portresi
Dorian Gray'in PortresiOscar Wilde · Türkiye İş Bankası Kültür Yayınları · 202372,7bin okunma
·
582 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.