Gönderi

2010-ci il idi. Gərək ki, ikinci sinifdə oxuyurdum. Üstündən 13 il keçməsinə rəğmən dünənki kimi yadımdadır. Atam evə bir kitab gətirmişdi, 8 yaşlı uşaq üçün çox qalın hesab oluna bilərdi. Yuxarı küncünə qızılı hərflərlə "Nobel mükafatçısı" yazılmışdı, bu mükafatın keyfiyyətli əsərlər üçün verildiyini bildiyim üçün bu kitabı oxumağa həvəsli idim. Həm də oxuduğum ilk kitab olacaqdı.. Adətən gizlicə oxuyurdum, ya otaqda heç kim olmayanda, ya da hamı yatanda. Çünki uşaq ağlı, tərifdən utanırdım.. Kitab çox mütəəssir etmişdi məni, sonralar müəllifin də, kitabın da adını unutdum, amma baş qəhrəmanın adı yaddaşımda özünə məxsusi yer ayırmışdı: İsaak. Onun başına gələnlər, tənha meşədə özünə yaşayış qurması addım-addım yadımdadır, aradan keçən illər sadəcə kitabın və müəllifin adını unutdura bilmişdi Üstündən bir neçə il keçəndən sonra o kitabın axtarışına çıxdım. Müəllifini və adını unutduğum kitabı nə qədər axtarsam da, axtarışlar fayda vermədi. Hətta kitabın alındığı rayon kitabxanasına yollandım, kitabxanaçı böyük ehtimal, tanışlıqla işə düzəlmiş adam idi, ya da mən istəyimi ifadə edə bilməmişdim, "Nobel mükafatçısı", "Baş qəhrəmanı İsaak" açar sözləri bu kitabı tapmağa kömək etmədi Bayaq sırf təsadüf nəticəsində bir post qabağıma çıxdı, nasizm dəstəkçisi məşhur yazıçı Knut Hamsuna xalqın etirazı ilə bağlı. Post xoşuma gəldi, paylaşdım, ən azı xalqın etiraz mədəniyyəti təqdirəlayiq idi. Hamsun adını çox eşitsəm də, əsərlərini oxumadığım üçün özümü yamanladım, internetdə haqqında axtarış etdim Heç nə, qabağıma "Torpağın bərəkəti" romanı çıxdı. Qısa məzmunu oxuduqca keçirdiyim nostalji hisləri sözlə ifadə edə bilmərəm. Bu həmin kitab idi... Çox sadə, bəsit görünə bilər, amma 2-ci sinif şagirdinin - hərfləri qoşub cümlələri oxumağı təzəcə öyrənmiş bir uşağın mütaliə etdiyi ilk kitabın onun üçün necə əhəmiyyətli, necə dəyərli olduğunu, uzun illər sonra sırf təsadüf nəticəsində qarşısına çıxmasının verdiyi sevinci təsəvvür etmək çətin olmaz, məncə.. Məni mütaliəyə öyrətdiyin üçün ruhun önündə səcdə edirəm, Hamsun!:)
·
51 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.