Gönderi

128 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 8 hours
Siçanlara ithaf
"Elə-belə siçandır, Corc" Spoiler 30-cu illər. Böyük böhran. Aclıq və səfalət. Bir də siçanlar.
John Steinbeck
John Steinbeck
1937-ci ildə dünyanı daha bir əsər ilə tanış etdi. Amma bu dəfə məsələ daha qəlizdir. Con və Lenni Qərbi Amerikada pul qazanmaq ümidi ilə yola çıxmış muzdlu işçilərdir. Külək onları hər dəfə başqa istiqamətlərə tullayırdı. Con zəkalı və hiyləgər bir insandır. Lenni isə əksinə, ağıldan kəmdir və həmişə bir "dayə"yə ehtiyac duyur. Bir-birinə zidd bu iki insan talenin onlara çəkəcəyi yolu gözləyirdilər. Onların bir-birindən başqa heç kimləri yoxdur. Con hərdən Lennini danlasa da, ona dəyər verən tək insanın da Lenni olduğunu anlayırdı. Lenni də öz yumşaq ürəyi ilə Conun könlünü almağı bacarırdı. Bu iki kiçik insan sizə bir parça çörək axtarışına düşmüş səyyahları, pulun izi ilə gedən ləpirçiləri və ya amansızca işlədilən kölələri xatırlada bilər. Amma bu iki vətənsiz insanı bütün digər rəncbərlərdən ayıran iki şey vardı: sevgi və xəyal! "Çünki... çünki mənimçün sən varsan, səninçün də mən" Onlar pul yığaraq özlərinə bir ev almağı arzu edirdilər. Heç kimdən asılı olmayaraq tərəvəz yetişdirmək və dovşan saxlamaq xəyalı ilə işə qoyulmuşdular. Kiçik toxuma bənzəyən bu dünyanın bərkimiş divarlarını qıraraq kənara çıxmaq istəyirdilər. Lenni və Con yeni bir iş tapırlar. Burada elə də çox insan yox idi: ranço sahibi, onun ərköyün oğlu və arvadı, əldən düşmüş qoca, adam yerinə qoyulmayan bir zənci və əsas söz sahibi mehtərlə köməkçisi. Burada hər şey normal görünürdü. Amma Conu nə isə narahat edirdi. Qıvırcığın Lenniyə olan nifrəti onları burada çox saxlaya bilməzdi. Lenninin dinc dayanmayacağını bilən Con da ona bir iş tutduğu zaman gecələdikləri çay kənarına gəlməsini tapşırdı. Hər şeyi yenidən başlayardılar, axı ayağa durmağı bacaran insanın yıxılmaqdan qorxusu olmur. Uzundraz isə yeni gələnlərə qayğı ilə yanaşır və onların rahat olması üçün şərait yaradırdı. O, ağıl və gücün puldan nə qədər üstün olmasının simvolu idi. Qoca isə son günlərini yaşayan, heç bir zaman özünü şəxsiyyət kimi görməmiş bir fağırdır. Özü kimi bir iti də var, küçüklükdən bəri böyütdüyü və bağlandığı bir it. İt üçün yaşamaq ona artıq bir əzab idi. Buna görə də, Karlson onu öldürərək ev sakinlərini itin yaydığı iyrənc qoxudan qurtarmaq və köpəyin çəkdiyi əzabı bitirmək istəyirdi. Nə də olsa, o da düşüncəli bir insan idi. Bəs gülləni kim vurmalı idi? Karlson, yoxsa Plüm? Bu it ona bağlı öz sahibinin, yoxsa ondan bezən bir işçinin əliyləmi? İti Karlson öldürür. Bir neçə saniyə içərisində. Amma Plümün çəkdiyi əzab bir neçə saniyə çəkməyəcəkdi. Bir axşam Qıvrımsaç yenidən Lenniylə baş-başa gəlir. Amma bu dəfə o, əzələli qolların işə saldı. Lenni qorxu və qan içərisində əzab çəkərkən Corc ona hər şeyi dəyişəcək cavabı verir: "Vur!" Qıvrımsaç Lenninin iri əlləri arasında məğlub olur. Bu hər şeyin başlanğıcı idi. Bu toxumun divarlarını sındıran ilk zərbə idi. Zəifin güclüyə, aşağının yuxarıya, çərçivəsiz xəyalın çərçivəli gerçəkliyə qalibiyyəti idi. Artıq heç bir şey eynisi kimi olmayacaqdı. Qıvrımsaçın arvadı əsərdə