Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

512 syf.
9/10 puan verdi
"Muncuq Oyunu" nun əsasını musiqi və yoqa təşkil edir. İlk səhifələrdə bu barədə, oyunun tarixi haqqında məlumat verilir. Sonrasında Muncuq Oyununun magister ludisi olmuş Yozef Knextin həyatına nəzər salırıq. Knext almanca xidmətçi deməkdir. Əsərdə xidmətin ucalığı vurğulanır. Knexti magister ludiyə aparan yolun maraqlı olacağını düşünmüşdüm. Muncuq oyununda şəxslər önəmli olmadığı üçün Knextin həyatı barəsində məlumatlar tanışları və ya məktublar vasitəsilə bilindiyi qədəri oxucuya çatdırılır. Knext obrazı bu halda kölgələnmiş olur. Knext həmdə soyuq obrazdır. Magister Ludi vəzifəsi onunla dostları arasında məsafə yaradır. Həmçinin oxucu da obrazdan uzaqlaşır. Kim olursa-olsun az ya çox vəzifə, güc, hakimiyyət onunla ətrafı arasında görünməz çəpər salır. Knext dostu Dzenyori ilə illər sonra görüşəndə keçmişdə başlarına gəlmiş bir hadisəyə gülür. Halbuki həmin hadisə hələdə Dzenyori üçün kədərlidir. Knext gülməyini hadisənin üstündən çox vaxt keçməsinə bağlayır. Yazıçının bir obrazın soyuqluğunu bu qədər real şəkildə təsvir etməsini alqışlayıram. Əsəri oxuduqca "Muncuq Oyunu" nun nə kimi xeyri olduğunu sorğuladım. İnanın zərrə qədər önəmli, xeyri dəyən oyun olmadığı qənaətinə gəldim. Kitabın bir hissəsində dövlətin "Muncuq Oyunu" na ödədəyi pulu kəsəcəyindən bəhs edilirdi. Dövlətin pulu silaha xərcləmək ehtimalı var. Əsərin baş qəhrəmanı Knextdə bir yerdən sonra "Muncuq Oyununun" faydasız məşğuliyyət olduğunu düşünür. Rəhbərliyə magister ludilikdən azad olunması üçün məktub yazır. Knext təbiətcə azad ruhlu insandır. "Narsis və Qoldmund" əsərində də Qoldmund azad ruha malikdir. Hessenin yaradıcılğında (üç kitabını oxumuşam) azadlıq, yaşamaq əsas temadır. Azad ruhlu Knext ( oyunçular istədikləri qədər elmi işlə məşğul ola bilər) başda onu magisterliyə aparacaq yola tezliklə girmək istəmirdi. Musiqi ustadı onu tələsdirir. Musiqi ustadını nirvanaya çatmış şəxs adlandırardım. Çox - çox qayğıkeş, ətrafa nur saçan, varlığı ilə xoşbəxtlik yaradan obrazdır. Adamın obraz deməyə də gəlmir. Knext nə qədər soyudursa, musiqi ustadı bir o qədər parlaqdır, mən deyərdim günəşin özüdür. Hessenin kitablarını oxuyanda qaynar, çağlayan həyatın içində olmaq istəyirəm. Kitabı yarım qoyub özümü küçəyə atmaq, əldən düşənə qədər gəzmək keçir könlümdən. Ən çox sevdiyim "Yalquzaq" əsərində çox pessimist ab-hava hökm sürür. Buna baxmayaraq günəşin parlaqlığını görmək və istiliyini hiss etmək olur. Yazıçının kitabı barəsində deyir: "Əlbəttə, mənim bu hekayətimi necə başa düşməyi əvvəlcədən oxucunun boynuna qoya bilmərəm və heç istəmirəm də. Qoy kim necə istəyir, elə də başa düşsün, nə lazımdırsa, onu da götürsün. Ancaq kaş onların çoxu görəydi ki, Yalquzağın hekayəti xəstəlikdən, böhrandan danışsa da, insanı ölümə, fəlakətə deyil, sağlamlığa, dirçəlişə doğru səsləyir”. Bu məqamda həmin əsərdən sitat gətirmək yerinə düşər: "Gülməyi öyrənməlisiniz – sizdən tələb olunan bax budur! Həyatın yumorunu – bu həyatın kədərli yumorunu anlamalısınız! Siz isə tələb olunan şeydən başqa dünyanın hər işinə hazırsınız! Qızı öldürməyə hazırsınız! Təntənəli edama hazırsınız! Yəqin ki, hələ yüz il də özünüzü döyməyə, qamçılamağa hazır olacaqsınız… Elə deyil?" "Narsis və Qoldmund" əsərindən də bir sitat gətirməyi özümə borc bilirəm: "Mənə elə gəlir ki, gül ləçəyi, ya da xırda bir cücü bütöv bir kitabxanadan daha çox şey deyə bilər, - bir dəfə söylədi. - Hərflər və kəlmələrlə çox şey deyə bilməzsən". Yuxarıda qeyd etdiyim sitatlarsız "Muncuq Oyunu" əsərini, bir növ Hesseni anlamaq olmaz. İlk dəfədir ki, bir yazıda sitat gətirərəm və gətirdiyim sitatların yazıçının digər əsərlərindən olmağı məncə Hesseni oxumaqda maraq yaradacaq. "Narsis və Qoldmund" əsəri Hesse ilə tanış olmaq üçün uyğun kitabdır. "Muncuq Oyunu" əsərini isə min adamdan biri bitirə bilər ya yox. Göz bəbəyim olan "Yalquzaq" əsərini isə mütaliə bazası olan oxuculara tövsiyə edirəm. Sonda qeyd edim ki, kitabda "Muncuq Oyunu" əsərindən əlavə Knextin üç tərcüməyi halı yer alır. Nağıl tərzində yazılmış bu tərcüməyi halları ləzzətlə oxudum. P.S Kitabda bir iki yerdə ciddi səhvlər olduğunu düşünürəm. Sadəcə türk dilində axtarıb tərcüməni qarşılaşdırmağa səbrim yoxdur. Bəlkə də səhvəm. Kitabda şeir yerinə şer yazılması kitabdan onsuz adamı soyudur...
Muncuq Oyunu
Muncuq OyunuHermann Hesse · Əli və Nino və Qanun Nəşriyyatı · 2014700 okunma
·
117 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.