Gönderi

Kənd tualetləri )))
Gecə, siz də bağışlayın, böyük bayırın gəlir, qalxırsan ki, gedəsən, yadına düşür, tualetə çatmaq üçün bir stansiya yol qət etməlisən. Əlində fanar, düşürsən aşağı, itlərin hürüşünün müşayiəti ilə bağa girirsən, gedirsən, gedirsən... Yol isə bitmək bilmir, üfiqdə tualet, zad görünmür. Bizim İmişlidəki kəndimizdə də tualetin uzaqlığı adamın əsəblərini relsdən çıxarırdı. Gəlin, lap əvvəldən danışım. Əsgərlikdən təzəcə qayıtmışdım, dedim, başımı dincəldim, kənd havası udum, yolu əlimə alıb uşaqlığımın keçdiyi kəndimizə yollanım. Onda baba evimizdə bircə bibim qalırdı. Gecənin bir vaxtı idi, o andıra qalmış tutma tutdu, qarnıma qurğuşun doldu elə bil, yerimdən durub qaça-qaça tualetə sarı götürüldüm. Tualet də uzaqdan az-maz görünür, ha deyirəm, çatacam, sevinirəm, görürəm, heç yolu yarılamamışam. O gün yalan olmasın, o tualetə gedən yol mənim üçün ən uzaq yol kimi göründü. Qaça-qaça bunu düşünürdüm özü də: niyə həmişə tualeti uzaqlarda tikiblər? Bu nə qəsdi-qərəzdi axı? Əsgərlikdə də eləydi, burda da belə. Evin içində tualet tikmək kimi böyük kəşfə imza atan o adsız qəhrəmanlara içimdə dua edə-edə həm də deyirdim ki, ay bibi, illərdir tək başına bu evdə yaşayırsan, adam evin içinə tualet tikdirməzmi? Şükür, tualetimizin finiş xəttinə çatıb nəfəs dərdim, içəri keçdim və... İşimi qurtarandan sonra əl atdım kağızlara. Nəsə kağızda yazılanlar mənə tanış gəldi. Hansısa kitabdan qoparılmışdı. Kənd tualetlərində bizimkilər həmişə kitabları tualet kağızı kimi istifadə edirlər. Artıq buna alışmışdım. Ancaq bu kitab səhifələri mənə tanış gəlirdi. Rusca idi, ərinmədim, əlimdəki vərəqi tez-bazar oxudum. Kim olsa yaxşıdır? Tolstoy. Özü də “İvan İliçin ölümü” əsəri. Heç insafdandır? Mən indi tualetimi edib, dünyanın ən möhtəşəm yazıçısının ən möhtəşəm əsərinin ən möhtəşəm səhifəsi ilə necə... Yaman yerdə axşamladım. Yaxşı ki o gün imdadıma aftafadakı su çatdı, bir də quru otlar. Evə qayıdıb hələ də yatmayan və nəsə toxuyan bibimə bütün əsəbimi tökdüm: - Tolstoyun kitabını tualetə qoymaq nə deməkdir? Utanmırsan? Ayıb deyil? Dünyada 5 yazıçı varsa, biri Tolstoydur. Başa düşürəm, tualetə kağız qoymalısan. Heç olmasa o qədər mənasız kitabı çıxan adam var, onlarınkını qoy. Tolstoy da yox da. Beynimə qan sızacaq e. Ay insan, niyə Tolstoyun kitabını ora qoymusan? Bir açıb baxardın da. Özü də “İvan İliçin ölümü” əsəri e... Əməlli-başlı dastan açdım, bibimi yaş yuyub quru sərdim, dedim, atam ona görə əlinizdən qaçıb şəhərə gedib, siz Tolstoyu tualetə qoyan insanlarsınız, sizdən hər cür xəta gözləmək olar. Bibim, sakitcə mənə qulaq asdı, asdı, sonra da məsumca dilini sürüdü: - Vallah, ən qalını o idi... Bunun kitaba münasibətinə bax. Ən qalını o imiş. Daha burda sözüm yoxdur.
·
389 views
Vüsale okurunun profil resmi
🤭
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.