heç adı çəkilməyən, o kiçik rançoda yaşamağa məcbur edilmiş bir qadın idi. Öz azad ruhunu heç cür sevdirə bilməyən, başqalarının gözündə həmişə küçə qadını gözündə qalacaq bir gözəllik abidəsi kimi var olmuşdu. Onun Lenni ilə söhbətində də anlamışdıq ki, o, əslində, elə Lenniyə bənzəyirdi. Bəs hansı daha çox xoşbəxt olmağı bacarmışdı? Ağlı azad, ürəyi zindan olan qadınmı, yoxsa ağlı zindan, amma ürəyi və ruhu sərhədsiz Lennimi? "Çünki mən zənciyəm. Özləri kart oynayır, məni qoymurlar oynamağa. Zənciyəm axı. Deyirlər ki, məndən iy gəlir. Əslinə qalsa, özləri məndən daha dəhşətli iy verirlər" Zənci burada çoxdandır ki, var. Artıq beli bükülüb. Və ortaya bəşəriyyətin qara peşmanlığı - irqçilik ortaya çıxır. Heç zaman ağ insanlardan yaxşı münasibət görməmiş, təklikdə boğulmuşdu. Və yaşadığı bu dünyanın bir qanununu yəqin etmişdi: heç zaman ağlardan mərhəmət ummayacaq və öz "qara" kainatını yaradacaqdı. Amma bir gün bu kainata Lenni daxil olur. Zənci təəccüblənərək onu nə qədər başından etmək istəsə də, alınmır və ikinci - son qırılma baş verir. Bir ağ və bir qara at tövləsində söhbət edirdilər. Lenni isə bunu başa düşmürdü, axı o buralı deyildi. Həyat bu iki zərbəyə dözə bilmir və qəzəblənərək Lenniyə öz həmləsini edir. "Ardını söylə, Corc. Danla məni, danla..." Həyatda bəzi nəticələr eyni olsa da, təəssüratlar hər zaman dəyişər. Dostuna hədiyyə aldıqda onu hansı hisslərlə alır insan? Nifrətlə, ya sevgiylə? Kiməsə kömək edəndə bəs? Qayğı iləmi, yoxsa vecsizlikləmi? Əsgər düşməni öldürən zaman gülləni hansı düşüncələrlə vurur? Qocanın iti öləcəkdi. Onun bu dünyada zamanı bitmişdi. Amma o mərhəmətlə öldürülmədi. Karlson gülləni onun başına nifrətlə, qəzəblə çaxdı. Halbuki qoca öz itini mərhəmət göstərərək bu icazəni vermişdi. Lakin cəsarəti çatmadı, özünü itinin qarşısında günahkar hiss etməmək üçün silahı əlinə almadı. Amma sonradan anladı. Anladı ki, onun iti bu dünyanı hisslərin törətdiyi amansızlıqla tərk etdi. Qocanın düzəltdiyi heykələ balta nifrətlə çırpıldı. Bunu orada təkcə Plüm yox, başqa biri də anlamışdı. Con və Lenni bu dünyada ümid ilə yaşadılar. Onlar həmişə bir evlərinin olacağı arzusu ilə nəfəs aldılar. Amma oyun sona çatmışdı. Pərdə enirdi. Bu tamaşa kədərli bitəcəkdi. Amma pərdə enəndə alqış sədaları eşidilməli idi. Qəzəb qışqırıqları yox. Con qocanın səhvini etməyəcəkdi. Lenni Qıvırcığın nifrətinə yox, onun sevgisinə məğlub olacaqdı. Onlar artıq bir siçan idilər, həyatsa onları sığallayarkən bellərini qırmışdı. Və son akkordlar: silah, tətik və əbədi qaranlıq.
Siçanlar və Adamlar
Siçanlar və Adamlar
ədəbiyat tarixinin qızıl bir səhifəsinə çevrildi. Heç zaman unudulmadı, heç zaman köhnəlmədi. Bizə külli-aləmi rəsm etdi. Ağılları və ürəkləri, dovşanları və kolları göstərdi. Bir də, həyatları və siçanları. "Amma, balaca siçan, tək deyilsən ümidlərinin puç olmasında: Siçanların və insanların ən yaxşı planları tərs gedər həmişə, Və vəd edilən xoşbəxtlikdən geriyə heç nə qalmaz əzab və kədərdən başqa. Yenə də bəxtlisən mənə görə!"
Siçanlar və Adamlar
Siçanlar və AdamlarJohn Steinbeck · Qanun Neşriyat · 0172.9k okunma
·
112 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.